1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
İspaniyalı tədqiqatçılar qrupu 1963-cü ildə Pireney yarımadasında tapılan məşhur "Vilyena xəzinəsi"nin təhlilini apararaq heyrətamiz bir kəşf ediblər. Nəticələr göstərib ki, son tunc dövrünə (e.ə. 1400-1200) aid olan bu xəzinədəki bəzi əşyalar Yerdən kənar mənşəyə malikdir.
Oxu.Az-ın verdiyi məlumata görə, bu barədə "IFLScience"də dərc olunan məqalədə bildirilir.
"Vilyena xəzinəsi" bilərziklər, kasalar və şüşələr daxil olmaqla 66 qızıl və gümüş artefaktdan ibarətdir. Bu tapıntılar öz dövrünün zərgərlik sənətinin ən vacib nümunəsi hesab olunurlar.
Lakin iki əşya - ajur qızıl vərəqlə örtülmüş içi boş yarımsfera və bilərzik - uzun müddət alimləri çaş-baş qoyub. Belə ki, bu əşyaların dəmirdən hazırlanmış olması xronoloji dövrə uyğun gəlmir, çünki dəmir dövrü çox sonra, e.ə. 9-cu əsrdə başlayıb.
Bəzi arxeoloqlar güman edirdilər ki, bu bəzəklər üçün dəmir, Tutanxamonun məşhur xəncərində olduğu kimi, düşən meteoritdən götürülüb. Bu fərziyyəni yoxlamaq üçün tədqiqatçılar xəzinədəki dəmir əşyaların kütlə-spektrometrik analizini aparıblar.
Nəticələr göstərib ki, sfera Avstraliyada tapılan "Mundrabilla" meteoriti ilə tərkibcə oxşar olan 5.5% nikel tərkibli meteorit dəmirindən hazırlanıb. Bilərzikdə nikel tərkibi daha aşağı idi - təxminən 2.8%, lakin sonrakı analiz bu elementin daha yüksək faizini aşkar edib.
Yekun nəticələr üçün əlavə tədqiqatlar tələb olunsa da, alimlərin ilkin versiyası ondan ibarətdir ki, bu artefaktlar üçün metal həqiqətən kosmosdan gəlib və qədim ustalar tərəfindən unikal bəzəklər yaratmaq üçün istifadə edilib.