AZ

Qurban Qurbanova niyə millinin baş məşqçi postu təklif olunmadı?

Onunla futbol və intellektual oyunlar oynayanlar emosional olduğunu, məğlubiyyətlə barışmadığını deyirdilər.

Buna görə də müsahibəyə gedəndə bir qədər həyəcanlı idim. Çünki verilməli suallar çox idi...

Amma görüşəndən sonra intelligent, səbrli və səmimi insan olduğunu gördüm. Geniş müsahibədə bütün mövzuları əhatə etməyə çalışdıq. Səbrlə, təmkinlə, açıq cavablar verdi.

AFFA-nın vitse-prezidenti, İTV-nin baş direktoru, Azərbaycan Qılıncoynatma Federasiyasının prezidenti və ən azı “Nə? Harada? Nə zaman?” intellektual oyununda Azərbaycanın adını beynəlxalq səviyyədə ucaltdığına görə həmişə gələcək nəsillərə örnək göstəriləcək Balakişi Qasımovla müsahibənin ikinci hissəsini təqdim edirik (sports.az)

“Bu tək Balakişi Qasımovun öhdəsindən gələcəyi iş deyil”

- "Nə? Harada? Nə zaman?" - 30 ildi Azərbaycan futbolunda bu suala cavab tapılmır. Bəlkə bu sualların bilicisi kimi Tanrı bu vəzifəni sizə qismət edib?

- Təşəkkür edirəm ki, mənim haqqımda belə düşünürsünüz. Amma bu qədər böyük işi 1 adam görə bilməz. Burada bütün komanda - AFFA-da çalışanlar, bütün futbol ictimaiyyəti bacardığını etməlidir. Azərbaycan futbolunun inkişafı bir adamdan asılı ola bilməz. Ancaq birlikdə çalışmaqla Azərbaycan futbolunu futbolsevərlərin istədiyi səviyyəyə çatdırmaq olar. Hansısa böyük problemli məsələni həll etməkdənsə "Nə? Harada? Nə zaman?" oyununda bəzən ən çətin suallara belə cavab tapmaq daha asandır. Bu, bir intellektual oyundur. Futbol isə dünya səviyyəli idman növüdür. Futbola hamı baxır, sevir, istəyir ki, komandalarımız qələbələr əldə etsin, millimiz uğurlu olsun, futbolumuz inkişaf etsin. Bu tək Balakişi Qasımovun öhdəsindən gələcəyi iş deyil. Çox çalışmaq lazım olacaq.. Tək mən yox, bütün futbola cavabdeh olan, bu sahədə çalışan insanlar əlimizdən gələni edəcəyik. Ümidvaram ki, alınacaq. Yalnız onu söz verə bilərəm ki, alınması üçün əlimizdən gələni edəcəyik.

- Biz həmişə böyük azərbaycanlı futbolçu olmamasından şikayətlənirik. "Böyük beşlik" liqalarında böyük futbolçularımızın yoxluğundan şikayətlənirik. Balaca futbolçu yetişdirmədən böyük futbolçu olarmı?

- Uşaq futbolu olmadan Azərbaycan futbolunun gələcəyi o qədər də parlaq görünmür... Təbii ki, hansısa istisnalar ola bilər. Hərdən sistem işinə görə yox, Allah vergisinə görə bir vunderkind çıxar. Heç bir şəraiti olmayan ucqar bir kənddən istedadlı futbolçu peyda olar. Bizim azərbaycanlı bir uşaq TOP 5 çempionatlarından birinə qədər gedib çıxa, ölkəmizi təmsil edə bilər. Ancaq sistem düzgün qurulsa, bunun sabit olmaq ehtimalı daha yüksəkdi. Sistemin düzgün işləməsi çox vacibdir.

- Murad Musayevi "Sabah"a sizin gətirdiyiniz deyilirdi. Onun komandası hazırda Rusiya çempionatında liderdir. "Sabah" belə bir məşqçinin getməsinə niyə imkan verdi?

- İdman ictimaiyyəti Murad Musayevi “Sabah”a mənim gətirdiyimi düşünür. Amma bu belə deyil. Murad Musayevin gətirilməsinin təşəbbüskarı “Sabah” futbol klubunun rəhbərliyidir. Mən bu işdə, sadəcə, vasitəçi olmuşam – Murad Müsayevlə şəxsi münasibətləri olan dostlarımızın köməyi ilə onun Bakıya gəlməsinə və “Sabah” klubunun rəhbərliyi ilə tanış olmasına vasitəçilik etmişəm. Biz Muradla daim əlaqə saxlayırıq. Çox yaxşı münasibətimiz var. Onun komandasının uğurları olanda təbrik edirəm. O da "Sabah"ın uğurları olanda bizi təbrik edir. Əmin edə bilərəm ki, Muradın "Sabah"dan gedişi öz qərarı idi. "Sabah" klubunun rəhbərliyi də, şəxsən mən də əlimizdən gələni etdik ki, qalsın. Muradla münasibət həmişə yaxşı olub. O gedəndə bəzi saytlarda xəbərlər çıxdı ki, guya komanda daxilində fikir ayrılığı, münaqişə varmış - əslində, belə bir şey olmayıb. Murad həmin an düşünürdü ki, komandanı böhrandan çıxara bilməyəcək. Günahı özündə görürdü. Mən isə elə düşünmürdüm. Çünki bu, futboldur, həyatdır, həmişə qalib gəlmək olmur. Çətin anlarda insan özünü toparlayıb ayaq üstə dayanmağa çalışmalıdır. İnsan yıxıla da bilər, amma ayağa qalxmağı bacarmalıdır. Mən Murada dedim ki, təbii ki, nə vaxtsa "Sabah"dan getməlisən və gedəcəksən də. Bu, həyatdır, normaldır. Sadəcə, sənin yerində olsaydım, qalib gəlib gedərdim. O isə fərqli qərar verdi – bu qərarına tam hörmətlə yanaşıram. Həm "Sabah" klubunun, həm mənim Muradla çox yaxşı münasibətimiz qalır. Onun başçılıq etdiyi klub Rusiya çempionluğunu qazansa çox şad olaram. Murada uğurlar arzulayıram!

