AZ

“Globalinfo” uğurunu minimum imkanlarla reallaşdırdı

 Əslində normal dünya standartları ilə yanaşdıqda qısa müddətdə bu nəticə üçün 100 minlərlə manat vəsait lazımdır

“Ciddi media resurslarına ehtiyac əvvəlkindən daha çoxdur. Lağ-lağı, məsuliyyətsizlik, baş girləmək vaxtı çoxdan keçib”


Globalinfo.az saytının 2 yaşı tamam olur. 2022-ci ilin avqust ayında yaradılan sayt 15 sentyabrda test rejimindən online rejimə keçib. 2022-ci ilin 15 noyabrında isə Globalinfo.az saytının  fəaliyyəti ictimaiyyətə açıqlanıb və geniş oxucu kütləsi ilə təması başlayıb.
Müstəqil media siyasəti həyata keçirən saytda siyasət, iqtisadiyyat, sosial, hərbi, mədəniyyət, idman, səhiyyə, kriminal, şou-biznes sahələri üzrə ölkədə, regionda və dünyada baş verən ən mühüm xəbərlər yer alır.


Saytın yaranması, fəaliyyət istiqaməti  ilə bağlı  düşüncələrini “Şərq”lə bölüşən  saytın təsisçisi, əməkdar jurnalist Azər Ayxan iki il əvvəl kiçik heyətlə böyük yola başlamaqlarından, uğur qazanacaqlarına inanmaqlarından danışıb:

 “Cəmi bir neçə gün öncə tanış olduğum gənc və işıqlı insanlarla belə məsuliyyətin altına çiyin vermək ciddi qərar idi. İnamımız özümüzdən 100 metrlərlə ucadaydı. Elə biz də havalardaydıq, nə danaq. Dəhşətli şəkildə inanmışdıq uğur qazanacağımıza. Qısa müddətdə bir-birimizə bağlandıq. Bir-birimizə güvəndik. Ciddi, sistemli işləməyə start verdik.
İki ilin tamamında ölkə saytları arasında ilk 15-likdə (əslində, əksər vaxt 10-luqda, 12-likdə oluruq) qərarlaşmışıq.
Globalinfo.az Azərbaycan mediasının sonbeşiyidir. Bizdən sonra belə miqyaslı, oxunan, sayılan sayt yaradılmayıb. İstərdik yaradılsın. İnanırıq ki, yaradılacaq. Çox lazımdır. Ciddi media resurslarına ehtiyac əvvəlkindən daha çoxdur. Lağ-lağı, məsuliyyətsizlik, baş girləmək vaxtı çoxdan keçib. Məsuliyyətli mərhələyə gəlib çıxmışıq. Ölkənin informasiya sərhədlərinin qorunması üçün hər gün daha çox, daha ciddi, daha canı-dildən çalışmaq lazımdır. Düşmən indi daha çox informasiya cəbhəsində vuruşur bizimlə.
Biz bir lazımsız və təhlükəli qənaəti aradan qaldıra bildik. Əksəriyyət düşünürdü ki, indən sonra ciddi mövzularla media sektorunda mövqe tutmaq mümkün olmayacaq. Az qala daşlaşmaqda olan bu lazımsız və ziyanlı fikri dəyişə bildik. Belə olmadığını media peşəkarları və qeyri-peşəkarları gördü. Azərbaycanda çox ciddi oxucu kontingenti var. Biz onlara istinad etdik. Yanılmadıq. Oxucuları da yanıltmadıq. Ciddi, örnək saytların belə az qalsın “sarılaşdığı” dövrdə biz ilk gündən tutduğumuz yoldan, seçdiyimiz taktikadan sapmadıq.
Ötən il 1 yaşımız tamam olanda yazmışdım ki, biz qalib və yeni Azərbaycanın mediasıyıq. 1 ilimizin tamamına 1 ay qalmış Prezident İlham Əliyev Azərbaycan bayrağını Xankəndidə qaldırdı. 1 yaşımız ərəfəsində Ali Baş Komandan Xankəndidə hərbi parad qəbul edirdi. Biz hər iki hadisəni canlı yayırdıq. Həm də qürurla…
Bu il – 2 yaşa vardığımız günlərdə isə Azərbaycan qlobal tədbirə ev sahibliyi edir. Paytaxtımızda COP29 sammiti keçirilir. Globalinfo bu qlobal tədbirin açılış mərasimini canlı verən saytlar sırasında yer almışdı. Həmçinin əməkdaşımız Zaira Akifqızı COP29 tədbiri keçirilən məkandan hər gün xəbərlər, açıqlamalar, sorğular hazırlayır.
Beləcə, digər həmkarlarla bərabər Azərbaycanın qələbə xəbərlərini, uğur  hekayəsini yazırıq. Bundan gözəl nə ola  bilər?...”
“İnamımız silahımızdır” deyən Azər bəy hədəflərinin də dəyişmədiyini deyib: “Böyüməyi, daha qlobal platformaya çevrilməyi qarşımıza məqsəd qoymuşuq. Bura qədər minimal maddi imkanlarla gəlib çıxa bildik. Əslində normal dünya standartları ilə yanaşdıqda qısa müddətdə bu nəticə üçün 100 minlərlə manat vəsait lazımdır. Biz bunu minimum imkanlarla reallaşdırdıq. Amma inkişafda olan media subyekti üçün ciddi vəsait vacibdir. Bu artıq daha qlobal yanaşma tələb edir.
Bu iki ildə bizi tək qoymayan dostlara, dəstək verən dəyərli insanlara, tanıdığımız, tanımadığımız bütün oxuculara salamımızı, təşəkkürümüzü çatdırırıq. Bizə inandığınız, etimad etdiyiniz üçün sağ olun, əziz insanlar.
Ən böyük təşəkkürüm isə Globalinfo komandasınadır. Başda baş redaktorumuz Aqşin Evrən olmaqla, bu saytda imzası, əməyi, göz nuru olan hər kəsi təbrik edir, bağrıma basıram. Biz bacardıq, dostlar! Hər zaman başımız dik, düşüncəmiz Global olsun. Bir işə ki vicdanla, əxlaqla, eşqlə və peşəkar yanaşırsan, uğur qaçılmazdır”.

