AZ

Helsinki Yekun Aktı: Təhlükəsizlik 49 il sonra təhlükədə

II MƏQALƏ

Təhlükəsizlik fəlsəfəsinin iflası?

Siyasi liderlərin, alimlərin, geostrateqlərin xəbərdarlıqlarına baxmayaraq, böyük güclər əsas arqument kimi özlərinin güc potensialına hələ də üstünlük verirsə, bu, Qərbin siyasi şüurunda təhlükəsizlik fəlsəfəsinin iflası deməkdir. Çünki öncədən aydındır ki, sənədlərdə yazılanların ruhuna və mahiyyətinə uyğun olmayan faktorlara söykənilirsə, heç zaman təminatlı təhlükəsizlik dünyanın heç bir ölkəsində təmin olunmayacaq.

Üstəlik, müxtəlif bəhanələrlə müstəqil dövlətlərin hüquqları pozulursa, haqları və suverenliklərinə qəsd olursa, ümumiyyətlə, hər hansı qalıcı təhlükəsizlik və perspektivli əməkdaşlıq platformasından danışmaq ciddi görünmür. Müəyyən müddətdə uğurlu olan platformalar subyektiv və qərəzli münasibət və ya zora üstünlük verən siyasi mövqe yaranan andan hər şey puç olub gedir. Dəfələrlə təcrübə bunu sübut etmişdir.

Bu acı reallıq prizmasında Helsinki Yekun Aktının prinsiplərinə baxanda qəribə bir mənzərə alınır. Həm də artıq 50 ili yaxalayan bir müddətdə özünü dünyanın “başbilənləri” sayan ölkələrin qərəzli, riskli, süni və nəticədə yarıtmaz fəaliyyətinin meydana gətirdiyi mənzərə bəşəriyyət adına utancvericidir. Budurmu Qərbun demokratik ruhu, Çinin “harmonik ruhu”, Rusiyanın “rus dünyası” iddiasının mahiyyəti?

Xoşa gəldi və ya gəlmədi bəşəriyyət bu kimi suallara əvvəl-axır vicdanla cavab axtarmalıdır. Milyonlarla günahsız insanın qanının axıdılması, onların həyatlarını itirməsi, yurdundan, ailəsindən, sevdiklərindən məhrum olması nəticəsizmi qalacaq? Bunun cavabını kimlər verəcək? Özünü güclü sayan dövlətlərin liderlərimi? Yaxud özünü çoxbilən kimi qələmə verən hiyləgər geostrateqlər və diplomatlarmı? Bəlkə, kəşfiyyat təşkilatları cavab veməlidir? Ola bilsin ki, kimlərsə süni intellektə arxalanır?

Hər nə isə, bütün bunlar dərindəki və fundamental səbəblər deyildir. Problemin kökü ondan ibarətdir ki, çox sayda dövlətlər yığılıb yüksək səviyyəli sənədlər qəbul edirlər. İmzalanma masasından qalxan kimi nə vədlərinə, nə imzalarına, nə də orada yazılmış müddəalara hörmət edirlər. Onları bütün prinsipial məqamlarda pozurlar! Bunun adı riyakarlıqdır, yaxud dövlət marağıdır – bizim üçün elə fərq etməz. Çünki ortada insan həyatı, millətlərin taleyi və bəşəriyyətin vicdanlılıq məsələsi vardır. Belə isə başqa faktorların elə bir əhəmiyyəti qalmır. İnsan yoxdursa, həyat yoxdur, var ola bilmək şansı yoxdur!

Təhlükəsizlik fəlsəfəsinin iflası, bütövlükdə, bəşər övladının azadlıq perspektivinin iflasıdır! İnsan isə yalnız azad olmaqla əsl həyat sürə bilər! İndi, təsəvvür edək, zora əsaslanan və özünü böyük sayan dövlətlər öz ayaqlarının altını necə qazırlar!

Alternativ axtarışlar hüququ

Əziz oxucu, sizə qəribə gəlməsin, ancaq qəbul etmək gərəkdir ki, “kimlərsə” müstəqil dövlətlərə alterantiv təhlükəsizlik modelləri axtarmağa haqqının olub-olmamasını müəyyən etmək iddiasına düşmüşlər. Və artıq onilliklərdir k, müxtəlif üsul, bəhanə, şantaj və hədələrlə real alternativ gücün formalaşmasının qarşısını alırlar. Hətta qan töküb, bunu başqasının üstünə atmaq kimi insana yaraşmayan hərəkətlərdən əl çəkmirlər. Dünyanın hər yerində cəmiyyətin bütün təbəqələri səviyyəsində intriqa yaradırlar (bura siyasilər, ziyalılar, kriminal qruplar və hətta adi vətəndaşlar zümrəsi də daxildir). Dövlət səviyyəsində isə aqressora dəstək verib, inkişaf perspektivi olan müstəqil dövləti dağıtmaq üçün müxtəlif hiyləgər və amansız planlar qururlar. Kimlərdir onlar?