- "Sabah" Azərbaycanda 2-3 imkanlı klubdan biridir. Amma "Krasnodar" Rusiyanın ən imkanlı komandası deyil. Sizcə, Musayevdə niyə alınmadı?

- Əslində, "Krasnodar" Rusiyanın imkanlı klublarından biridir. Məncə, Muradda "Sabah"da da alındı. Komanda çempionatda ikinci oldu, ən güclü klubumuz "Qarabağ"la qarşılaşmalarda maraqlı oyun nümayiş etdirdi. Amma "ikinci mövsüm sindromu" oldu. Komanda uğurdan sonra sanki bir psixoloji bataqlığa düşdü. Bu uğura hazır idimi, hazır deyildimi – problemləri bunda axtarmaq lazımdır. Rəqiblər komandanın oyununu yaxşı öyrənməyə, "Sabah"a qarşı daha ciddi hazırlaşmağa başladılar. Düşünmürəm ki, problemi rəhbərlik-məşqçi münasibətlərində axtarmaq o qədər də düzgün fikirdir. Nə Murada münasibət, nə də iş baxımından hansısa şərait dəyişməmişdi. "Sabah" ikinci yer tutanda da, həmin mövsümdən sonra da vəziyyət eyni idi.

Əldə olunmuş uğuru qoruyub saxlamaq onu qazanmaqdan çətindir. İnsanların yeni statusa öyrəşməsinə zaman və təcrübə lazımdır.

"Nə? Harada? Nə zaman?" haqqında bir neçə dəfə dediniz. Biz Moskva klubunda oyunlarımıza çox yaxşı başlamışdıq. Hətta, səhv etmirəmsə 5 illiyin finalında çıxış etmişdik. Ondan sonra uğurlar, finallar gəldi. Hiss etdik ki, həm klubda, həm tamaşaçılar tərəfindən bizə münasibət dəyişib. Bu da böyük məsuliyyət yaradırdı. Bundan sonra uzun müddət ardıcıl uduzmağa başladıq. Fikirləşirdim ki, indi əvvəlkindən də yaxşı oynayırıq, amma uduzuruq. Komandanı toparlayıb yenidən qələbələr əldə etməyə başladıq. Böhrandan çıxandan sonra anladım ki, problem suallarda, bizə münasibətdə, kənarda deyildi. Problem bizim özümüzdə idi. Biz klubun liderlərindən biri olmaq üçün az vaxt sərf etmişdik. Lider roluna isə öyrəşməmişdik. Bu zaman bəlkə özünü böyük, ulduz hiss edirsən və düşünürsən ki, mən klubun ən güclü komandalarından birinin üzvüyəm. Bu da oyuna və prosesə qeyri-ixtiyari daha az diqqət yetirməyə gətirib çıxarır, çətinliklər yaranır. Sən özün də bunu hiss etmirsən. Düşünürsən ki, əvvəl necə edirdimsə, indi də elə edirəm. İstək də var, çalışırıq da, suallara da cavab veririk, amma alınmır. Problem bizim özümüzdə idi. Yeni statusa öyrəşməli idik, yeni rolumuzu başa düşməli idik. İnsanlar hansı işlə məşğul olmasından asılı olmayaraq həmişə oxşar problemlərlə rastlaşır. Çünki robot deyillər. Elə olsa, maraq qalmazdı, ən güclülər həmişə qalib gələrdi. Psixologiya çox vacibdir.

- "Sabah"ın "Qarabağ"ın çempionluq yürüşünü dayandırmaqla bağlı hansısa planları var? Yoxsa elə indiki vəziyyət komandanı qane edir?

- "Sabah"ın rəhbərliyini yaxşı tanıyıram və orda futbola münasibəti görürəm, bilirəm. Tək "Sabah" haqqında deməyim – insan hansı işlə məşğuldursa, yarışda iştirak edirsə, yalnız bir hədəf ola bilər: qələbə! Bəli, obyektiv gerçəklik var. Ola bilər ki, resursların çatmır və s. Amma yenə də o istək mütləq olmalıdır. "Sabah"ın Azərbaycan çempionu olmaq istəyi, ambisiyaları var. Amma bunu əldə etmək üçün çox böyük iş görmək lazımdır, vaxt da tələb olunur. Əminəm ki, indiki durum nə "Sabah"ı, nə "Neftçi"ni, nə də "Zirə"ni qane etmir. Heç bir klubun rəhbərliyi və ya məşqçiləri ilə bu barədə bir kəlmə də danışmamışam. Ancaq hiss edirəm ki, Azərbaycanda çempion olmaq istəyən bir neçə klub var. Hələ ki, alınmır, çünki "Qarabağ" çox güclüdür. Amma komandalar öz üzərlərində daim işləməlidirlər ki, "Qarabağ"a rəqabət yarada bilsinlər. Hər il eyni komanda çempion olmasa, Azərbaycan çempionatı da daha maraqlı keçər. Ancaq bu o demək deyil ki, "Qarabağ" kiminsə çempionluğuna imkan verməlidir. Güclü "Qarabağ"la mübarizədə çempion olmaq, böhran yaşayan bir komandaya qalib gəlib çempionluq qazanmaqdan daha yaxşıdır. Buna görə də, mən "Qarabağ"a həmişə güclü olmağı, yüksək səviyyəni qorumağı və bizi Avropada sevindirməyə davam etməyi arzulayıram.

