“Mançester Siti”nin dayaq yarımmüdafiəçisi Rodri “şəhərlilər”lə müqaviləsinin müddətinin mümkün uzadılması haqda söhbət açıb.
Arena.az məlumat veir ki, “Qızıl top”un sonuncu qalibi olan ispan futbolçunun cavabı heç də birmənalı qarşılanmayıb:
“Yeni müqavilə haqqında danışmağa belə, başlamamışıq. Mən zədəliyəm… “Mançester Siti” ilə müqaviləmi yeniləmək hazırda mənim üçün üstün seçim deyil. Mümkün qədər sağalmaq istəyirəm, məqsədim budur, sonra baxarıq”, deyə ispan yarımmüdafiəçi bildirib.
Rodri sentyabrın 22-də İngiltərə Premyer Liqasının 5-ci turunun “Arsenal”la oyununda (2:2) zədələnib. Oyundan sonra 28 yaşlı futbolçunun dizində çarpaz bağın yırtıldığı və bunun nəticəsində Rodrinin cari mövsümün qalan hissəsini buraxacağı məlum olub.
Rodriqo Ernandes Madrid “Atletiko”sunun yetirməsidir, ispan “dayaqçı” 2007-2013-cü illərdə “döşəkçilər”in klub sistemində olub. Daha sonra Rodri “Vilyarreal”a keçib. Ancaq 2018-ci ildə yarımmüdafiəçi 2019-cu ilə qədər oynadığı “Atletiko”ya qayıdıb.
Rodri hazırda çıxış etdiyi “Mançester Siti”yə 2019-cu ilin iyulunda 70 milyon avro məbləğ müqabilində elə, “Atletiko”dan keçib. Rodrinin “Mançester Siti” ilə müqaviləsi 2027-ci ilin iyun ayının sonuna qədər qüvvədədir.
Cari mövsümdə Rodri “şəhərlilər” üçün 3 oyun keçirib, məhsudalr fəaliyyəti ilə diqqət çəkməyib. Təcrübəli yarımmüdafiəçi “şəhərlilər”in heyətində bütövlükdə 260 oyuna çıxıb, 26 qol və 30 məhsuldar ötürmə müəllifi olub.
Rodri “Mançester Siti” ilə İngiltərə Premyer Liqasının (2020/2021, 2021/2022, 2022/2023, 2023/2024), İngiltərə Kubokunun (2023), İngiltərə Liqa Kubokunun (2020, 2021), İngiltərə Super Kubokunun (2020), Çempionlar Liqasının (2022/2023), UEFA Super Kubokunun (2023/2024), FIFA Klub Dünya Kubokunun (2024) qalibi olub. İspan futbolçu UEFA Çempionlar Liqasında 2022/2023-cü illər mövsümünün oyunçusu seçilib.
Həmçinin Rodri ən nüfuzlu fərdi futbol mükafatı – “Qızıl top”un qalibidir. İspan yarımmüdafiəçi 2023/2024-cü illər mövsümünün yekunlarına görə “Qızıl top”a layiq görülüb.
Rodriqo Ernandes 2018-ci ilin martında debüt etdiyi İspaniya yığmasının heyətində 57 oyun keçirib, 4 qol vurub, 2 məhsuldar ötürmə verib. Rodri İspaniya yığması ilə 2023-cü il UEFA Millətlər Liqasının və 2024-cü il Avropa çempionatının qalibi olub.
“Transfermarkt” internet-portalı 28 yaşlı yarımmüdafiəçinin transfer dəyərini 130 milyon avro məbləğində qiymətləndirir.