AZ

Azərbaycan iqtisadiyyatı 4,9 faiz artıb

Dövlət Statistika Komitəsi 2024-cü ilin yanvar-oktyabr aylarında Ümumi Daxili Məhsul istehsalı barədə məlumatları açıqlayıb.

FED.az xəbər verir ki, 2024-cü ilin yanvar-oktyabr aylarında ölkədə 103 milyard 495,8 milyon manatlıq və ya əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,9 faiz çox ümumi daxili məhsul istehsal olunmuşdur.

İqtisadiyyatın neft-qaz sektorunda əlavə dəyər 1,7 faiz, qeyri neft-qaz sektorunda isə 6,8 faiz artmışdır.

ÜDM istehsalının 37,1 faizi sənaye, 10,0 faizi ticarət; nəqliyyat vasitələrinin təmiri, 7,0 faizi nəqliyyat və anbar təsərrüfatı, 6,3 faizi tikinti, 6,2 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,4 faizi turistlərin yerləşdirilməsi və ictimai iaşə, 1,8 faizi informasiya və rabitə sahələrinin, 19,2 faizi digər sahələrin payına düşmüş, məhsula və idxala xalis vergilər ÜDM-in 10,0 faizini təşkil etmişdir.

Əhalinin hər nəfərinə düşən ÜDM 10146,5 manata bərabər olmuşdur.

2024-cü ilin yanvar-oktyabr aylarında sənaye istehsalı haqqında

Sənaye müəssisələri və bu sahədə fəaliyyət göstərən fərdi sahibkarlar tərəfindən 2024-cü ilin yanvar-oktyabr aylarında 53,3 milyard manatlıq və ya 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2,2 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Neft-qaz sektorunda məhsul istehsalı 1,5 faiz, qeyri neft-qaz sektorunda isə 8,7 faiz artmışdır.

Sənaye məhsulunun 64,0 faizi mədənçıxarma sektorunda, 30,3 faizi emal sektorunda, 4,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda, 1,0 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal olunmuşdur.

Mədənçıxarma sektorunda əmtəəlik neft hasilatı 3,5 faiz azalmış, əmtəəlik qaz hasilatı isə 6,8 faiz artmışdır.

Emal sektorunda əczaçılıq məhsullarının istehsalı 68,4 faiz, avtomobil, qoşqu və yarımqoşquların istehsalı 58,4 faiz, mebel istehsalı 40,7 faiz, hazır metal məmulatlarının istehsalı 38,9 faiz, metallurgiya sənayesi məhsullarının istehsalı 30,3 faiz, elektrik avadanlıqlarının istehsalı 29,6 faiz, ağacın emalı və ağacdan məmulatların istehsalı 22,3 faiz, rezin və plastik kütlə məmulatlarının istehsalı 20,4 faiz, tikinti materiallarının istehsalı 19,6 faiz, içkilərin istehsalı 18,1 faiz, tütün məmulatlarının istehsalı 14,3 faiz, kimya sənayesi məhsullarının istehsalı 10,3 faiz, kağız və karton istehsalı 9,7 faiz, qida məhsullarının istehsalı 8,7 faiz, kompüter, elektron və optik məhsulların istehsalı 4,3 faiz, geyim istehsalı 3,9 faiz, neft məhsullarının istehsalı 2,6 faiz, dəri və dəri məmulatlarının, ayaqqabıların istehsalı 0,2 faiz artmış, toxuculuq sənayesi məhsullarının istehsalı 4,8 faiz, sair sənaye məhsullarının istehsalı 6,8 faiz, maşın və avadanlıqların quraşdırılması və təmiri işləri 8,0 faiz, poliqrafiya məhsullarının istehsalı 24,9 faiz, maşın və avadanlıqların istehsalı 43,2 faiz, sair nəqliyyat vasitələrinin istehsalı isə 52,8 faiz azalmışdır.

Elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 0,4 faiz azalmış, su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 8,0 faiz artmışdır.

Seçilən
12
13
fed.az

10Mənbələr