“Uşaqlıqdan "Neftçi" azarkeşi olmuşam”

- Azərbaycan çempionatında Qurban Qurbanov, Kurban Berdıyev kimi çox yaxşı məşqçilər var. Klublarımız nə vaxtsa avrokubok qazana bilərmi? Bunun üçün bizə nə lazımdır?

- Bunun üçün çox güclü, rəqabətli çempionat lazımdır. Oyunların tempi, çempionata maraq daha yüksək olmalıdır. Nə qədər güclü rəqabət olsa, klublarımız Avropada bir o qədər uğurlu çıxış edər. Buna görə də Qurban Qurbanov, Kurban Berdiyev və başqa tanınmış məşqçilərin bizim komandaları çalışdırmasına yalnız sevinmək olar. Ancaq təbii ki, klubun Avropa səviyyəsində uğurlar qazanması təkcə məşqçidən asılı deyil. Bütünlüklə sistem inkişaf etməlidir. Azərbaycana daha güclü futbolçular gəlməlidir, özümüz daha güclü futbolçular yetişdirməliyik. Meydan probleminin həlli, çempionatın televiziyada daha keyfiyyətli təqdimatı, maraqlı oyunların sayının çoxluğu – bütün bunlar cəmiyyətdə Azərbaycan çempionatına ciddi diqqət yaranmasının şərtidir. Bundan sonra uğurlar da olacaq.

- Azərbaycanda yerli futbolçulara verilən yüksək maaşa görə onların xaricə getmək istəmədiyi deyilir. Çünki, həmin maaşı onlara xaricdə heç kim verməyəcək. Bu mənada məşqçilərimiz haqqında nə düşünürsünüz?

- Əlbəttə, həm futbolçularımızın, həm də məşqçilərimizin xaricdə özlərini sübut etməsini görmək istəyərdim. Düşünürəm ki, Rəşad Sadıqov, Ayxan Abbasov, Samir Abasov və Elmar Baxşiyevdə bu alına bilər. Heç kimin xətrinə dəymək istəmirəm. Yaxşı məşqçilərimizin sayı daha çoxdur. Əllərinə fürsət düşsə, təklif gəlsə, özlərini xaricdə sübut edəcəklərinə inanıram.

- Xaricdən təklif gəlmək ehtimalı olan əsas azərbaycanlı məşqçi Qurban Qurbanovdur. Sizcə, o özünü Azərbaycandan kənarda da sınamalıdırmı?

- Hərdən Qurban Qurbanovun xaricə gedəcəyi ilə bağlı xəbərlər çıxanda... Mən axı istəyirəm ki, Azərbaycan komandaları avrokuboklarda uğurlu çıxış etsin..Təbii ki, "Qarabağ" tək Qurban Qurbanov deyil. "Qarabağ" bir sistemdir, klubdur. Orada idarəetmə yüksək səviyyədədir. Klub kimi artıq formalaşıblar. Yəqin ki, onlar da Qurban Qurbanovun gedəcəyi təqdirdə klubun necə davam edəcəyini düşünürlər. Lakin "Qarabağ"ın uğurlarının əsas memarı Qurban Qurbanovdur. Buna görə də, düşünürəm ki, Qurban Qurbanovun "Qarabağ"dan getməsi komandanın xeyrinə olmaya bilər. Ancaq təbii ki, Qurban Qurbanov üçün bir məşqçi kimi yeni çağırış ola bilər. O, Azərbaycanı, məşqçilik məktəbimizi xaricdə yüksək səviyyədə təmsil edə bilər. Ən azı o potensiala malik insandır. Sadəcə, getmirsə, deməli istəmir. Mən çox şadam ki, getmir (gülür).

- Uşaq vaxtı hansı klubun azarkeşi olmusunuz? "Neftçi" indi keçmişi "Beşiktaş"a bağlı türklərə güvənir. Ölkədə ən möhtəşəm azarkeşi olan klubun tərəfdarlarının beynində illərdir bu sual mövcuddur: "Flaqman" nə vaxt qayıdacaq?

- Uşaqlıqdan "Neftçi" azarkeşi olmuşam. Onda futbolu sevən hər uşaq "Neftçi" azarkeşi idi. 1985-ci ildən bütün ev oyunlarında tribunada olmuşam. Biz iki həftənin tez keçməsini səbirsizliklə gözləyirdik ki, "Neftçi"nin oyununa gedək, azarkeşlik edək. Komandamız bir həftə səfərdə, növbəti həftə evdə oynayırdı. Səfər oyunlarında, səhv etmirəmsə, "Araz" radiosu ikinci hissələri yayımlayırdı. Axtarıb tapıb qulaq asırdıq ki, görək "Neftçi"miz necə oynayır. Ev oyunlarında isə atam abunəlik almışdı, qardaşımla hər oyuna tribunadan baxırdıq. "Neftçi" Azərbaycan futbolu üçün həmişə böyük klubdur. Çox istəyərdim ki, yenə əvvəlki əzəmətini qaytarsın. "Neftçi"nin güclü olması həm də çempionatın daha rəqabətli olması deməkdir. Buna görə də arzu edirəm ki, "Neftçi" tez bir zamanda özünə gəlsin.

