“Donald Trampın ABŞ-ın Prezident seçilməsi müxtəlif ölkələrdə eyni sualın aktuallığını artırıb: “Ağ Evin yeni sahibinin xarici siyasəti necə olacaq, o hansı ölkə ilə əməkdaşlığa üstünlük verəcək?” Tramp hələ ki, təbrikləri qəbul etməkdədir”.
Bu fikirləri "Cebheinfo.az"-a açıqlamasında politoloq Elxan Şahinoğlu səsləndirib.
O bildirib ki, Trampın andiçmə mərasimi gələn ilin yanvarın 20-də keçiriləcək:
“Tramp bu tarixə qədər komandasını formalaşdırmağa çalışacaq.
Donald Trampın dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir vəzifəsinə kimləri təyin edəcəyi də müzakirə predmetidir.
Çünki məhz dövlət katibi və təhlükəsizlik məsələləri üzrə müşavir Trampın xarici və təhlükəsizlik siyasətini müəyyənləşdirəcəklər. Trampın bu iki vəzifəyə Respublikaçılar Partiyasının Konqresdəki üzvlərindən təyin edəcəyi ehtimal olunur.
Donald Trampı ABŞ-ın mübarizə apardığı iki əsas dövlətin – Rusiya və Çinin liderləri də təbrik edib. Rusiya Prezidenti Vladimir Putin ümid edir ki, Donald Tramp Ukraynaya hərbi və maliyyə yardımını ya azaldacaq, ya da tamamilə dayandıracaq.
Çin lideri Si Cinpin isə ümid edir ki, Donald Tramp Ağ Evə qayıtdıqdan sonra Çinə qarşı sərt iqtisadi siyasətdən imtina edəcək. Hindistanın Baş naziri Narendra Modi isə təbrik məktubunda Trampı “dostum” adlandıraraq Ağ Evin yeni sahibinin Hindistan-ABŞ əlaqələrini daha böyük zirvələrə yüksəldəcəyinə əminliyini vurğulayıb.
Maraqlıdır ki, ABŞ-dakı hind icması Demokratlar Partiyasına və prezidentliyə namizəd Kamala Harrisə üstünlük versə də, hindlilər arasında respublikaçı Donald Trampa səs verənlər də az olmayıb.
Politoloqun sözəinə görə, gözlənildiyinin əksinə olaraq ABŞ-dəki qaradərililərin və ispandillilərin əhəmiyyətli qismi də Trampa səs verib:
“Siyasi ekspertlər bunu onunla əlaqələndirirlər ki, ABŞ-dəki azlıqları Trampın miqrant axınını dayandırmaq siyasətini dəstəkləyirlər.
Donald Tramp Çinlə müqayisədə Hindistanla tərəfdaşlığın gücləndirilməsinə üstünlük verəcək. O 2020-ci ildə Hindistana səfəri zamanı Modi ilə müxtəlif sazişlər imzalamışdı.
Əslində Cozef Bayden Trampın prezidentlik dövründə Asiya siyasətini davam etdirib. Bayden administrasiyası keçmişdə Tramp amdinistrasiyası kimi Çinə qarşı iqtisadi sanksiyaları sərtləşdirərkən, Hindistanla tərəfdaşlığı gücləndirib.
Böyük ehtimalla estafeti Baydendən alacaq Tramp bu siyasətə sadiq qalacaq. Vaşinqton illərdir Çinə yönələn xarici kapitalın Hindistana istiqamətlənməsində maraqlıdır”.
"Cebheinfo.az"