AZ

Trampın xarici siyasəti dünyaya nə vəd edir? - "Kaspi"nin TƏHLİLİ

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Donald Tramp ABŞ tarixinin ən kritik, gərgin keçən prezident seçkilərinin qalibi oldu. Seçicilər Kollegiyasında 312 səs yığan Tramp minimum 270 səsi təmin edərək demokrat rəqibi Kamala Harrisi məğlub etdi. Respublikaçıların prezidentliyə namizədi 132 ildən sonra məğlubiyyətin ardından Ağ Evə qayıdan ikinci ABŞ prezidenti kimi tarixə düşdü.
"Kaspi" qəzetinin mövzuya dair məqaləsini təqdim edirik.
Yeni və köhnə prezident kritik dövrdə vəzifəsinin icrasına başlayacaq. Ona görə ki, dünyanı münaqişələr bürüyüb, Qəzzada, Ukraynada müharibə davam edir. Yeni prezidentin bu problemlərə necə yanaşacağı maraq doğurur.
Trampın yeni administrasiyasından nələri gözləmək olar? Yeni prezident ilk çıxışında bildirib ki, "güclü, təhlükəsiz və çiçəklənən Amerikaya nail olmayınca dincəlməyəcəyəm".
Trampın dəstəkçiləri onun həm ölkə daxilində, həm də ölkə xaricində ABŞ-ni "yenidən böyük" edəcəyinə inanırlar. Ona qarşı olanlarsa Trampın ABŞ-də demokratiyaya ziyan vuracağına dair xəbərdarlıq edirlər. Onun postsovet məkanına münasibəti də fərqlidir. Daha çox Rusiya ilə normal münasibətlərin olmasının tərəfdarıdır.
Bakı-Vaşinqton münasibətləri
Trampın prezidentliyi dövründə ABŞ-Azərbaycan münasibətləri yüksək səviyyədə olub. Təsadüfi deyil ki, Trampı ilk təbrik edənlər arasında Azərbaycan Prezidenti İlham Əliyev də var. Təbrik məktubunda deyilir:
"Seçkilərdə qazandığınız inamlı qələbə dost Amerika xalqının şəxsən Sizə, yürütdüyünüz siyasi xəttə böyük dəstək və etimadının aşkar ifadəsidir. Azərbaycan Respublikası Amerika Birləşmiş Ştatları ilə münasibətlərinin hərtərəfli inkişafına xüsusi əhəmiyyət verir. Əminəm ki, Azərbaycan-ABŞ dostluq münasibətlərinin güclənməsi, ölkələrimizin milli maraqları, o cümlədən milli təhlükəsizlik maraqları əsasında tərəfdaşlığımızın irəli aparılması yolunda bundan sonra da birgə səylər göstərəcəyik".
Makron təşviş içində
Trampın təkrar dönüşü ABŞ-nin xarici siyasətinin yenidən formalaşmasını, çoxsaylı cəbhələrdə potensial radikal dəyişikliklər vəd edir. Avropa təşviş içindədir. Məsələn, Fransa prezidenti Emmanuel Makron ciddi narahatdır. Trampın prezident seçildiyi xəbəri təsdiqləndikdən dərhal sonra Makron Almaniya kansleri Olaf Şoltsa zəng edib. Makron Şoltsla yeni durumu müzakirə edərkən "suveren Avropa" ideyasının reallaşdırılmasının vacibliyindən danışıb. Yəni Makronun məntiqinə görə, Avropa ABŞ-nin siyasi, iqtisadi və hərbi asılılığından qurtulmalıdır. "The Financial Times" dərgisinə görə, Avropa İttifaqının bir qisim məmuru da Trampın qələbəsindən qorxuya düşüb. Bu, əsassız deyil. Tramp, böyük ehtimalla, keçmiş prezidentlik dövründə Avropaya ünvanladığı tələbi təkrarlayacaq: "Təhlükəsizliyinizə yönəlik xərclərinizi artırın, ABŞ sizin yükünüzü daşımayacaq".
Vədlər yerinə yetiriləcəkmi?