- Premyer Liqanın autsayderi "Kəpəz" ölkənin ikinci böyük şəhərini təmsil edir. Gəncə futbolçu konveyeri kimi ad çıxarıb. Amma illərdir bu şəhərin futbolu acınacaqlı vəziyyətdədir. Bu sözləri futbol ənənəsi olan və olmayan digər şəhərlərimiz haqqında da deyə bilərik. AFFA-nın bu haqda hansısa perspektivə yönəlmiş planları varmı?

- Futbol regionlarda inkişaf etməsə, Azərbaycan futbolundan danışmaq çətin olacaq. Həm dövlət icra strukturları, həm də AFFA tərəfindən bütün şəhərlərdə meydançaların olması, hər bir şəraitin yaradılması üçun mümkün hər şey edilməlidir. İstərdim ki, Gəncədə, Lənkəranda, Mingəçevirdə, Qazaxda - hər bir şəhərdə, ilk növbədə, ənənəsi olan yerlərdə tezliklə bu ənənələr bərpa olunsun. Regionlarda futbol mütləq yaşamalıdır – bu, həm çempionata maraq qatacaq, həm də rəqabət artacaq. Özünüz də görürsünüz ki, regionlarda stadionlara daha çox azarkeş gəlir. Yaxşı olardı ki, bütün şəhərlərimizdə futbol olsun.

Təbii ki, planlar var. Bir daha təkrar edirəm ki, yeni hazırlanan strategiyada regional inkişaf prioritet istiqamətlərdən biridir.

Ümidvaram ki, bu strategiyadakı bütün işlər yüksək səviyyədə həyata keçiriləcək və istədiyimizə nail ola biləcəyik.

“Qılıncoynatmada Olimpiya mükafatçılarımız olacaq”

- İTV-də Azərbaycan televiziyası adına bir inqilab etdiniz. Futbolda bunu etmək mümkündürmü?

- İnqilab etdiniz deyəndə, mən heç vaxt təkbaşına uğur əldə etməmişəm. "Nə? Harada? Nə zaman?" oyununda Azərbaycanı təmsil edəndə də, milli komandanın kapitanı kimi dünya çempionu olanda da, Rusiyada elitar klubda çıxış edəndə də həmişə komandanın bir üzvü olmuşam. İTV-də də eynidir. Mən burada tək nəyisə dəyişə bilməzdim – buna 100 faiz əminəm. Bu, komanda işidi. Əgər komanda hansısa bir ideyaya inanırsa, komandanın hər bir üzvü əlindən gələni edirsə, təbii ki, uğur da əldə olunacaq. Əminəm, futbolda da uğur qazanmaq olar. Ancaq əfsuslar ki, futbolda bu iş daha çox vaxt aparacaq.İndiki komanda bacardığını edəcək. Həm futbolsevərlər, həm də futbolla çox da maraqlanmayanlar inkişafı görəcəklər. Bilirəm ki, kifayət qədər çox iş görülür. Müəyyən bir vaxtdan sonra bu, mütləq bəhrəsini verəcək.

- Bir futbolçunun yalnız fiziki göstəricilərlə böyük uğurlara imza atması çətindir. Yaxşı futbolçunun həm də yaxşı intellekti olmalıdır. Mövzudan kənara çıxsaq da, sizcə, Azərbaycanda təhsilin səviyyəsi necədir? İntellektli futbolçular yetişdirmək üçün şərait varmı? Eyni zamanda, futbolu ayrıca bir dərs kimi məktəblərdə tədris etmək olarmı? AFFA-nın hazırlanan strategiyasında bu məqama diqqət yetirilə bilərmi?

- Tamamilə razıyam. Futbolçunun futbol intellekti olmalıdır. Savadlı futbolçu digərlərindən seçilir. Ən azı ünsiyyətdə, işə yanaşmada, özünə qarşı tələbkarlıqda və s. Ancaq bu o demək deyil ki, məktəbi qırmızı diplomla bitirən hansısa bir futbolçu sabah meydanda da ən yaxşılardan olacaq. Futbol intellekti fərqli bir anlamdır. Amma mən çox istərdim ki, bütün idmançılarımızın savadı olsun. Savadlı olmaq hələ heç kimə - nə həkimə, nə müəllimə, nə futbolçuya, nə televiziya aparıcısına ziyan vurmayıb. Ən azı, uşaqlarımızın savadlı olması üçün bacardığımızı etməliyik. Sovet dövründən sonra təhsildə müəyyən problemlər vardı. Amma son zamanlar müsbət dəyişiklər görürük. Bunu həm Beynəlxalq Olimpiadalarda uğur qazanan uşaqlarımızın sayının əhəmiyyətli dərəcədə artmasında, həm də digər göstəricilərdə hiss etmək olar. Azərbaycan təhsilinin səviyyəsi artıb. Buna çox sevinirəm. İstərdim ki, təhsilimiz o səviyyədə olsun ki, xarici ölkələrdən Azərbaycana oxumağa gələn tələbələrin sayı, xaricə gedən tələbələrin sayından daha çox olsun. Ancaq bizim uşaqların xaricdə təhsil alması da normal prosesdir. Biz istəyirik ki, bütün dəyişiklər bir anda olsun, amma bunun çox mürəkkəb bir proses olduğunu düşünmürük. Təhsildə bir iş görülürsə, bunun bəhrəsini 10-15 il sonra görürsən. Burda sprinter yox, stayer yanaşması uğur gətirir. Biz indi görürük ki, təhsilimizdə bu yanaşma uğurludur. Futbolun ayrıca bir dərs kimi tədris edilməsinə gəlincə, ən azı hansısa məktəblərdə bunu fakültativ üsulla sınaqdan keçirmək olar. Bu, tək AFFA-nın işi deyil, Təhsil Nazirliyində müzakirə olunası məsələlərdir.

