Olaylar xəbər verir ki, bunu Böyük Britaniyanın Xəzinədarlıq maliyyə Katibi Lord Livermor "İqlim tədbirləri üçün səfərbərlik: Paris sazişini həyata keçirən ölkələr, çoxtərəfli maliyyə təşkilatları və özəl sektor" mövzusunda keçirilən panel müzakirəsi zamanı bildirib.
"Maliyyələşdirmə, şübhəsiz ki, mühüm və katalizator rolunu oynayır, lakin heç vaxt ehtiyacları tamamilə ödəyə bilməz. 2022-ci ildə adaptasiya üçün maliyyələşdirmə axınları 63 milyard ABŞ dolları təşkil etsə də, bu, ümumi iqlim maliyyələşdirilməsinin cəmi 5 faizini əhatə edir. Ən böyük ehtiyaclar dayanıqlı infrastruktur, o cümlədən, fəlakətlərin qarşısının alınması və inkişaf etməkdə olan iqtisadiyyatlar üçün kənd təsərrüfatına aiddir", - deyə o bildirib.
Lord Livermorun sözlərinə görə, adaptasiya üçün maliyyələşdirmənin əsas hissəsi ictimai mənbələrdən, əsasən, suveren borc şəklində daxil olur. Afrikaya gəldikdə, adaptasiya üçün maliyyələşdirmənin cəmi 3 faizi institusional investorlar tərəfindən təmin edilir. Buna görə də bu kontekstlərdə adaptasiya üçün özəl investisiyaların səfərbər edilməsi istiqamətində əlavə addımlar atılmalıdır.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının (COP29) Tərəflər Konfransının 29-cu sessiyasının açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir - Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək.