AZ

"Zaferoğlu" inşaatın rəhbəri: “Rəhbər və işçi münasibətləri qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır"

“Rəhbər və işçi münasibətlərində ən önəmli məqam insani əlaqələrdir. Düzgün münasibətlərin qurulması hər iki tərəf üçün – həm rəhbər, həm də işçi üçün vacibdir”
 
Bunu Moderator.az-a açıqlamasında "Zaferoğlu"  inşaatın rəhbəri, sahibkar, hüquqşünas  Zəfər Məmmədov deyib.
 
Zəfər Məmmədov hesab edir ki, işçinin işdən çıxarılması üçün əvvəlcə əsaslı səbəb olmalıdır:
 
“Bu səbəb isə işçinin ona verilmiş tapşırıqları dəfələrlə düzgün yerinə yetirməməsi və iş prosesində problem yaratması ola bilər. Hər kəsin şəxsi yanaşması və xarakteri onun davranışlarını müəyyən edir. Təhqir və qışqırıq işin idarə edilməsi üçün heç bir zaman effektiv vasitə olmamışdır və  bu, həm də şirkətin inkişafına vurulmuş zərbədir. Səmimi və məhsuldar iş mühitini qorumaq üçün düzgün münasibətlər və qarşılıqlı hörmət əsas şərtlərdən biridir. Rəhbər və işçi münasibətləri qarşılıqlı hörmət və balans üzərində qurulmalıdır, çünki bu, sağlam iş mühitinin təməlidir. Balanslı münasibətlər yalnız işin keyfiyyətini artırmaqla kifayətlənmir, həm də uzunmüddətli və davamlı iş əlaqələri yaratmağa kömək edir. Əgər münasibətlər həddən artıq səmimiyyət səviyyəsinə keçərsə, bu, gələcəkdə işin icrasında ciddi problemlərə səbəb ola bilər. Balanslı münasibətlərin mövcud olduğu bir iş mühitində isə hər iki tərəf bir-birinə qarşılıqlı hörmət göstərir və bu münasibətlər daha uzunömürlü olur. İşçinin rəhbərinə qarşı hörmətlə yanaşması, yalnız şəxsi etikası deyil, həm də işin inkişafına müsbət təsir göstərir. Məsafənin qorunduğu və hörmətin əsas olduğu bir mühitdə, işin keyfiyyəti və effektivliyi artır, qarşılıqlı anlaşma isə hər kəsin maraqlarına xidmət edir”.
 
Onun sözlərinə görə, şirkətin uğur qazanması yalnız rəhbərdən və ya işçidən asılı deyil – onu irəli aparan güclü və balanslı bir komandadır:
 
“Rəhbər və işçi bir-birini tamamlayan elementlərdir. Rəhbər, komandanı idarə edən və istiqamət verən şəxsdir, lakin tək başına şirkəti irəli apara bilməz. Eyni zamanda, işçi də rəhbərsiz effektiv ola bilməz, çünki idarə və rəhbərlik olmadan məqsədli bir nəticəyə çatmaq çətindir.Komanda ruhu və qarşılıqlı dəstək, şirkətin irəliləyişi üçün əsasdır. Rəhbər sanki bir avtomobili idarə edən sürücü kimidir; işçilər isə avtomobilin hərəkətini təmin edən mühərrik və digər vacib hissələrdir. Şirkətin uğurla inkişaf etməsi üçün düzgün bölüşdürülmüş iş yükü, səmərəli idarəetmə və balanslı münasibətlər vacibdir. Böyük lider və filosof Laozi demişdir: “Ən yaxşı rəhbərlər elə rəhbərlərdir ki, insanlar deyirlər: Biz bunu özümüz bacardıq”. Komanda ruhunu yaratmaq və hər kəsin potensialını ortaya çıxarmaq, şirkətin irəli
aparılmasında əsas rol oynayır”.
 
Zəfər Məmmədov qeyd edir ki, uzun müddətdir  rəhbər kimi fəaliyyət göstərirəm və çox sərt bir rəhbər deyiləm:
 
“Lakin bu barədə ən düzgün qiyməti əməkdaşlar verə bilər. İşdən çıxarma məsələsinə gəldikdə isə, heç vaxt kimisə əsassız yerə işdən azad
etdiyimi xatırlamıram. Hətta ciddi səhvlər etdikdə belə, ilk addım olaraq əməkdaşa şans verməyə çalışıram. Yalnız səhvlər dəfələrlə təkrarlanarsa və həmin əməkdaş şirkətə fayda vermək əvəzinə, iş prosesinə maneə yaradarsa, o zaman işdən azad edilmə qərarına gəlirik. Mənim üçün əsas olan ədalətli və balanslı yanaşmadır, çünki güclü bir komanda ancaq qarşılıqlı dəstək və anlaşma ilə qurula bilər".
 
 Sahibkar  deyir ki, şirkətdə gənclərə fürsət vermək  bizim üçün əsas prioritetdir:
 
“Gənclərin zamanla təcrübə qazanması və bu təcrübə üzərində özlərini inkişaf etdirməsi çox önəmlidir, biz bunu anlayırıq. Şirkətdə çox sayda gəncin olması bəzən müəyyən risklər yarada bilər, lakin balanslı şəkildə gənclərə yer verildikdə və onlara təcrübə qazanmaq üçün lazımi dəstək göstərildikdə, həm şirkət, həm də gənclər üçün qarşılıqlı fayda yaranır. Əlbəttə, komandamıza yeni gəncləri seçərkən diqqətli olmağa çalışırıq. Öz üzərində çalışmağa maraqlı olan, bu sahədə gələcəyini görən və özünü davamlı inkişaf etdirməyi vacib sayan gənclərə maksimum dəstək verməyə hazırıq”.
 
Zəfər Məmmədova görə, Azərbaycan bazarında şirkətlərin inkişafına mane olan əsas amillərdən biri işə yanaşma tərzindəki problemlərdir:
 
“Əməkdaşların işə yalnız müəyyən saatlar arasında vaxt keçirmək kimi yanaşması, yəni “səhər doqquzdan axşam altıya qədər” prinsipi ilə işləməsi, şirkətin səmərəliliyini və rəqabət qabiliyyətini azalda bilər. Bundan əlavə, kadr çatışmazlığı ölkədəki ən ciddi problemlərdən biridir. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, 2024-cü ilin sentyabr ayı üçün ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin sayı 1,754.9 min  nəfər olub. Bu rəqəm, işçi qüvvəsinin müəyyən sahələrdə tələbatı tam ödəmədiyini göstərir. Eyni zamanda, düzgün bazar siyasətinin olmaması da şirkətlərin inkişafına mənfi təsir göstərir. Bazarın tələblərinə uyğun strategiyaların hazırlanması və həyata keçirilməsi, rəqabət mühitində uğur qazanmaq üçün vacibdir. Bu problemlərin həlli üçün işə yanaşma tərzinin dəyişdirilməsi, kadr potensialının artırılması və effektiv bazar siyasətlərinin tətbiqi zəruridir”.
 
Mehin Mehmanqızı
Seçilən
74
14
moderator.az

10Mənbələr