AZ

Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” nəşrinin təqdimatı

Bakıda keçirilən COP29 çərçivəsində noyabrın 13-də Heydər Əliyev Fondunun “Azərbaycan. Təbiətin sehrində” (Azerbaijan. Inspired by Nature) kitabı təqdim olunub.

Layihənin ideya müəllifi Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, layihə rəhbəri Prezidentin köməkçisi Anar Ələkbərovdur.

Təqdimat mərasimində Prezidentin köməkçisi Anar Ələkbərov, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, Bakı Media Mərkəzinin rəhbəri Arzu Əliyeva, ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik, İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) və başqaları iştirak ediblər.

Tədbirdə bildirilib ki, nəşrin COP29 günlərində təqdimatı təsadüfi deyil. Burada Azərbaycanın füsunkar təbiəti, flora və faunasına dair fotoşəkillər, müvafiq məlumatlar yer alıb. Kitab oxucuları Azərbaycanın ecazkar təbiəti ilə tanış etməklə yanaşı, bu zənginliyin əhəmiyyətini, onun qorunub saxlanılmasının vacibliyini gündəmə gətirir.

2020-ci ildən start götürən genişmiqyaslı layihə çərçivəsində çəkilən yüzlərlə foto arasında unikal kadrlarla yanaşı, nadir heyvan, quş və bitki növlərini də görmək olar. Layihə Azərbaycan təbiətinin müxtəlifliyini təsvir edərək ölkənin bütün regionlarını, milli parklar və qoruqlarını əhatə edib. Layihə üzrə videoçəkilişlər aparılıb, videoçarxlar və sənədli film hazırlanıb. Təqdimat zamanı sənədli filmin treyleri nümayiş olunub.

Tədbirdə çıxış edən Leyla Əliyeva kitabın hər kəsi təbiəti sevməyə və onu qorumağa səslədiyini bildirərək deyib: "Dünyada təbiət qədər dəyərli heç nə yoxdur. Biz hava ilə nəfəs alırıq. Susuz üç gün də yaşaya bilmərik. Torpaqdan, ağaclardan enerji alırıq, onunla qidalanırıq. Təəssüf ki, gün ərzində insan bunun haqqında çox az düşünür. İnanıram ki, bu kitabda toplanmış şəkillər Azərbaycanın gözəlliklərini təqdim edəcək, insanlara təbiəti sevməyi və qorumağı bir daha xatırladacaq. Atalarımız demişkən: "Gəzməzsən, bilməzsən". Hamıya Vətənimizi gəzməyə daha çox vaxt ayırmağı arzu edirəm. Mən bu möhtəşəm iş üçün bütün komandaya təşəkkürümü bildirmək istəyirəm və Lerikdə birlikdə keçirdiyimiz günləri heç zaman unutmayacağam. Bu kitab bizi təbiəti sevməyə və qorumağa çağırır. Təbiət bizə həyat bəxş edir, biz də onu sevməyi öyrənək".

Layihənin fotoqraflarından biri Aleksey Lyokin çəkilişlər zamanı fotoqraflar qrupunun ölkəmizin bütün guşələrinə səfər etdiyini, çəkilişlər apardığını, bütün rayonların nadir təbiəti ilə tanış olduğunu bildirib. Qeyd olunub ki, çəkilişlər təbiətin bütün gözəlliyini maksimum dərəcədə göstərmək üçün ilin bütün fəsillərində aparılıb.

“İşğaldan azad olunmuş ərazilərdə – Qarabağda və Şərqi Zəngəzurda çəkilişlər zamanı qeyri-adi hisslər yaşadıq”, – deyən A.Lyokin ən qədim yaşayış məskənlərindən biri sayılan Azıx mağarasında aparılan çəkilişləri də vurğulayıb.

İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquru (Caqqi Vasudev) təbiət və onun elementlərinin sıx əlaqəsindən, iqlim dəyişmələri nəticəsində baş verən dəyişikliklərdən danışıb. O, bəşər övladının evi olan təbiətin ayrı-ayrı komponentlərinin bir-biri ilə vəhdətindən bəhs edərək onları qorumağın vacibliyini vurğulayıb.

Sonra Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Azərbaycan. Təbiətin sehrində” nəşrinin ilk nümunələrini ICESCO-nun Baş direktoru Salim bin Məhəmməd Əl-Malik və İşa Xeyriyyə Fondunun təsisçisi, məşhur hindistanlı yoqin Sadhquruya (Caqqi Vasudev) təqdim edib.

Kitab Azərbaycan və ingilis dillərində hazırlanıb.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva, həmçinin COP29-un Yaşıl Zonasında yaradılmış yerli və xarici pavilyonları ziyarət edib.

XQ

Seçilən
61
9
xalqqazeti.az

10Mənbələr