AZ

“Haber Global” COP29-da: Türkiyə iqlim gündəmini müəyyən edir və fəaliyyətə çağırır

Bakıda keçirilən COP29 konfransında “Haber Global” telekanalı Türkiyənin iqlim təşəbbüsləri və qlobal ekoloji problemlərlə bağlı əsas hadisələri fəal şəkildə işıqlandırır.

“Report” “Haber Global”a istinadən xəbər verir ki, qəti tədbirlərin vacibliyini vurğulayan bəyanatlar, instalyasiyalar və müzakirələr xüsusi diqqət çəkib.

Türkiyənin ətraf mühit, şəhərsalma və iqlim dəyişikliyi naziri Murat Kurum Olimpiya Stadionunda ölkəsinin iqlim strategiyasını təqdim edib. “Haber Global”a görə, iqlim yol xəritəsi emissiyaların azaldılması və ekoloji texnologiyaların təkmilləşdirilməsi üzrə iddialı hədəfləri əhatə edir. Telekanalın meteorologiya redaktoru Bünyamin Sürmeli nazirin çıxışını şərh edərkən bildirib ki, sement sənayesində emissiyaların azaldılması hədəfi ən çox diqqət çəkib. “Sement karbon emissiyalarının əsas mənbələrindən biridir və Türkiyə bu sahədə dəyişikliklərə görə məsuliyyəti öz üzərinə götürməyə hazırdır”, – Sürmeli vurğulayıb.

Telekanal qeyd edib ki, ictimaiyyətin diqqətini cəlb edən və KİV-də geniş əks-səda doğuran daha bir hadisə Xəzər dənizi sahilindəki instalyasiya olub. “Haber Global” dəniz həyatı üçün iqlim dəyişikliyinin fəsadlarının rəmzi olan sahilə atılmış ölü balinanın realistik maketinin ekspozisiyası haqqında məlumat verib. Bu aksiyanın təşkilatçısı Belçikanın “Captain Boomer Collective” ekoloji təşkilatı olub.

COP29-da “Haber Global”a müsahibəsində nazir Murat Kurum inkişaf etmiş ölkələrin iqlim böhranı ilə mübarizənin maliyyələşdirilməsində iştirakının vacibliyini yenidən vurğulayıb. Kurum bildirib ki, Türkiyə qlobal məsuliyyətin bir hissəsini öz üzərinə götürməyə və su resurslarının idarə edilməsi, aqrar siyasət və istehsal proseslərinin optimallaşdırılması üzrə yerli təşəbbüsləri həyata keçirməyə hazırdır.

Telekanalın COP29-dakı süjetləri vurğulayır ki, Türkiyə davamlı inkişafa yönəlib və dünya birliyini qlobal miqyasda ekoloji vəziyyəti dəyişə biləcək tədbirlərə fəal şəkildə çağırır.


Seçilən
64
1
far.az

5Mənbələr