AZ

Süni intellektin mənfi və müsbət tərəfləri -  Mütəxəssis açıqladı

 “Süni intellekt insanların zaman və resurslarını daha optimal şəkildə istifadə etməsinə imkan verir. Yüksək həcmdə məlumatı sürətlə analiz edə bilir, təkrarlanan işləri avtomatlaşdıraraq, iş proseslərini sürətləndirir”.
 
Bunu Moderator.az-a açıqlamasında İnformasiya Texnologiyaları üzrə Mühəndis-Tədqiqatçı, Azərbaycan Kibertəhlükəsizlik Təşkilatları Assosiasiyasının (AKTA) eksperti Bəhruz Əliyev deyib.
 
Onun sözlərinə gorə, süni intellekt (Sİ) müasir dünyada çoxsaylı sahələrdə tətbiq olunur və bir çox üstünlüklər təmin edir:
 
“Bu texnologiyanın cəmiyyətə təsirləri çoxşaxəlidir və gələcəkdə müxtəlif dəyişikliklərə səbəb ola bilər. Süni intellektin cəmiyyətə verdiyi əsas töhfələri və gələcəkdə hansı sahələrdə dəyişikliklərə səbəb ola biləcəyini aşağıdakı kimi qeyd etmək olar. Süni intellekt insanların zaman və resurslarını daha optimal şəkildə istifadə etməsinə imkan verir. Yüksək həcmdə məlumatı sürətlə analiz edə bilir, təkrarlanan işləri avtomatlaşdıraraq, iş proseslərini sürətləndirir. Sİ kompleks məlumatları sürətlə analiz edərək, daha düzgün qərarların qəbul edilməsinə kömək edir. Məsələn: Səhiyyə sahəsində həkimlərin xəstəlikləri daha tez və dəqiq diaqnoz etməsinə imkan verir. Süni intellekt yalnız texniki sahələrdə deyil, həm də sənət və yaradıcılıq sahələrində yeni imkanlar açır. Musiqi, rəsm, yazı və hətta film sənayesi kimi sahələrdə Sİ, yeni və maraqlı əsərlər yaratmağa kömək edir. Süni intellekt səhiyyə sahəsində diaqnostika, müalicə planlaması, genetik tədqiqatlar və xəstəliklərin proqnozlaşdırılması kimi məsələlərdə həkimlərə böyük dəstək verir. Eyni zamanda, robot cərrahiyyəsi və uzaqdan idarə olunan tibbi cihazlar sayəsində tibbi xidmətlər daha əlçatan olur. Təhsil sahəsində fərdi yanaşma və öyrənmə metodlarını inkişaf etdirə bilir. Məsələn, fərdi tədris planları tərtib edərək, tələbələrin daha yaxşı öyrənmələrinə kömək edir”.
 
Bəhruz Əliyev  qeyd edir ki, süni intellekt, insan həyatını asanlaşdıran xidmətlər təklif edir:
 
“Ağıllı evlər, sürücüsüz avtomobillər və robotların gündəlik həyatımızda iştirak etməsi yaşam keyfiyyətini artırır. Yeni iş sahələri və sənaye sahələri yaradaraq, iqtisadiyyata müsbət təsir göstərir. İnovasiya və texnoloji inkişafla bağlı yeni iş imkanları yaranır, eyni zamanda məhsuldarlıq artır. Süni intellekt, ətraf mühitin qorunmasına da kömək edə bilər. Məsələn, enerjinin daha effektiv idarə edilməsi, tullantıların azaldılması və ekoloji problemlərin qabaqcadan proqnozlaşdırılması sahələrində istifadə edilə bilər. Ekoloji monitorinq, enerji sərfiyyatının optimallaşdırılması və təbii fəlakətlərin proqnozlaşdırılması kimi sahələrdə süni intellektin tətbiqi mümkündür. Texnologiyalarının tətbiqi cəmiyyətin iqtisadiyyatını gücləndirir, məhsuldarlığı artırır və yeni iş sahələri yaradır. Xəstəliklərin diaqnozunun sürətini artırır, daha dəqiq müalicə üsullarını təqdim edir və səhiyyə işçilərinə yardım edir. Məsələn, radiologiyada süni intellektin istifadə olunması həkimlərin daha sürətli və doğru nəticələr əldə etmələrini təmin edir. Tədris prosesini hər bir tələbənin ehtiyaclarına uyğun şəkildə fərdiləşdirərək, hər kəsə öz sürətində və tərzində öyrənmə imkanı verir. Bu, xüsusilə xüsusi ehtiyacları olan və ya fərqli öyrənmə stilinə malik insanlar üçün çox faydalıdır”.
 
Ekspert süni intellektin  gələcəyə ola biləcək təsirlərini belə izah edir:
 
İnsan-robot əməkdaşlığı: Gələcəkdə insanlar və süni intellekt birgə çalışacaq. Bu əməkdaşlıq sayəsində insanlar daha yaradıcı və strateji işlərə fokuslana biləcəklər.
Gələcəkdə sürücüsüz avtomobillərin və dronların istifadə sahələri genişlənəcək, bu da nəqliyyat sistemini tamamilə dəyişdirə bilər.
Fərdi tibbi yanaşmalar, proqnozlaşdırıcı təbabət və hətta genetika sahəsində inqilab ola bilər.
Şəhərlər daha ağıllı və texnoloji olaraq daha inkişaf etmiş olacaq.
 
İş yerlərinə təsiri:
 
Zavodlarda bəzi işlər avtomatlaşaraq, robotlar və avtomatlaşdırılmış sistemlər insan işçilərinin yerini ala bilər. Sürücüsüz avtomobillər və dronlar, şoferlərin və kuryerlərin işlərini təhdid edə bilər. Hesablama, vergi bəyannamələrinin işlənməsi və mühasibatlıq sahələrində olan işçilərin işini əvəzləyə bilər. Çağrı mərkəzləri və müştəri dəstəyi xidmətlərində chatbotlar və avtomatlaşdırılmış sistemlər işçi sayını azalda bilər. Süni intellektin təhlil və yazı yazma qabiliyyəti sayəsində jurnalistika və mətn yazma sahələrində müəyyən vəzifələr avtomatlaşa bilər. 
Amma unutmamaq lazımdır ki, yeni iş sahələri də yaranacaq. Məsələn, süni intellektin inkişafı ilə əlaqəli yeni peşələr, məsələn: Süni intellekt mühəndisləri və ya texnologiyanın insan həyatına inteqrasiyasını təhlil edən analitiklər və s. kimi sahələr inkişaf edə bilər. Bəzi işlər yoxa çıxsa da yeni iş yerləri yaranacaq. Fikrimcə, insana olan ehtiyac daha da çoxalacaq. Amma daha hazırlıqlı insanlara ehtiyac çoxalacaq. Çünkü sadə işlərin bir çoxunun robotlar vasitəsi ilə görülməsi gözləniləndir. Amma yeni sahələrin yaranması ilə daha çox insana təlabat yaranacaq.
 
Mehin Mehmanqızı
 
Seçilən
52
40
moderator.az

10Mənbələr