AZ

ADSEA: Dayanıqlılıq Azərbaycanın su ehtiyatlarının idarə edilməsinə yanaşmanın özəyini təşkil edir

Dayanıqlılıq Azərbaycanın su ehtiyatlarının idarə edilməsinə olan yanaşmanın özəyini təşkil edir.

“Far.Az” xəbər verir ki, bunu Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi (ADSEA) sədrinin müşaviri Əsəd Şirinov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Davamlı su ehtiyatlarının idarə edilməsində innovativ yanaşmalar" mövzusundakı tədbirdə çıxışı zamanı bildirib.

Onun sözlərinə görə, iqlim dəyişikliyi və artan tələbat nəticəsində su qıtlığının güclənməsi, ölkəmizdə davamlılıq prinsiplərinin su siyasətimizin hər bir aspektinə inteqrasiyasının vacibliyini göstərir: “Bu yanaşma qlobal çərçivədə xüsusilə təmiz su və kanalizasiya üzrə SDG 6 və iqlim fəaliyyətinə dair SDG 13 ilə sıx uyğunlaşır ki, bu da gələcək nəsillərin mühüm resursdan istifadə imkanlarına xələl gətirmədən cari ehtiyacların ödənilməsinə dair öhdəliyimizi göstərir. Azərbaycanın bu yaxınlarda hazırlanmış Milli Su Strategiyası bu baxışı əks etdirir. Milli Su Strategiyası iqlimə davamlılığı təmin etməklə bərabər, ədalətli, səmərəli və davamlı su idarəetmə təcrübələrini təşviq edir. Bu strategiya ilə biz, regional və iqlim dəyişikliklərinə qarşı həssas olduğumuz məsələlər, o cümlədən transsərhəd çaylardan və atmosfer yağıntılarından asılılıq da daxil olmaqla, problemlərimizi analiz etməklə, bu çağırışları birbaşa həll etməklə kənd təsərrüfatından tutmuş sənaye istehlakına qədər bütün sektorlar üçün uzunmüddətli su əlçatanlığını təmin etməyi hədəfləyirik”.

Həyata keçirilən idarəetmə strukturlarından danışarkən Ə.Şirinov bildirib ki, xüsusən 2020-ci ildən sonra Azərbaycanda su idarəçiliyinin müasirləşdirilməsi və innovasiyası istiqamətində mühüm addımlar atılıb: “ADSEA və Dövlət Su Komissiyasının yaradılması qurumlararası koordinasiyanı təkmilləşdirərək su ehtiyatlarının idarə olunmasına kompleks yanaşmanı asanlaşdırıb. Bundan əlavə, biz investisiya imkanlarımızı səfərbər etmək, texnoloji innovasiyaları artırmaq və davamlı həlləri genişləndirmək üçün Dövlət-Özəl Tərəfdaşlıq üzərində işləyirik. Özəl sektoru cəlb etməklə, biz sudan istifadədə səmərəliliyi artırmaq, itkiləri azaltmaq və smart ölçmə və sızma aşkarlama sistemləri kimi qabaqcıl texnologiyalar tətbiq etməyi hədəfləyirik. Xülasə, dayanıqlılıq Azərbaycanın su siyasəti üçün təkcə rəhbər prinsip deyil, zərurətdir. İnnovativ idarəetmə, möhkəm planlaşdırma və maraqlı tərəflərlə əməkdaşlıq vasitəsilə biz təhlükəsiz və davamlı su gələcəyi üçün zəmin yaradırıq. Artan iqlim problemləri qarşısında alternativ su mənbələri Azərbaycanın su strategiyasının mühüm tərkib hissəsinə çevrilib”.

O qeyd edib ki, iqlim dəyişikliyi uzun müddətli quraqlıqlar və planlaşdırıla bilməyən yağıntı nümunələri ilə onsuz da məhdud olan su ehtiyatlarımıza əlavə problemlər yaradaraq, suyun mövcudluğunda daha çox dəyişkənliyə səbəb olub: “Bu çağırışlar cəsarətli və innovativ həllər tələb edir və Azərbaycan bu istiqamətdə yüksəlir. Ən perspektivli təşəbbüslərdən biri duzsuzlaşdırma texnologiyalarıdır. Xəzər dənizinin suyundan istifadə etməklə biz Bakı və Abşeron yarımadası üçün etibarlı alternativ ehtiyatlar yaratmağı hədəfləyirik. Bu yanaşma təkcə su mənbələrimizi şaxələndirmir, həm də su ehtiyatlarımızın 70%-dən çoxunu təşkil edən transsərhəd çaylardan asılılığı azaldır. Bu həllin davamlılıq məqsədlərimizə uyğun olmasını təmin etmək məqsədilə enerjiyə qənaət edən duzsuzlaşdırma proseslərinə üstünlük veririk. Azərbaycanda duzsuzlaşdırma ilə yanaşı, suyun təkrar emalı və təkrar istifadə proqramları üzərində də böyük işlər görülür. Çirkab sularını kənd təsərrüfatı və sənaye məqsədləri üçün təmizləməklə biz şirin su ehtiyatlarına təzyiqi əhəmiyyətli dərəcədə azalda bilərik”.

Ə. Şirinovu fikrincə, bu təşəbbüslər təkrar emal edilmiş suyun səmərəli və təhlükəsiz şəkildə istifadə olunmasını təmin edərək şəhər və kənd planlaşdırılmasına inteqrasiya olunur: “Azərbaycanın alternativ su mənbələrinin təminatına yanaşması bizim dayanıqlılığa və innovasiyalara sadiqliyimizi əks etdirir. Duzsuzlaşdırma, təkrar emal və digər layihələr vasitəsilə biz dəyişən iqlim şəraitində su gələcəyimizi qurmaq üçün qəti addımlar atırıq. Uyğunlaşma - yanaşmamızın əsas aspekti iqlimə davamlı infrastrukturun qurulmasıdır”.

O, Azərbaycanın işğaldan azad edilmiş ərazilərdə müasir su anbarları tikdiyini və iqlimin yaratdığı çətinliklərə tab gətirmək üçün əsas su infrastrukturunu bərpa etdiyini xatırladıb: “Buludların əkilməsi, yağış sularının yığılması və yeraltı suların kəşfiyyatı kimi potensial layihələr də su mənbələrimizi şaxələndirəcək, yağış və çay axınındakı dəyişkənliyə qarşı davamlılığı təmin edəcək. Həmçinin, Milli Su Strategiyası resursların bölüşdürülməsinə və mühafizəsinə rəhbərlik etmək üçün iqlim riskinin qiymətləndirilməsini əhatə edir. Bu qiymətləndirmələr bizə həm cari zəiflikləri, həm də gələcək riskləri həll edən layihələri prioritetləşdirməyə kömək edir, dəyişkən iqlim şəraitində su idarəetmə təcrübələrimizin effektiv qalmasını təmin edir. Nəhayət, Azərbaycan bu məqsədlərə nail olmaq üçün beynəlxalq əməkdaşlığın və iqlimin maliyyələşdirilməsinin vacibliyini qəbul edir. Biz uyğunlaşma strategiyalarımızın həm innovativ, həm də genişlənə bilən olmasını təmin edərək maliyyələşməni təmin etmək və bilikləri bölüşmək üçün qlobal tərəfdaşlarla fəal şəkildə əlaqə saxlayırıq”.

Sonda qurum rəsmisi vurğulayıb ki, bu səylər təkcə çağırışlara cavab verməkdən ibarət deyil, daha yaxşı, daha təhlükəsiz sabaha hazırlaşmaq üçündür.

Seçilən
29
2
far.az

3Mənbələr