AZ

Görüşərik, Rauf... (Əziz xatirəsinə elegiya)

Elçin Aslangil

Mən yolda idim, Rauf Ra ölmüşdü...

Bir də ağzı yaman bir qarı, 
Ölkənin qara günündən ağ saçına əl gəzdirib,
Bir-iki ağız hürmüşdü, 
İt kimi- 
İt yerinə qoyulan adamların ölkəsində.
Günəş də sönmüşdü,
Payızın sonuncu intihar günü
Rauf Ra ölmüşdü!

Sonra necə, necəsə,
Bir bahar axşamında,
İçmişdik Raufla,
Xəzərin sahilinə getmişdik Raufla.
Aya baxmışdıq,
Günəşi görmüşdük.
Göyə baxmışdıq,
Böyümüşdük.
Başımız bulud olmuşdu,
Əllərimiz dəniz.
Bir şeir idi, bir də biz.
Onda Rauf ölməmişdi,
Onda günəş sönməmişdi...

Sonra Bakıdan başlayan yol,
Sonra Aqşinin evrənindən gələn səs,
Rauf Ranı öldürmüşdü...

Bir də özüm hürmüşdüm,
Qaranlığa bir-iki ağız.
Ağrısız ölüm olmuşdu səsim,
Nəfəsim kimi dərindən gəlmişdi Raufun ölüm xəbəri...

Günəş də sönmüşdü,
Payızın sonuncu intihar günü
Rauf Ra ölmüşdü...


2017 -  ci ildə Raufun 17 yaşı vardı və şeirlərini oxuyub heyrətə gəlmişdim və dərhal Facebook üzərindən zəng etmişdim. Səhərə qədər danışmışdım Raufla. Sonra görüşmüşdük Bakıda. Özünə təxəllüs axtarırdı. Yemək yediyimiz yerdə - "Abi, səncə mən özümə necə bir təxəllüs götürüm?".

- Rauf sən Azərbaycan ədəbiyyatının yeni günəşisən, imzan "Rauf Ra" olsun, - demişdim. Belə bir yazı da yazmışdım. 

Xatırlayıram; Qaynarinfonun təsisçisi Zahir Əzəmətə Raufdan danışmışdım. Zahir bəy də sağ olsun, dəstək oldu, Rauf Ra yarpaq.az saytında yazılar verməyə başladı. 

2020 - cildə "Raufun "Qoru" danışması" başlıqlı yazı da yazmışdım şeirlərindən. Darıxan kimi zəng edirdim, gəlirdi. Bakını gəzirdik səhərə qədər. Ədəbiyyatdan, fəlsəfədən, psixologiyadan danışardıq. Çox savadlı, çox intellektli idi Rauf Ra. İstedadı isə Azərbaycan poeziyasının yeni doğulan günəşi idi. İndiki gənclərin heç biri Rauf Ra ola bilməz. İndiki gənclərin heç biri Rauf Ra kimi istedadlı deyil. Çox təəssüf, Raufu itirdik. Faciəvi şəkildə itirdik. Bu şeiri yazan Rauf Ranı itirdik:

Sonrası daha da qəribə oldu.
qorxular ümidə dönüşdü o gün,
mən sirri hamıyla bölüşdüm o gün,
bir ömür sirrimi bilən olmadı.
Günəş də üfüqdə ilişdi, qaldı,
qarşıma mürdəşir çıxdı sübh çağı,
dedim ki, bu gecə ölən olmadı.
Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Bir topa adamın içinə girdim,
gizləndim bir azca, kimsə görmədi.
Uzaqdan qapqara tüstü göründü,
qarğalar səs salıb başımı qatdı,
ayağım altında qarışqa qaldı,
gecikdim, deyərək, tapşırdı canın.
Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Bir sümük bir dəri müqəvva gördüm,
külək də papağın götürdü qaçdı.
Bir dərviş dönürdü getdiyi yerə,
kölgənin kölgədə itdiyi yerə,
soruşdu, ey yolçu, Şəmsi görmədin?
dedim ki, arxama baxmıram heç vaxt.
Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
İşığı güdərkən günəbaxanlar
tarlada bir nəfər yerə baxırdı,
kölgəsi aşağıdan göyə baxırdı.
Dəlinin biriydi rəssamabənzər,
cığıra baxaraq ağac çəkirdi,
ağaca baxaraq cığır çək, dedim.
Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Azacıq söykəndim ot tayasına,
divartək güvəndim ot tayasına,
mən qalxdım sökdülər sarı divarı.
Araba gedirdi yoxuşa sarı,
kiçik bir daş atdım buğda çuvalına,
qoca dəyirmanın çarxı dayandı.
Dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu,
Ağacın altında bir yolçu vardı,
yuxardan aşağı baxdı halıma,
çək, otur, stulu, yorğunsan, dedi,
otur, hər ikimiz dincələk, dedi.
Mən çəkdim stulu, oturdum bir az,
o isə ağacdan asılı qaldı.
dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu.
Ağaclar yoruldu başucalıqdan,
ağaclar yol oldu balacalıqdan.
Bir palıd qurudu gövdəsi üstə,
qəfildən yıxıldı kölgəsi üstə,
oyatdı gecəni şirin yuxudan.
dedilər, yazığın bağrı çatladı.

Sonrası daha da qəribə oldu,
əvvəli onsuz da qəribə idi…
Seçilən
31
qaynarinfo.az

1Mənbələr