"Baku Harmony" təşəbbüsü aqrar sektorda mövcud olan bütün layihələr üçün aqreqator olacaq.
Milli.Az xəbər verir ki, bunu Azərbaycan Respublikasının kənd təsərrüfatı naziri Məcnun Məmmədov COP29 məkanında jurnalistlərə açıqlamasında deyib.
"COP29 tədbiri Azərbaycanda keçirilən ən mühüm tədbirlərdən biridir. Ümid edirik ki, iqlim dəyişikliyi ilə bağlı müzakirələr aqrar sektora müsbət təsir göstərəcək. İqlim dəyişikliyinin kənd təsərrüfatına mənfi təsiri son dərəcə böyükdür.
Noyabrın 19-da Kənd təsərrüfatı, Ərzaq və Su Günü qeyd olunacaq və həmin gün aqrar sektor, onun iqlim dəyişikliyinə təsiri və iqlim dəyişikliyinin aqrar sektora necə təsir göstərməsi ilə bağlı məsələlər müzakirə olunacaq.
Azərbaycanda təklif olunan 14 təşəbbüsdən biri də aqrar sektorla bağlı təşəbbüsdür. "Bakı-Harmoniya" iqlim təşəbbüsü fermerlərə dəstək məqsədi daşıyır. Ümid edirik ki, bu təşəbbüs aqrar sektorda mövcud olan bütün layihələr üçün aqreqator olacaq, onları birləşdirəcək, koordinasiyanı təmin edəcək və aqrar sektor və fermerlər üçün mühüm qərarlar verəcək", - o deyib.
Qeyd edək ki, dünən BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub. Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunacaq.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.
Milli.Az