AZ

Texnologiya nəhəngi III rüb hesabatını açıqlamağa hazırlaşır - Nələr gözlənilir?

"Nvidia" (NVDA) şirkəti gələn çərşənbə günü birja bağlandıqdan sonra III rüb üzrə qazanc hesabatını açıqlayacaq. Bu hesabat, Wall Street üçün süni intellektlə bağlı bazar potensialını qiymətləndirmək baxımından mühüm əhəmiyyət kəsb edir.  

Valyuta.az "Yahoo Finnace"a istinadən xəbər verir ki, bazar dəyərinə görə dünyanın ən böyük ictimai ticarət şirkətlərindən biri olan "Nvidia"nın səhmləri 2024-cü il ərzində süni intellekt texnologiyasının geniş tətbiqi nəticəsində əhəmiyyətli dərəcədə yüksəlib. Şirkətin səhmləri ilin əvvəlindən bəri 189% artaraq rəqiblərini geridə qoyub. Məsələn, əsas rəqiblərdən biri olan "AMD" ilin əvvəlindən etibarən 8%-lik azalma ilə üzləşib, "Intel" (INTC) isə yenidənqurma prosesi ilə əlaqədar 51%-lik ciddi geriləmə göstərib.  

Analitiklərin "Bloomberg" tərəfindən hazırlanan proqnozlarına əsasən, "Nvidia"nın III rüb üzrə hər səhmə düşən qazancı (EPS) 0,74 dollar, gəliri isə 33,2 milyard dollar səviyyəsində gözlənilir. Bu göstəricilər illik müqayisədə 83%-lik artıma işarə edir. Keçən ilin eyni dövründə şirkətin EPS göstəricisi 0,40 dollar, gəliri isə 22,1 milyard dollar olmuşdu.  

Şirkətin məlumat mərkəzləri üzrə gəlirinin III rübdə 29 milyard dollara çatacağı gözlənilir ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 100% artımdır. Oyun seqmenti üzrə gəlirlər isə 3 milyard dollardan çox olacaq ki, bu da 7%-lik mülayim artım deməkdir.  

Sərmayədarların gözləntiləri  

Analitiklər "Nvidia"nın ümumi marjasının 75%-ə çatacağını proqnozlaşdırırlar. Bununla yanaşı, sərmayədarlar üçün ən diqqətçəkən məqam yalnız III rüb proqnozlarının reallaşıb-reallaşmaması deyil, həm də IV rüb üzrə gəlir gözləntilərinin artırılıb-artırılmayacağı olacaq. Şirkətin IV rüb üçün 37 milyard dollar gəlir açıqlayacağı gözlənilir.  

Bununla belə, hətta güclü maliyyə göstəriciləri açıqlansa da, səhmlərdə qiymət azalması mümkündür. Xatırlaadaq ki, II rüb hesabatında proqnozlar üstələnsə də, "Nvidia"nın səhmləri hesabatdan sonra 6% azalmışdı.  

Bu tendensiya bəzi sərmayədarların əvvəlki rüblərdəki sürətli artımla müqayisədə nəticələrdən məmnun olmamaları və ya qazanc götürmək məqsədilə səhmləri satmaları ilə əlaqələndirilir.  

"Blackwell" süni intellekt çipləri

Sərmayədarlar "Nvidia"nın baş direktoru Censen Xuanqın "Blackwell" süni intellekt çipləri ilə bağlı verdiyi açıqlamaları da diqqətlə izləyəcəklər. Avqust ayında Xuanq bildirib ki, "Blackwell" çiplərinin istehsalı IV rübdə sürətlənəcək və bu çiplərin satışından milyardlarla dollar gəlir əldə ediləcəyi gözlənilir.  

Xuanq əlavə edib ki, "Blackwell" xətti üzrə tələbin təklifi üstələyəcəyi və bu tendensiyanın 2025-ci ildə də davam edəcəyi ehtimal olunur. Bundan əlavə, "Hopper" çipinin də yüksək satış göstərəcəyi gözlənilir.  

Geosiyasi risklər 

"Nvidia" həmçinin geosiyasi risklərə qarşı da həssasdır. Prezident seçilən Trampın yarımkeçiricilər üçün yeni tariflər tətbiq edəcəyi ilə bağlı açıqlamaları vəziyyəti qeyri-müəyyən edir. Tariflər "Nvidia"nın çiplərinin istehsal dəyərini artıraraq, marjaların azalmasına və ya əlavə xərclərin müştərilərə ötürülməsinə səbəb ola bilər.  

Sərmayədarlar Xuanq tərəfindən bu məsələ ilə bağlı veriləcək hər hansı açıqlamanın mühüm əhəmiyyət daşıyacağını düşünürlər.  

Rəhim
 

Seçilən
69
valyuta.az

1Mənbələr