AZ

Üçüncü Dünya müharibəsi üçün son addım

Yaxın Şərqdə böyük müharibənin baş vermək ehtimalı özünü doğrulda bilər. 

Türkiyənin milli müdafiə naziri Yaşar Gülər III Dünya müharibəsinin başlaya biləcəyi ilə bağlı xəbərdarlıq edib.

Yaşar Gülər qatıldığı televiziya proqramında aparıcının "İsrail Türkiyəyə hücum edəcəkmi?" sualını cavablandırarkən bunun mümkün olduğunu bildirib. "III Dünya müharibəsi hər an başlaya bilər. 

Təbii ki, biz belə bir şey istəmirik. Amma hər zaman hər şeyə hazır olmalıyıq",- deyə nazir qeyd edib. "CNN Türk"-ə danışan terror və təhlükəsizlik üzrə mütəxəssis Coşkun Başbuğ Yaşar Gülərin fikirlərini təsdiqləyib. "Ola bilsin ki, müharibə qapının ağzındadır, amma bununla bağlı proqnoz vermək hələ tezdir. ABŞ-nin yeni hökumətinin necə formalaşacağı gözlənilir.

Məsələn, CENTCOM-un Suriyada İsraili bəhanə edərək həyata keçirdiyi hücumlar hələ çox təzədir, iki günlük bir hadisədir. 

Hələlik niyə baş verməsini müzakirə edirik. Biz aylar əvvəl İsrailin Livana hücumunun təkcə Livanla məhdudlaşmayacağını, Amerika ilə əl-ələ verəcəyini və bunu Suriya və İraq torpaqlarına yaymaq istəyəcəyini söylədik. Hələ də eyni mövqedəyik",-  deyə C. Başbuğ vurğulayıb. 

Maraqlıdır, müharibələri dayandıracağını vəd edən Donald Tramp administrasiyası dövründə Yaxın Şərqdə böyük müharibənin, xüsusilə İsrailin Livana, Suriyaya, İraqa və İrana hücumları gözlənilə bilər? Hətta bəzi iddialara görə, İsrail və Türkiyə arasında hərbi qarşıdurma da baş verə bilər? 

Məsələ ilə bağlı Yaxın Şərq üzrə ekspert Vüqar Zifəroğlu “Cümhuriyət” qəzetinə açıqlamasında qeyd edib ki, Donald Trampın yeni prezidentlik dönəmində Yaxın Şərqdə müharibə ehtimalları ilə bağlı bəzi faktorlar yenidən gündəmə gələ bilər:

“Trampın Yaxın Şərq siyasəti, onun əvvəllər tətbiq etdiyi yanaşmalara əsaslana bilər, lakin yeni qlobal və regional şərtlərə uyğun olaraq fərqli bir strategiyanın da izlənməsini istisna etmək olmaz. Bu, əsasən İsrail faktoru və eləcə də bölgədə baş verən proseslərlə bağlıdır. İsrailin Livana, Suriyaya və İrana mümkün hücumları ilə bağlı bir sıra amillər nəzərdən keçirilə bilər. İlk növbədə vurğulamaq lazımdır ki, Tramp administrasiyasının 2018-ci ildə İranla nüvə razılaşmasından çıxması ABŞ-İran münasibətlərində ciddi gərginlik yaratmışdı. Trampın növbəti prezidentlik dönəmində İrana qarşı daha sərt mövqe tuta biləcəyi gözləniləndir. Bu, İranın nüvə proqramına qarşı daha aqressiv addımlar və ya İsrailin təhlükəsizlik məsələlərində dəstəklənməsi ilə özünü göstərə bilər. Eyni zamanda, İsrail uzun müddətdir ki, Livan və Suriyada İranın dəstəklədiyi proksi qüvvələrə qarşı aktiv əməliyyatlar aparmaqdadır”.

Ekspert deyib ki, Trampın administrasiyasının bu əməliyyatlara daha ciddi dəstək verməsi ehtimalı yüksəkdir:

“Tramp administrasiyasına gözlənilən təyinatlarla bağlı yayılan xəbərlər də bunu deməyə əsas verir. ABŞ-nin bölgədəki mövqeyini gücləndirmək, eləcə də İranın təsirini azaltmaq üçün bu təhdidlərə qarşı müttəfiqləri ilə daha sərt addımlar atması ehtimal olunur. 

Başqa bir məqam isə ərəb ölkələri ilə İsrailin münasibətlərinin hansı istiqamətdə davam edəcəyi ilə bağlıdır. Xatırlatmaq istərdim ki, Tramp dövründə bəzi ərəb dövlətləri ilə İsrail arasında normallaşma prosesləri başladı və “İbrahim razılaşması” imzalandı. 

Tramp yeni prezidentliyi dönəmində də bu prosesi davam etdirməyə çalışacaq. Bununla yanaşı, genişmiqyaslı bir müharibənin başlanması həm ABŞ, həm də İsrail üçün risklidir, çünki bu, Yaxın Şərqdə vəziyyəti daha da qeyri-sabit edə və qlobal təhlükəsizlik mühitinə mənfi təsir göstərə bilər. Bu mənada genişmiqyaslı müharibə ocaqlarının yaranması ehtimalı aşağıdır, lakin mövcuddur”. 

Seçilən
33
cebheinfo.az

1Mənbələr