- Siz həm də Azərbaycan Qılıncoynatma Federasiyasının prezidentisiniz. Bu qədər işi çatdırmaq çətin deyil ki?

- Çox çətindir... Ancaq çalışıram. Mənə nə kömək edir? Bayaq da dediyim kimi hər bir istiqamətdə güclü komanda var. Mən də bu komandaların üzvüyəm. Biz birlikdə bu işlərin hamısını görə bilirik.

- Qılıncoynatmada Azərbaycanın ikiqat Olimpiya çempionu İlqar Məmmədov kimi yetirmələri var. İndi bu növdə yeni Olimpiya çempionlarının yetişməsi üçün şərait və perspektiv necədir?

- Mən federasiya prezidenti olmazdan əvvəl İcraiyyə Komitəsinin üzvü idim. Qılıncoynatmanın qayıdışı, intibahı məndən öncə başladı. O vaxt federasiyanın prezidenti Mikayıl Cabbarov idi. O zaman kifayət qədər iş görüldü. Vaxtilə qəbul olunan qərarların bəhrəsini indi görürük. Anna Baştanın Avropa çempionluğu, dünya çempionatında gümüş medal qazanması, sablya üzrə qadınlardan ibarət milli komandamızın Dünya Kubokunun mərhələ yarışlarında uğurlu çıxışları… Yeniyetmə və gənclərin dünya birinciliyində gümüş və bürünc medal qazanaraq Azərbaycanın idman tarixinə düşən Zərifə Hüseynova hazırda sablya üzrə əsas millimizdə çıxış edir. Zərifə kimi perspektiv vəd edən digər yeniyetmə və gənc qılıncoynadanlarımız da var, mötəbər beynəlxalq turnirlərdə yer tuturlar, yarışlara tez-tez gedirlər, vacib təcrübə əldə edirlər. Qılıncoynatmada bizim Olimpiya mükafatçılarımız olacaq. Buna əminəm.

“Biz 2-3 ilə ulduz futbolçu yetişdirib TOP-5 liqalara göndərməyəcəyik”

- "Nə? Harada? Nə zaman?" intellektual oyununu Azərbaycan təhsilində hansısa formada tətbiq etmək olarmı? Məsələn, uşaqların asudə vaxtlarında bu oyunla məşğul olması üçün hansısa şərait yaratmaq olarmı?

- Biz vaxtilə bu oyuna məktəbdən gəlmişdik. Bir çox məktəblərin öz komandaları var idi. Maraqlı oyunlar keçirilirdi, "Breyn Rinq", "Nə? Harada? Nə zaman?" və s. klublar vardı. Şənbə-bazar günləri bu klublarda oyunlar keçirilirdi. "Məktəblər liqası" vardı, bu gün də var. Tədris kimi yəqin ki, həm müsbət, həm mənfi tərəfləri var. Bu gün uşaqlar çox yükləniblər – dərslər, müəllimlər, dərslərin sayı və s. Yəqin ki, fakültativ ola bilər. Bu oyun komandada işləməyi öyrədir, biliyə maraq oyadır. Mən həmişə demişəm ki, İctimai Televiziyadakı bir intellektual verilişdən sonra hansısa uşaq gedib bir kitab vərəqləsə, bu artıq bizim uğurumuzdur. Biz bilirik ki, bu nümunə ilə töhfə verə bilirik. Uşaqlar verilişdə suallara yaxşı cavab verən bilicilərə, ulduzlara bənzəmək istəyir. Bunun üçün də, bilirlər ki, bir yol var - kitab oxumaq, dərslərini oxumaq və s. Bu, bir nəfər də olsa, azərbaycanlı uşaqda biliyə maraq oyadırsa, deməli, bunu etmək lazımdı.

- Siz daha çox Rusiyada tanınmısınız. Həmin ölkədə də azərbaycanlılara bir qədər yuxarıdan aşağı baxırdılar, bazar alverçisi imici yaranmışdı. Necə düşünürsünüz, elitar intellektual oyunda qazandığınız sabit uğurlarla bu fikri müəyyən qədər dəyişə bildinizmi? Ümumiyyətlə, azərbaycanlıları ağıllı xalq adlandırmaq olarmı?

