AZ

Borrel İlham Əliyevə uğursuz cavab verdi...

Image

Cozep Borrell fikrini əsaslandırmaq üçün arqument tapmadı və təəssüfləndi

Azərbaycan Prezidenti İlham Əliyevin Avropanın ikili standartlarla işləyən, korrupsiya şəbəkəsini çiçəkləndirən, “neokolonializm” siyasəti sürdürən və ətraf mühitə ciddi zərbə vuran ölkələrə irəli sürdüyü ittihamlara çox uğursuz bir cavab gəldi. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Prezident Əliyevin Aİ, Fransa və Niderlandla bağlı iddiaları təəssüf doğurur.

Prezident İlham Əliyev noyabrın 14-də Bakıda COP29 çərçivəsində kiçik ada ölkələrinin liderləri ilə görüşü zamanı Fransa və Hollandiyanı iqlim dəyişikliyi ilə əlaqələndirərək “neokolonializm”ə görə tənqid edib. Azərbaycan prezidenti Fransanın öz xarici ərazilərində - müstəmləkələrində “ekoloji deqradasiyaya” səbəb olduğunu bildirib və bu əraziləri “müstəmləkə” adlandırıb. O, Avropa Parlamentini və Avropa Şurasını “siyasi korrupsiyanın simvoluna” çevrilməkdə ittiham edib.

“Prezident Əliyevin Aİ, Fransa və Hollandiyaya qarşı ittihamları son dərəcə ağrılıdır. Bu qəbuledilməz bəyanatlar konfransın mühüm iqlim məqsədlərinə və Azərbaycanın COP29-da sədrliyinə inamı sarsıtmaq təhlükəsi yaradır. Biz Fransa və Hollandiyanı dəstəkləyirik”, - Borrell yazıb.

O qeyd edib ki, Aİ və onun üzv dövlətləri iqlimin maliyyələşdirilməsinə böyük töhfə verir və iqlim dəyişikliyi ilə mübarizədə tərəfdaşlarını dəstəkləyir.

Cavaba diqqət edin, Cozep Borrell İlham Əliyevin fikirlərini təkzib etmir. Borrell demir ki, Fransanın müstəmləkələrində ətraf mühiti ciddi şəkildə çırkləndirən yüzlərlə nüvə sınaqları barədə deyilənlər yalandir. O demir ki, Avropa İttifaqında və Avropa Şurasında korrupsiya elementlərinə rast gəlmək mümkün deyil... O, sadəcə bu ittihamların təəssüf doğurduğunu və ağrıdıcı olduğunu dilə gətirir. Bəli, bunlar acı həqiqətlərdir, bunu eşitmək hər bir avropalı siyasətçi üçün ağrılıdır, hətta utanc gətirici bir haldır. Amma reallıqlar bundan ibarətdir, bunlar həqiqətdir. Avropa ölkələri bütün dunyaya demokratiya, haqq-ədalət "dərsi keçdiyi" halda Avropa Parlamentində dəfələrlə korrupsiya halları aşkarlanıb, həbslər olub. Hazırda fransalı deputat Marin Le Penə qarşı məhkəmə prosesi gedir. Paris prokurorluğu Fransanın “Milli Birlik” (keçmiş “Milli Cəbhə”) partiyasının parlament fraksiyasının rəhbəri Marin Le Penin beş il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib. Bu barədə noyabrın 13-də BFM TV məlumat yayıb.

Məhkəmə ittihamları qəbul edərsə, 56 yaşlı Le Pen 2027-ci ildə Fransada keçiriləcək prezident seçkilərində iştirak edə bilməyəcək. Çünki ona eyni müddətə dövlət vəzifəsində işləmək qadağan olunacaq. İttiham tərəfi partiyanın iki milyon avro cərimələnməsini də istəyib.

Sentyabrın 30-da Paris Cinayət Məhkəməsində Marin Le Penin rəhbərlik etdiyi “Milli Birlik” rəhbərliyinin işi üzrə məhkəmə prosesi başlayıb. Le Pen və 20-dən çox partiya nümayəndəsi Avropa İttifaqının vəsaitlərini mənimsəməkdə və saxta yolla Avropa Parlamentinin deputatlarına köməkçilər tutaraq partiyanı gizli maliyyələşdirməkdə ittiham olunur. Bu ittiham üçün maksimum cəza on ilə qədər həbsdir. Ümumi zərərin 7 milyon avro olduğu bildirilir.

Bütün bu faktlar qarşısında, əlbəttə, Cozep Borrellin İlham Əliyevin ittihamlarına qarşı cavabı bundan artıq ola bilməzdi. Borrell yalnız bir arqument gətirir ki, bu ölkələr iqlim dəyişmələrinə qarşı mübarizənin maliyyələşdirməsində əhəmiyyətli rol oynayırlar. Borrellin məntiqindən belə çıxır ki, hansı ölkə iqlim dəyişmələrinə qarşı mübarizəyə maliyyə verirsə, deməli, o ölkə ətraf mühiti nüvə partlayışları ilə nə qədər istəsə çirkləndirə bilər, absurd məntiqdir.

Cozep Borrell bu ölkələri dəstəkləmək səbəbini, yəni fikrini arqumentləşdirməyi belə "yaddan çixarır". Əslində səbəb odur ki, bu ölkələr Avropa ölkəsidirlər, avropalıların hər şeydə immuniteti var. Amma ağızlarını açanda demokratiyadan, haqq-ədalətdən  danışırlar. Belədə isə zəif görünən üçüncu dünya ölkələrinin əhalisini milçək kimi qırıb, sərvətlərini sümürüb Avropaya gətirirlər. Bu gün Avropa xalqlarının xoşbəxtliyi üçüncü dünya ölkələrinin bədbəxtliyi üzərində qurulmuş xanimandır.

Akif NƏSİRLİ





Seçilən
78
14
baki-xeber.com

10Mənbələr