AZ

Üç mühüm enerji təşəbbüsü rəsmi olaraq təqdim edilib

COP29 Sədrliyi tərəfindən beynəlxalq iqlim konfransının Enerji Günü çərçivəsində COP29-un enerji təşəbbüsləri üzrə Nazirlər Görüşü keçirilib. Tədbirdə üç mühüm enerji təşəbbüsü – COP29 Qlobal Enerji Saxlama və Şəbəkələr Vədi, COP29 Yaşıl Enerji Vədi: Yaşıl Enerji Zonaları və Dəhlizləri və COP29 Hidrogen Bəyannaməsi rəsmi olaraq təqdim edilib.

Energetika Nazirliyinin məlumatına görə, COP29 qlobal enerji saxlama və şəbəkələr vədi 2030-cu ilə qədər qlobal enerji saxlama sistemlərinin 1 500 QVt gücünə çatdırılmasını və 25 milyon kilometr, 2040-cı ilə qədər isə əlavə 65 milyon kilometr elektrik şəbəkəsinin qurulması və ya təmiri öhdəliyini daşıyır. Bu vəd bərpaolunan enerji mənbələrinin istifadəsini təşviq edərək qlobal enerji sistemlərinin dayanıqlılığını təmin etmək məqsədinə xidmət edir.

COP29 yaşıl enerji zonaları və dəhlizləri vədi çərçivəsində qitələrarası və regionlararası yaşıl enerji zonalarının yaradılması nəzərdə tutulur. Bu təşəbbüs BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə uyğundur və iqtisadi inkişafı təşviq edir, resurslardan səmərəli istifadəni dəstəkləyir.

Hidrogen haqqında COP29 bəyannaməsi isə təmiz hidrogen istehsalının artırılması, mövcud hidrogen istehsalında karbon tullantılarının sıfıra endirilməsi istiqamətində qlobal səyləri gücləndirməyə çağırır. Bu təşəbbüs yaşıl iqtisadiyyata keçid prosesində qlobal bazarı stimullaşdırmaq və beynəlxalq standartların inkişafına dəstək vermək məqsədini daşıyır.

Energetika naziri Pərviz Şahbazov deyib: “Dünyanın iqlim və enerji yolunda taleyüklü bir mərhələyə daxil olduğu bir vaxtda, Azərbaycanın yaşıl enerji zonaları, yaşıl enerji dəhlizləri, enerji saxlama, şəbəkə infrastrukturu və hidrogen sahəsindəki təşəbbüsləri qlobal iqlim hədəflərinə çatmaq üçün həlledici rol oynayır. Bu təşəbbüslər Azərbaycanı bərpaolunan enerjinin inkişafı və ixracında lider mövqeyə yüksəltməklə yanaşı, genişmiqyaslı ötürmə, uzaq potensial enerji mənbələrinin istehlak mərkəzləri ilə əlaqələndirilməsi, enerji təchizatı ilə tələbat arasında tarazlığın təmin edilməsi və böyük həcmdə yaşıl enerji güclərinin şəbəkəyə inteqrasiyası ilə qlobal miqyasda təmiz enerjinin inkişafını sürətləndirmək üçün unikal imkanlar yaradır. COP29 hər birimizi bu öhdəliklərə qoşulmağa, enerji keçidimizi və iqlim fəaliyyətimizi gücləndirməyə və dünyamız üçün davamlı bir gələcək qurmaq naminə birliyə çağırır. Gəlin, COP29-u əlamətdar bir dönüş nöqtəsinə çevirək və qlobal iqlim və enerji səylərimizi yeni zirvələrə qaldıraq”.

COP29 çərçivəsində qlobal səviyyədə enerji sektorunun karbonsuzlaşdırılması səylərinə dəstək məqsədilə hazırlanmış və qlobal iqlim hədəflərinə uyğun olaraq istixana qazı tullantılarının azaldılmasını hədəfləyən bu təşəbbüslər bir sıra beynəlxalq təşkilatlarla, o cümlədən IRENA, IEA, UNIDO, UNECE və UNESCAP ilə əməkdaşlıq çərçivəsində formalaşdırılıb.

Nazirlər Görüşündə ABŞ-nin energetika naziri Cennifer Qranholm, Avropa İttifaqının (Aİ) energetika məsələləri üzrə komissarı Kadri Simson da daxil olmaqla 20-dən çox ölkə, 16 beynəlxaq təşkilat və maliyyə institutları təmsil olunub.

Seçilən
31
2
vergiler.az

4Mənbələr