AZ

Erməniləri “yandıran” “İstusu” və Tramp adminstrasiyasından gözləntilər

Böyük ümidlərlə Bakıda keçirilən COP29-un baykotuna nail olmağa çalışan ermənilərin planı baş tutmayınca biri-birilərini ittiham etməyə başlayıblar. Anti-Azərbaycan kampaniyasına dünyanın aparıcı kütləvi informasiya vasitələrini cəlb edən erməni diasporu və Ermənistanın artıq bütün ümidləri puç olub. İndi COP29-un uğurla keçməsini  həzm edə bilməyən erməni millətçiləri yeni uydurmalarla çıxış edirlər. Azərbaycanın uğurlarını özlərinə dərd edən ermənilər COP29-dakı hər bir incəliyə  diqqət yetirir. Hadisələri təhlil edən erməni ekspertlər Azərbaycanın uğurlarını qəbul edə bilmir. Ən xırda məsələni diqqətdə saxlayan ermənilər hər bir elementdə erməni izi axtarırlar. Hətta  stolların üzərinə düzülən Kəlbəcərin məhşur “İstisu”yunu Ermənistan məhsulu kimi təqdim edirlər. 30 il Kəlbəcəri işğal altında saxlayan Ermənistan Azərbaycanın sərvətini özününküləşdirməyə çalışsa da buna nail ola bilmədi. Azərbaycan isə bütün ərazilərinə nəzarət etdiyi kimi, bütün sərvətinin də sahibidir və “İstisu” da ölkəmizin təbii sərvətidir.

Digər məsələlərə gəlincə, Ermənistandakı siaysi qüvvələr COP29-un Bakıda keçirilməsini Ermənistan diplomatiyasının məğlubiyyəti hesab edirlər. Bununla belə Azərbaycanın uğurlarını həzm edə bilməyən ermənilər özlərinə təsəlli yeri də tapıblar. İndi də Tramp adminstrasiyasına ümid bəsləyirlər. Erməni politoloq Suren Sarkisyan hesab edir ki, Donald Trampın adminstrasiyasında ermənipərəst qüvvələr daha çoxdur və onlar Ermənistanı darda qoymayacaqlar. Özünün “Facebook” səhifəsində Trampın ermənipərəst kadrlarının adını çəkən Sarkisyan daha çox Dövlət Katibi vəzivəsinə namizəd Marko Rubionaya ümid etdiyini bildirib: “Rubionun erməni icması və təşkilatları ilə yaxşı əlaqələri var. O, dəfələrlə Türkiyə və Azərbaycana qarşı sərt siyasətin tərəfdarı olduğunu bildirib.

Müdafiə naziri vəzifəsinə namizəd, Yaxın Şərqdə İsrailyönlü siyasətin tərəfdarı olan Pete Hegsettdir. Bu adam da ermənilərin ən yaxın dostudur. Təhlükəsizlik Məsələləri üzrə namizəd Mayk Vals da bizim adamdır. Robert Kennedi böyük ehtimalla səhiyyə sahəsinə rəhbərlik edəcək. Bu isə erməni icması, erməni təşkilatları üçün yeni üfüqlərin açılması deməkdir”, -deyə  Sarkisyan yazıb.

Donald Trampın seçki öncəsi erməni keşiş Arama  zəng etməsi də Ermənistanda böyük ruh yüksəkliyi yaradıb. Onlar elə hesab edirlər ki, Trampın prezident seçilməsində erməni kilsəsiin böyük rolu var. Amma anlamırlar ki, Tramp ABŞ-dəki erməni seçicilərin səsini almaq üçün bu addımı atıb və bu, onun seçki siyasətinin bir hissəsidir. Ermənistanda Trampın prezident seçilməsini özlərinin məğlubiyyəti kimi qəbul edənlər də var. Dörd il ərzində Bayden adminstrasiyasından siyasi dəstək alan Ermənistan indi də ümidini  ermənipərəst məmurlara bağlayıb. Onsuz da ABŞ-də 10 məmurdan 8-i ermənilərə xüsusi simpatiya bəsləyir. Bu dəfə də ermənipərəst qüvvələrin Ağ Evə yığışması hər hansı məsələni dəyişən deyil.

Vəli Həsənoğlu,

KONKRET.az

Seçilən
34
konkret.az

1Mənbələr