- Ağıllı və ya ağılsız xalq anlamı yoxdu. Hər bir xalqın ağıllısı da, ağılsızı da, biliklisi də, biliksizi də var. Əminliklə deyirəm, həmişə də demişəm – lazımi şərait yaradılsa, bizdə idmanın hər növündə çempion çıxar. Ümumiyyətlə, hər sahədə uğur qazana, hətta, Nobel mükafatı laureatı da ola bilərik. Heç bir xalq bizdən üstün deyil. Biz intellektual oyunlarda çıxış etməyə başlayanda cavan uşaqlar idik – 18, 19, 20 yaşımız vardı. Druz, Potaşov, Burda və başqa tanınmış bilicilərə qarşı çıxırdıq. Biz belə ulduzlarla oynayırdıq. Mən uşaqlara deyirdim ki, həmişə qələbə əldə edəcəyimizə inanmalıyıq.Təbii ki, minimal bir baza da lazımdır, amma adətən, daha istəkli olanlar qalib gəlir. Səndən daha təcrübəli, bəlkə bilikli olsalar da, çalışqansansa, istəklisənsə, mütləq uğur əldə edəcəksən. Mən həmişə uşaqlara deyirdim ki, onların da bir başı, iki əli, iki ayağı var. Niyə onlarda alınmalıdır, bizdə yox?! Özümüzə güvənməliyik və inanmalıyıq. Biz dünya çempionu olanda küçədə, orda-burda məndən soruşurdular ki, sən azərbaycanlısan? Bəs filankəs deyir ki, azərbaycanlı deyilsən. Siz gülürsünüz, tam səmimi deyirəm. Özümüzə o qədər inanmırdıq ki, fikirləşirdik azərbaycanlı gedib intellektual oyunda qələbə əldə edə bilməz.Hər sahədə özümüzə güvənməliyik, inanmalıyıq. O cümlədən də futbolda!

- Azərbaycanlıların zəkası ilə bağlı sualın davamı olaraq, sizə birbaşa aidiyyatı olmasa da, şahmatdan sual vermək istəyərdim. Bir ara dünyanın TOP 10 şahmatçısı arasında 3 azərbaycanlı vardı - Teymur Rəcəbov, Şəhriyar Məmmədyarov və rəhmətlik Vüqar Haşımov. Amma bizdə şahmatın nə qədər ənənəsi olsa da, müstəqil Azərbaycandan dünya çempionu çıxmır...

- Bəli, şahmatda çox böyük ənənələrimiz var. Bilirəm ki, bu gün də kifayət qədər iş görülür.

Bunu çox ölkə deyə bilər ki, şahmatda onların dünya çempionu yoxdu. Amma bu o demək deyil ki, o ölkələr şahmatda zəifdir. Sadəcə, hardasa Karlsen kimi bir Allah vergisi var. Kim deyər ki, Norveç hansısa başqa şahmat ölkəsindən daha yaxşıdı, daha güclüdür? Yox, sadəcə, Maqnus istedaddır, öz üzərində işləyib və şərait də imkan verib ki, gəlib bu səviyyəyə çatsın.

Dünya çempionumuz olmasa da, adlarını çəkdiyiniz Teymur, Şəhriyar, mərhum Vüqar, Rauf kimi oyunları ilə dünyada hörmət qazanan, tanınan qrossmeysterlərimiz var. Çoxdular, düşünürəm ki, hamısının adlarını çəkməyə ehtiyac yoxdur, hamı tanıyır. Mən onlarla fəxr edirəm!

Azərbaycanlılar elmdə də, idmanda da, hər sahədə uğur qazana bilər. Sadəcə, daim öz üzərində işləmək lazımdı.

- Belə bir fikir var ki, sovet dövründən bu yana Azərbaycan normal futbolçu yetişdirə bilmir. Belə deyək, qanımızda futbol yoxdu, amma şahmat var. Bəlkə futbola ayrılan pulu şahmata yönləndirmək daha doğru olar?