Beynəlxalq aləmin maraqla gözlədiyi məsələlərdən biri də Trampın Rusiya-Ukrayna müharibəsini sona çatdırmaqla bağlı daha əvvəl verdiyi vədi necə yerinə yetirəcəyi ilə bağlıdır. ABŞ Rusiyanın Ukraynada qələbə qazanmaması üçün çalışır. Bu siyasət Ukraynanın ərazi bütövlüyünü təmin etməsə də, hər halda müharibənin Kremlin xeyrinə bitməsinə əngəldir. Seçkinin nəticəsi Ukraynada diqqətlə izlənilir. Hətta bu qələbə həm çətinlik, həm də fürsət kimi görünür. Hesab edilir ki, Tramp müstəsna şəkildə Birləşmiş Ştatların maraqlarına uyğun hərəkət edəcək. Tramp seçki kampaniyası dövründə Ukrayna Prezidenti Volodimir Zelenskini bir neçə dəfə hədəf alıb, onu "dünyanın ən böyük taciri" adlandırıb. Bununla da Rusiya işğalı başlayandan Ukraynaya göndərilən milyardlarla dollarlıq yardımı nəzərdə tutub.
Hədəfində NATO da olacaq
Trampı Rusiya Prezidenti Vladimir Putinə rəğbət bəsləməkdə ittiham edən demokrat rəqiblərinin fikrincə, onun bu yanaşması Ukraynanın təslimçiliyi deməkdir və bu, bütün Avropanı təhlükə altına atacaq. Onun "Birinci Amerikadır" yanaşması NATO-nin gələcəyi ilə bağlı da suallar doğurur. Hazırda 30-dan çox ölkə bu hərbi ittifaqda birləşir. Tramp uzun müddətdir ki, alyansa skeptik yanaşır.
Yaxın Şərq alovu
Tramp Qəzzada İsrail-HƏMAS, Livanda İsrail-"Hizbullah" müharibələrini nəzərdə tutaraq vəd verib ki, Yaxın Şərqə də "sülh" gətirəcək. Ancaq bunu necə edəcəyini açıqlamayıb. O, birinci prezidentliyi dövründə Qüdsü İsrailin paytaxtı adlandıraraq və ABŞ səfirliyini Təl-Əvivdən oraya köçürərək İsrailyönlü xətt yürütmüşdü. İsrailin Baş naziri Benyamin Netanyahu Trampı "İsrailin Ağ evdə indiyə qədərki ən yaxşı dostu" adlandırmışdı. Amma tənqidçilər hesab edirlər ki, onun bu siyasəti regionda qeyri-sabitliyə səbəb olub. Fələstinlilər Qüds məsələsinə görə Tramp administrasiyasını boykot etmişdilər. O, seçki kampaniyası zamanı bir neçə dəfə bəyanat verərək Qəzzada müharibənin bitməsini istədiyini bildirib. Trampın Netanyahu ilə mürəkkəb, bəzən qeyri-funksional münasibəti olsa da, şübhəsiz ki, ona təzyiq göstərmək qabiliyyətinə malikdir. Onun HƏMAS-la əlaqəsi olan aparıcı ərəb ölkələrinin liderləri ilə də güclü əlaqələri var.
Çin yenə əsas hədəf olacaq
Çinə gəldikdə, ABŞ-nin Çinə yanaşması onun xarici siyasətinin ən strateji sahəsidir və qlobal təhlükəsizlik, ticarət üçün böyük təsirlərə malikdir. Tramp Çini "strateji rəqib" adlandırıb və bəzi Çin idxal məhsullarına gömrük rüsumları tətbiq edib. Pekin də qarşılığında Amerikadan idxal etdiyi mallara rüsumları artırmalı olub. Tramp Çin liderini həm "parlaq", həm də "təhlükəli" və 1,4 milyard insanı "dəmir yumruq"la idarə edən lider" adlandırıb. ABŞ-nin yeni prezidenti kimi o, çox güman ki, Bayden administrasiyasının Çini nəzarət altında saxlamaq üçün digər regional ölkələrlə daha güclü təhlükəsizlik tərəfdaşlığı qurmaq yanaşmasından uzaqlaşacaq.
Seçilən
46
50
oxu.az

10Mənbələr