"Azərbaycan növbəti bir il ərzində COP çərçivəsində prezidentliyini davam etdirəcək. Bu, təbii ki, Azərbaycanın müxtəlif ölkələrdə və platformalarda sözünü deməsinə və bu gündəliyi davam etdirməsinə şərait yaradacaq. COP29-dan gözləntilər çox böyükdür. Azərbaycanın qəbul etdiyi qərarlar isə olduqca mühümdür".
Bu sözləri "Operativ Media"ya açqlamasında deputat Razi Nurullayev deyib.
"COP28 keçən il Birləşmiş Ərəb Əmirliklərində keçirilmişdi. Lakin COP28-də istənilən nəticələr əldə olunmamışdı. Amma deyə bilərik ki, ölkəmizdə keçirilən COP29-da bir neçə ciddi nəticə əldə edilməyə başlanılıb. Bu, doğrudan da böyük nailiyyətdir. Çünki Azərbaycanda COP29-un keçirilməsini istəməyən, gözü götürməyən ölkələr də vardı. Həmin ölkələr müxtəlif üsullardan və bəyanatlardan mənfi təsirlər yaratmaq üçün istifadə edirdilər. Azərbaycanda keçirilən COP29-da heç bir nəticənin əldə edilməməsini istəyən dövlətlər mövcuddur.
Amma artıq COP29-un 5-ci günüdür. Bu beş gün ərzində bir çox mühüm qərarlar və anlaşmalar imzalanıb, müsbət nəticələr əldə edilib. Azərbaycana 70 mindən çox qonaq gəlib.
Azərbaycana bu qədər xarici qonağın gəlməsi, eyni zamanda, ölkəmizin gələcəkdə turizm sahəsində inkişafına da müsbət təsir göstərəcək.
COP29-un keçirildiyi iki həftə ərzində Azərbaycanın ciddi şəkildə təbliğatı aparılacaq. Hazırda bütün dünyada Azərbaycanın təbliğatı gedir. Azərbaycanın mədəniyyəti, insanları və siyasəti bütün dünyaya təqdim olunur. Bu isə ölkəmiz üçün olduqca müsbət bir haldır.
COP29 ilə bağlı minlərlə video çəkilib və sosial şəbəkələrdə paylaşılır. Azərbaycan milyardlarla vəsait xərcləsəydi belə, bu səviyyədə təbliğatını apara bilməzdi. Bu baxımdan COP29 dövlətimiz üçün çox böyük bir tədbirdir. Mən həm Azərbaycan prezidentini, həm də xalqımızı bu uğurlu tədbir münasibətilə təbrik edirəm".