“Uğurun 10 faizi intellekt, 20 faizi istedad, 70 faiz zəhmətdən qaynaqlanır”


Globalinfo.az saytı yarandığı ilk gündən Azər Ayxanla çiyin- çiyinə verən,  qollarını çırmalayan gənclərdən biri də yazar Aqşin Evrəndir. O, Globalinfo.az saytının baş redaktorudur. Belə bir gündə onun təəssüratlarını almamaq  olmazdı.  

Bizimlə söhbətində müdriklərə istinad edən Aqşin Evrən  deyib ki, uğurun 10 faizi intellekt, 20 faizi istedad, 70 faiz zəhmətdən qaynaqlanır: “ “Globalinfo”nun da qısa müddətdə bu yerə çatmasında əsasən bu 3 faktor rol oynayıb - xüsusən zəhmət. Əməkdaşlarımızın hər biri öz sahəsi üzrə peşəkar, vicdanlı və məsuliyyətlidir. Bu, işimizin ən önəmli parçasıdır.
Digər tərəfdən, vizuallığın kilid nöqtə olduğu dövrdə nəyi yazmaq dan çox, nəyi necə yazmaq önəmli hala gəlib. Biz həm də nəyi necə yazmağın formullarını tapmağa çalışırıq. Bu, nə qədər alınır, oxucular, dostlar qərar verər.
Saytın təsisçisi Azər Ayxanın ilk gündən formalaşdırdığı iş mühiti, təklif etdiyi istiqamətlər Globalinfo.az-ın bugünə gəlib çatmasında həlledici rol oynayıb. Hədəfimiz ciddi bir media resursu olaraq mövqe tutmaq idi. Düşünürəm, buna müəyyən qədər nail olmuşuq, amma yolumuz uzundur. İnformasiya mühitini daha da zənginləşdirmək, oxuculara daha faydalı olmaq üçün çalışacağıq”.