Onlar Helsinki Yekun Aktı kimi sözdə gözəl sənədləri imzalayanların ən güclüləri! Onlar dünyada iqtisadi, siyasi, hərbi qüdrəti ilə çox irəli getmiş “böyük dövlətlər”! Konkret olaraq¸ hamı bilir...!

Belə olmasaydı, zəif dövlət olan Ermənistan 30 il qonşu ölkənin torpaqlarını işğal altında saxlaya bilməzdi. Cəmi bir neçə saata ədalətli güc onu oradan çıxarardı. Belə olmasaydı, Vyetnamda, Koreyada, Əfqanıstanda, İraqda, Suriyada, Azərbaycanda və indi Ukaynada milyonlarla insan faciə yaşamazdı. Adını nə qoysalar da, kökündə təhlükəsizlik fəlsəfəsinin iflası gerçəkliyi ilə yanaşı, alternativ təhlükəsizlik nümunəsinin meydana gəlməsinə əngəl törətmələri dayanır.

Dəfələrlə, müxtəlif liderlərin xəbərdar etməsinə baxmayaraq, hələ də BMT-də 5 dövlət Təhlükəsizlik Şurasında at oynadırlar! Nə öz maraqlarına uyğundursa, onu edirlər. Digər alternativlərə veto qoyurlar. Yəni onların qadağa hüququ vardır, lakin bəşəriyyətin sivil qaydada var olmaq hüququ yoxdur. Məhdud sayda dövlət bütün dünyaya nəyisə qadağan edə bilər, lakin müstəqil dövlət suveren yaşamaq üçün kimlərdənsə icazə almalıdır?

Bu ziddiyyətlər keçən əsrin ortalarından qlobal siyasətə də sıçramışdır. Qoşulmama Hərəkatında çoxlu sayda ölkələrin “Qlobal Cənub” adı altında birləşməsi birbaşa yuxarıda vurğulanan ədalətsizliklərin nəticəsidir. Əks halda, hansı ölkənin marağındadır ki, bir məqsəd uğrunda dünyanın müxtəlif regionlarından olan ölkələrlə bir araya gəlsin? Ad həm səbəbi izah edir, həm də əsas məqsədi göstərir. Baxaq, “Qoşulmama”? Nəyə qoşulmamaq? Ən ümumi səviyyədə dünyada ağalıq edən qüvvələrə qarşı düşmən cəbhə yaratmamaq. Proteksionist iqtisadi siyasət yeridənlərə qoşulmamaq. Alterantiv hərbi blok yaratmamaq. Həm də kimlərsə yaradarsa və o, qarşıdurmaya aparıb çıxararsa, ona qoşulmamaq. Bu baxımdan alternativ olmaq, dünya miqyasında ədalət tərəzisinin pozulmaması üçün dialoq apara biləcək mütəşəkkil güc olmaqdır!

Sonra. Konkret olaraq, məcazi mənada söhbət “Cənub”dan gedirsə, deməli, geosiyasi və coğrafi məkan kimi Yerin bu hissəsi “Şimal” adlandırılan kəsimə alternativ yaratmaq məcburiyyətindədir. Mövcud olmanın başqa yolunu görə bilmirlər. Buna görədir ki, artıq neçə onilliklərdir ki, həmin “Şimal” qlobal miqyasda “Cənub”un (Qoşulmama Hərəkatı timsalında) alternativ güc olmasını əngəlləyir.

Bunlara baxmayaraq alternativliyi qəbul etməyənlər üçün də düşündürücü olan reallıq formalaşır. Nəyi nəzərdə tuturuq?

Fundamental risklərin qloballaşması

Bu, çox təhükəlidir və müasir dünyanın geosiyasi gerçəkliklərinə fundamental olaraq aid olan prosesdir (artıq tendensiyadan proses səviyyəsinə keçid edilmişdir). Onun fəlsəfəsini anlamaq asan deyildir. Çünki indi dünya öncələr rast gəlinməyən məzmunda faktorlarla üz-üzədir. Burada bütün sirlər “fundamentallıq” termininin məzmununda gizlənmişdir.

Geosiyasi aspektdə risklərin fundamentallığı o deməkdir ki, artıq “risk” faktor kimi gerçək məzmununu kənardakı qüvvələrin müəyyən etdiyi xətt üzrə almır – o artıq geosiyasi proseslərin daxili gedişatının avtomatik yaratdığı amildir. Yəni indi qlobal geosiyasi sistem özündən risk yaradan təhlükəli və qeyri-müəyyən şəbəkəyə çevrilmişdir. Ona kənardan “risk sifariş” etməyə ehtiyac qalmamışdır. Uzun illərdir aparılan yanlış, qərəzli, tərəfkeşli diktə siyasəti məhz bu cür geosiyasi mənzərə yaratmışdır. Bununla da risklilik qlobal miqyasda geosiyasi dinamikanın tərkib hissəsi kimi “təbii” olmuşdur!