- Bunlar iki fərqli istiqamətdir. Futbol elə bir oyundur ki, bizim şahmatda dünya çempionu olsa belə, futbol daha çox seviləcək. Bu reallıqdı. Mən "elita" sözünü çox sevmirəm və nadir hallarda istifadə edirəm. Amma şahmat, doğrudan da, elitar bir oyundur. Elmi kitab oxumaq hamıya maraqlı olmadığı kimi, şahmat da hamı üçün maraqlı ola bilməz. Futbol isə daha kütləvi idman növüdür. Bu oyunu hamı sevir, ölkəsindən nailiyyətlər gözləyir. İstəsək də, istəməsək də, futbola həmişə yatırım olacaq. Çünki, bu oyun insanların marağını daha çox cəlb edir. Sovet dövründə Azərbaycanda futbolun durumuna gəlincə, heç uğur olmayıb da deyə bilmərik, az olub deyək. Heç kimin xətrinə dəymək istəmirəm. Biz sabah istəsək ki, körlinqdə Olimpiya çempionu olaq, güclü bir komanda yığsaq, bu ideya uğrunda birləşsək, işi düz qursaq, bir az səbrli, dözümlü olsaq, buna nail ola bilərik. Ancaq, məsələn, futbolda və ya şahmatda alınmaya bilər. Əsas odur ki, inam olsun və sistem, proses düzgün qurulsun. Gürcü, rus, italyan, fransız və ya başqa futbolçudan azərbaycanlının nəyi əskikdir?! Fərqimiz nədir?! Bizdə də, onlarda da hündürboy, balacaboy, texnikalı, sürətli və s. uşaqlar var! Sadəcə, sistem qurulmalıdır və bu sistem düz işləməlidir. Bunun üçün də istək və səbr lazımdır. Biz 2-3 ilə ulduz futbolçu yetişdirib TOP-5 liqalara göndərməyəcəyik, gəlin özümüzü aldatmayaq..Futbolda bu sistemi qurmaq şahmatda qurmaqdan daha çətindir. Çünki, futbolu şahmatdakı kimi 1 nəfər oynamır, kütləvidir, daha çox vəsait tələb olunur, daha çox insan çalışır, daha böyük enerji lazımdır və s. Təbii ki, idarəetmə də daha çətindir. Ancaq bu o demək deyil ki, azərbaycanlılar futbol oynaya bilmir və bilməyəcək. Amma şahmat oynaya bilir. Hər ikisi yarışdır. Hər ikisində doğru motivasiya, öz üzərində daim işləmək lazımdır. Beynəlxalq yarışlarda çıxış edəndə heç vaxt unutmamışam ki, Azərbaycandanam və azərbaycanlıyam. Azərbaycanlıyam deyəndə təkcə Azərbaycanda anadan olan yox, həm də Azərbaycanı sevən azərbaycanlıları nəzərdə tuturam. Bizim komandada Dmitri Avdeyenko vardı. Özünü həmişə azərbaycanlı kimi hiss edirdi. Oyunlarda kəpənək qalstuk taxırdıq. İnsanlar buna bəlkə də çox fikir verməyib. Amma uzun illər Moskvada yaşayandan sonra da Dimanın kəpənək qalstukunda Azərbaycan bayrağının rənglərini görmək olur. Yəni, biz heç vaxt unutmurduq ki, Azərbaycanı təmsil edirik. Bizə bazarda işləyən deyənlər, yuxarıdan aşağı baxanlar əvvəllər çox idi. Ancaq bu o insanların problemidir. Fərqi nədir ki, insan bazarda işləyir, ya tutaq ki, "Nə? Harada? Nə zaman?" oynayır. Əgər insan tərbiyəlidisə, əgər o, hansısa bir addımının, sözünün, əməlinin tək onun özü haqqında yox, təmsil etdiyi ölkə haqqında fikir formalaşdırdığını anlayırsa, harda işləməyinin fərqi yoxdur. Hər bir millətin bazarda işləyəni də, akademiki də, musiqiçisi də, müəllimi də, həkimi də, futbolçusu da var. Buna görə də Moskvada çıxış edəndə şəxsən mənim heç vaxt həvəsim olmayıb ki, intellektual sahədə uğur əldə edə bilən bir millətin təmsilçisi olduğumuzu onlara sübut edim. Çünki, buna həmişə əmin idim və fəxrlə deyirdim ki, azərbaycanlıyam. Ən azı "Nə? Harada? Nə zaman?", "Breyn Rinq", "Şən və Hazırcavablar Klubu" kimi oyunlarda azərbaycanlılara heç kim yuxarıdan aşağı baxmırdı. "Bakılı oğlanlar" komandasındakı dostlarımızın 90-cı illərdə böyük uğurları oldu, sonra XX əsrin çempionluğunu qazandılar. Biz əl-ələ verib Azərbaycanın adını ucaltmağa çalışırdıq. Bazarda işləyən həmvətənlərimizə görə də utanmıram. Çünki bu da onun işidir, əziyyət çəkib ailəsinə halal çörək qazanır. Sadəcə, 90-larda bir problem yarananda mütləq millətin adını yazırdılar. Əgər azərbaycanlı gedib kimisə xilas edirdisə, onun azərbaycanlı olduğunu demirdilər. Ancaq problem yarananda deyirdilər azərbaycanlıdır, ermənidir, dağıstanlıdır... Amma indi belə şey yoxdur. Düşünmürəm ki, bu, bizim kimi intellektual sahədə hansısa uğur qazanan azərbaycanlılara görədir (gülür). Yəqin ki, zamanla öz-özünə həll olunub.
Sizə açıq deyim, mənə bu barədə geniş danışmaq çətindi. Çünki, heç vaxt hiss etməmişəm ki, kimsə mənə yuxarıdan aşağı baxır. Düzdür, orada insanlar bir qədər fərqlidir, amma nə "Nə? Harada? Nə zaman?" klubunda, nə kitab mağazalarında belə şey olmayıb. Əksinə, böyük maraqla yaxınlaşıblar, şəkil çəkdiriblər, nəsə soruşublar. Buna görə hiss etməmişəm. Amma təbii ki, indi bizim ölkəmizə münasibət çox dəyişib. Həm 44 günlük zəfərimiz, həm daha öncə Azərbaycanın uğurları belə məsələrdə böyük rol oynayır.
...Bir də biz özümüzə dəyər veririksə, başqaları da verəcək. Güclü, böyük, özünə və ətrafındakılara hörmət saxlayan xalq kimi tanıyacaqlar. Baxmayaraq ki, kiçik ölkəyik, artıq demək olar ki, dünyanın hər yerində "Azərbaycandan gəlmişəm" deyəndə tanıyırlar, bilirlər ki, Azərbaycan hardadır, hansı uğurları var. Buna görə də düşünürəm ki, 90-cı illərlə müqayisədə Azərbaycana və azərbaycanlılara dünyada münasibət müsbət yönümdə çox dəyişib. Əminəm ki, bundan sonra da daha yaxşı olacaq.

“Yeni strategiyanın bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı və geniş müzakirəyə çıxarılacağı nəzərdə tutulur”

- Yeni komanda AFFA-ya niyə hazır platformayla gəlmədi?