“Bizim redaksiyada hər şeydən əvvəl stressiz bir mühit var”

“Globalinfo”nun  siyasət yazarı Turan Rzayev isə deyib ki, sayt sözün həqiqi mənasında kollektiv əməyin bəhrəsidir: “Elə uğurumuzun ən böyük sirri də məhz budur. Bizim kolektivin 90 faizi gənclərdən ibarətdir. 
Sayt işinin peşəkarı və illərdir media sektorunda çalışan  Azər Ayxanın təcrübəsi və gənclərin yenilikçi fikirlərinin vəhdətidir. Məhz bu kollektiv əməyin bütünləşməsi nəticəsində  Globalinfo.az saytı iki il ərzində çox böyük nailliyətlər  əldə edib. Düşünürəm ki, saytımız illərdir media məkanında olan böyük saytlar, hətta agentliklər səviyyəsində iş ortaya qoya bilir. Maksimum  dərəcədə saytımızda istinad məsələlərinə diqqət etməyə, Azərbaycanın media məkanında istinad mədəniyyətini formalaşdırmağa çalışırıq. Digər saytlardan götürdüyümüz yazılar olursa, onları istinadla vermək bizim əsas prinsiplərimizdən  biridir. 
Eyni zamanda ölkədə baş verən ictimai- siyasi proseslərə operativ reaksiyaların verilməsi, oxucunun diqqətini çəkən məsələlərə fokuslanmaq da bizim işimizin əsas hissəsidir”. 
Turan Rzayev deyib ki, Globalinfo.az-da verilən qərarlar bir şəxsin yox, bütövlükdə kollektivin  ortaq qərarı olur: “Azər bəy saytla bağlı verilən bütün strateji qərarları əməkdaşlarla məsləhətləşərək, onların təkliflərini dəyərləndirərək qəbul edir. 
Bizim redaksiyada hər şeydən əvvəl stressiz bir mühit var. İstənilən əməkdaş  öz təklif və iradlarını rəhbərliyə çatdıra bilir. Ənənəvi müdir əlçatmazlığı, “müdür otağı”na xüsusi icazə ilə girmək kimi prinsiplər bizim redaksiya üçün  yaddır.  Globalinfo.azda əsl ailə mühiti formalaşıb. Birimizin  sevinci hamımızı sevinci, birimizin dərdi  hamımızın dərdidir. Sayt təzəcə fəaliyyətə başlayanda  qısa zamanda böyük uğurlar əldə edəcəyimizə inanırdıq. 
Globalinfo.az saytının əsas strategiyası Azərbaycan dövlətinin milli maraqları və dövlətçik prinsiplərinin qorunmasıdır. Ermənistanla Azərbaycan arasında hər nə qədər sülh danışıqları getsə də, dezinformasiya müharibəsi, ölkəmizə qarşı aparılan qarayaxma kampaniyaları davam edir. Biz də bu savaşda dövlətimizin yanında olmağa, əlimizdən gəldiyi qədər  informasiya dəstəyi verməyə çalışırıq. Hazırda  Bakıda keçirilən COP29 sammitinin işıqlandırılması, ictimaiyyətə lazımı məlumatların operativ və obyektiv çatdırılması üçün əlimizdən gələni edirik. 
İki il ərzində oxucularımızdan, dost- tanışlarımızdan aldığımız rəylər də doğru yolda olduğumuzu göstərir”.

P.S. "Şərq” qəzetikollektivi olaraq başda AzərAyxan olmaqla “Globalinfo.az”da çalışan bütün həmkarlarımızı bir daha təbrik edir, gələcək fəaliyyətlərində uğurlar arzulayırıq.

Seçilən
42
sherg.az

1Mənbələr