Bu, artıq dünyanın taleyində hər kəsin – ən zəif gücündən tutmuş, ən böyük gücünə qədər bütün ierarxiyaların eyni dərəcədə məsuliyyət daşıması deməkdir! İndi Amerika və ya Çin, olsun ki, Rusiya, nəinki, təkbaşına, hətta bir yerdə belə vəziyyəti keyfiyyətcə dəyişə bilməzlər! Xristian dünyası birləşsə belə, bu vəzifənin öhdəsindən gələ bilməyəcək. Təhlükəsizliyin təmini və risklərin neytrallaşdırılması vahid, “canlı” və dinamik dəyişən mürəkkəb sistem kimi bütün bəşəriyyətin ortaq vəzifəsi halına gəlmişdir!

Bu yanaşma kontekstində hansısa konkret çıxış yolu modeli göstərmək niyyətimiz yoxdur. Bu, siyasi liderlərin və çoxlu sayda alimin ortaq işi ola bilər. Lakin bir sıra düşüncələrimizi paylaşa bilərik.

Öncə, bir sual qoyaq: Hazırda qlobal miqyasda dünyanın təhlükəsizlik məsuliyyətini hansı təşkilat və onun hansı strukturu öhdəsinə götürmüşdür? BMT və onun Təhlükəsizlik Şurası (TŞ)! Aydın görünür ki, nə bütöv təşkilat kimi BMT, nə də onun konkret altqurumu olan TŞ üzərinə düşən vəzifənin öhdəsindən gələ bilir. Belə olmasayadı, indi hətta TŞ üzvləri belə hərbi toqquşma səviyyəsinə gəlib çatmazdılar. Deməli, ilk addım məhz BMT və TŞ-dən atılmalıdır.

Ümumiyyətlə, həm BMT yeniləşməli, orada struktur-funksional və strateji planlaşdırma islahatları aparılmalı, həm də TŞ-nin fəaliyyət fəlsəfəsi də daxil olmaqla tərkibi yeniləşməlidir – daha geniş tərkibdə və eyni məsuliyyətdə çox sayda dövlətlər ora daxil olmalıdırlar! Onlar dünyanın bütün kəsimlərini təmsil edənlər olmalıdırlar ki, bəşəri məsuliyyət bölüşsün. Siyasi, geosiyasi, iqtisadi, dini, mədəni, ideoloji və s. mühüm faktorlara görə, TŞ yenidən təşkil edilməlidir. Hazırkı model dəyişməsə, qaldığı sürədə qlobal təhlükəsizlik və qalıcı əməkdaşlıq xəyal olaraq qalacaq. Bunun nə demək olduğunu dərindən anlamaq üçün, məsələn, Ulu öndərin 1994-cü il və 1995-ci illərdə BMT-dəki çıxışında vurğuladğı məqamlara, R.T.Ərdoğanın dəfələrlə ifadə etdiyi fikirlərə, Azərbaycan Prezidenti İlham Əliyevin həmin kontekstdə qiymətli, gerçəkçi və ədalətli tezislərinə bir daha baxsınlar! Faydası olar!

Alternativ geosiyasi gücün formalaşmasının digər şərtlərindən biri kimi regionlararası münasibətlərdə regional təşkilatların rolunun keyfiyyətcə yeniləşməsini görürük. Bunun üçün sağlam niyyətli regional təşkilatlar qarşılıqlı münasibətlərini sistemli olaraq müasir dövrün tələbləri çərçivəsində və tamamilə beynəlxalq hüququn normaları daxilində qurmlıdırlar. Burada beynəlxalq hüququn normaları çərçivəsi mütləqdir. Çünki yalnız bu üsulla dövlətlər və regionlararası münasibətləri ədalətlilik, təhlükəsizlik və qarşılıqlı faydalı əməkdaşlıq müstəvisində qalıcı müəyyən etmək olar.

Hazırda alternativ konstruktiv geosiyasi güc nümunəsi formalaşır. Bu, Qoşulmama Hərəkatı, BRIKS, TDT və MDB-nin ortaq olaraq pozitiv regionlararası geosiyasi mühit yaratmaq imkanları ilə bağlıdır. Bu təşkilaların birgə fəaliyyət kriteriyalarını razılaşdırdıqları andan qlobal miqyasda proseslərə təsir şansları da çoxalmış olur. Onların hər birində Azərbaycanın iştirakı vardır.

Azərbaycan TDT-nin aparıcı dövlətlərindən biridir. Qoşulamama Hərəkatında böyük hörməti vardır. Deməli, yeni konstruktiv qlobal geosiyasi gücün formalaşmasında Azərbaycanın xüsusi yeri ola bilər. Geniş kontekstdə isə Azərbaycan – Türkiyə tandeminin təsiri kifayət qədər hiss olunur. Nəhayət, qlobal miqyasda alternativ geosiyasi gücün Pekin-Moskva-Bakı-Ankara geosiyasi və coğrafi məkanında formalaşması ehtimalı yüksəkdir! TDT-nin Bişkek Zirvəsi həm də bu baxımdan əhəmiyyətlidir.

Füzuli QURBANOV,
XQ-nin analitiki, fəlsəfə elmləri doktoru

Seçilən
52
15
xalqqazeti.az

10Mənbələr