- Hal-hazırda AFFA-da işlənib hazırlanan yeni strategiya AFFA-nın yeni prezidenti Rövşən Nəcəfin irəli sürdüyü baxışlara əsaslanır. Müəyyən bir qismini Rövşən Nəcəf 2 aprel, 2024-cü il tarixində AFFA-nın Hesabat-Seçki Konfransında da səsləndirmişdi. Əlavə olaraq, sözügedən strategiyada AFFA İcraiyyə Komitəsinin üzvləri və ümumi olaraq Futbol İctimaiyyətinin də məqsədəuyğun fikirləri nəzərə alınacaq.

- Yeni strategiyanı nə qədər gözləmək lazımdır?

- Yeni strategiyanın bu ilin sonuna qədər ictimaiyyətə təqdim olunacağı və geniş müzakirəyə çıxarılacağı nəzərdə tutulur.

- Yeni strategiya əvvəlkilərdən nə ilə fərqlənir?

- Bir qədər də səbr edək – bir müddətdən sonra yeni strategiyanı əvvəlki strategiyalarla müqayisə edə biləcəyik.

- İlqar Qurbanovun "Sabaha saxlamayaq" verilişində dedikləri həqiqət idimi? Bu haqda siz nə bilirsiniz?

- Siz özünüz də yaxşı bilirsiniz ki, bu fikir təkcə İlqar Qurbanova məxsus deyil – sadəcə, İlqar Qurbanov bu fikri indiyə qədər efir vasitəsi ilə səsləndirmiş yeganə futbol adamıdır. İlqar Qurbanova inanmamaq üçün heç bir əsasım yoxdur. Hiss olunur ki, İlqar Qurbanovu qınayanlar da bu məsələdə onunla həmfikirdir, amma müəyyən səbəblərdən öz fikirlərini fərqli şəkildə ifadə etməyi lazım bilirlər.

- Qurban Qurbanova niyə milli komandanın baş məşqçisi postu təklif olunmadı?

- Bu sual mənə verilibsə, yəqin ki, nəyə görə Qurban Qurbanovun namizədliyinin şəxsən mənim tərəfimdən irəli sürülməməsindən söhbət gedir. İlk növbədə, qeyd edim ki, Qurban Qurbanova böyük hörmətim var və o, bu məsələdə mövqeyimi yaxşı bilir. Milli komandanın davamlı uğurlarının əldə olunması üçün çox vaxt lazımdır. Artıq qeyd etdiyim kimi, Qurban Qurbanov “Qarabağ”ı tərk etsə, bu, “Qarabağ” üçün böyük itki ola bilər. Düşünürəm ki, Qurban Qurbanovun rəhbərliyi altında “Qarabağ”ın beynəlxalq arenalarda ölkəmizi layiqincə təmsil edərək uğurlar qazanması çox vacibdir.

- Qurban Qurbanov niyə Santuşun seçimində iştirak etmədi? Bu o deməkdir ki, o Santuşun təyinatını istəmirdi? Və ya bəlkə özünə təklif olmadığı üçün inciyib?

- Bu, Qurban müəllimin şəxsi qərarıdır, bu sualı onun özünə versəniz, daha yaxşı olar. Amma mənim fikrimcə, Qurban Qurbanov inciyən deyil – o, öz fikrini hər zaman açıq ifadə etməyi bacarır və bunu dəfələrlə nümayiş etdirib.

- Siz AFFA-nın vitse-prezidentisiniz. "Sabah"ın prezidenti Maqsud Adıgözəlov AFFA İcraiyyə Komitəsinin üzvüdür. Bu məqam "Sabah"ın oyunlarında hakimlərdə ən azı psixoloji gərginlik yarada bilərmi? AFFA və PFL tərəfindən "Sabah"a qarşı hansısa bir simpatiya bəslənilə, güzəşt edilə bilərmi?

- Rövşən Nəcəf AFFA-nın prezidenti seçilməzdən əvvəl “Neftçi” klubunun Müşahidə Şurasının sədri, hazırda İcraiyyə Komitəsində təmsil olunan Səməd Qurbanov isə Müşahidə Şurasının üzvü olub. AFFA İcraiyyə Komitəsinin digər üzvü Qurban Qurbanov isə “Qarabağ” futbol klubunun baş məşqçisidir. Fikrimcə, bu kimi amillər peşəkar hakimin işinə təsir göstərməməli, obyektiv qərarlar verməsinə mane olmamalıdır. Amma bütün bunlara rəğmən, milli çempionatda qərəzli şəkildə “Sabah” klubunun lehinə çıxarılmış çoxmu qərarlar görmüsünüz? Şəxsən mən görməmişəm.Əksini isə görmüşəm. Bu da sizin sualınıza cavabdır.

- Bir jurnalistin hansısa müsahibə simpatiya göstərməsi ən azı peşə etikasına sığmır. Təxminən 20 ildir çox böyük simpatiya bəslədiyim bir azərbaycanlısınız. Amma bu fonda müsahibədə maksimum obyektiv olmağa çalışdım. Hansısa nöqsanlar oldusa inanıram ki, həm oxucular, həm siz nəzərə alacaqsınız...

- Təşəkkür edirəm. Ümidvaram ki, bu geniş müsahibədən istədiyinizi ala bildiniz. Tam səmimi deyirəm, mən həmişə ünsiyyətə açığam.

Anar Şabanoğlu

Seçilən
51
50
sportinfo.az

10Mənbələr