COP29 Bakı İqlim Konfransının iştirakçılarının qarşısında tarixi öhdəliklərin yerinə yetirilməsi üçün yol açmaq vəzifəsi dayanır.
AZXEBER.COM xəbər verir ki, bu barədə Braziliyanın vitse-prezidenti Jeraldu Alkmin COP29 liderlərinin sammitində çıxışı zamanı bildirib.
\"Biz bu gün Bakıda 1992-ci ildə Rio de Janeyroda BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının imzalanması ilə başlayan diplomatik səyləri davam etdiririk. Hər bir addım ümumi ekoloji məqsədlərə çatmaq yolunda irəliləyişdir”, - o deyib.
Alkmin vurğulayıb ki, yeni kollektiv kəmiyyət hədəfi 1,5 dərəcə hədəfini əlçətan etmək üçün daha iddialı olmalıdır.
\"Bakıda qarşımızda karbon bazarı üzrə danışıqları başa çatdırmaq və ötən il Dubayda keçirilən COP-28-də qəbul edilmiş öhdəliklərin yerinə yetirilməsi üçün zəmin yaratmaq vəzifəsi durur”, - o söyləyib.
Braziliya dövlət rəsmisinin sözlərinə görə, ölkəsi ərzaq təhlükəsizliyi sahəsində qəbul edilmiş liderdir və dayanıqlı inkişaf olmadan gələcəyin ola bilməyəcəyini dərk edir.
\"Braziliya qarşısına 2035-ci ilə qədər tullantıların həcmini 2005-ci ilə nisbətən 67 % azaltmaq vəzifəsi qoyub. Əlbəttə, bu, çox iddialı məqsəddir, lakin buna nail olmaq olar”, - siyasətçi vurğulayıb.
Alkmin qeyd edib ki, COP29-un uğuru Braziliyanın gələn il ev sahibliyi edəcəyi COP30-un uğuru üçün əsasdır. \"Həmçinin bu konfransların uğuru iqlim dəyişikliyi ilə mübarizə üzrə gələcək beynəlxalq səylərin əsasını təşkil edir. Bu gün nəticələr əldə etməsək, bu, gələcəkdə bizə baha başa gələcək”, - o əlavə edib.