AZ

""İlham Əliyev Azərbaycanın mövqeyini açıq şəkildə ifadə etdi"" - Hikmət Hacıyev

Azərbaycan Respublikası Ermənistan-Azərbaycan münaqişəsinin başa çatması, ərazi bütövlüyümüzün və suverenliyimizin tam şəkildə təmin olunmasından sonra qlobal gündəlikdə duran məsələlərin həllinə və qlobal problemlərə öz töhfəsini vermək baxımından daha genişmiqyaslı və qlobal xarakterli xarici siyasət həyata keçirir. COP29 da bu xüsusda olan tədbirlərdən biridir.

Avtosfer.az xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.

Hikmət Hacıyev bildirib ki, Azərbaycan Respublikası ilk növbədə, inklüziv, ədalətli və tam şəffaf şəkildə nəticə yönümlü danışıqlara və COP-un gündəliyində duran, COP29-un mahiyyətini təşkil edən iqlim maliyyələşməsi ilə əlaqədar mövzulara yaxından töhfə verəcəyini COP-un sədrliyini üzərinə götürdüyü andan etibarən açıq şəkildə bəyan edib. Prezident İlham Əliyev bu prosesdə Azərbaycanın mövqeyini və bütövlükdə iqlim diplomatiyası ilə əlaqədar ölkəmizin baxışını çıxışında açıq şəkildə ifadə etdi. Dövlətimizin başçısının çıxışı dünya mediası, COP-da iştirak edən çoxsaylı ekspertlər və xarici ölkələrin nümayəndələri tərəfindən böyük maraq və rəğbətlə qarşılanıb.

“Prezident İlham Əliyev tərəfindən digər məsələlərdə olduğu kimi, bu məsələdə də beynəlxalq ictimaiyyətlə açıq və səmimi dialoq həyata keçirildi ki, biz yaşıl transformasiya haqda yalnız ümumi sözlərlə danışmaqla iqlim problemini qlobal miqyasda həll etmiş olmuruq. Dünyada əsas çirkləndirici faktorlar, ölkələr var. COP-u keçirən ölkələrə münasibətdə aparılan feyk-nyus və propaqanda xarakterli çirkin kampaniyaları, tendensiyaları kənara qoyaraq, əsas çirkləndirici faktorların miqyası və ölkələrin tutduqları rol barədə açıq və səmimi danışmaq lazımdır. Ona görə də Azərbaycan Prezidentinin tezisləri aparılan müzakirələrdə ana xətti müəyyən edən istiqamətlərdən biridir və bu, dünyanın mütləq əksəriyyətinin fikirləri ilə üst-üstə düşməklə yanaşı, xüsusilə inkişaf etməkdə olan ölkələrin baxışlarını əks etdirir. Bir faktı nəzərə almaq lazımdır ki, Prezidentin tezisləri Paris Razılaşmalarının mahiyyətinə və fəlsəfəsinə tamamilə uyğundur. Paris Razılaşmaları əldə edilən zaman ana konsepsiya o qoyulmuşdu ki, burada dövlətlərin ümumi, lakin fərqləndirici məsuliyyətləri var. Bu o deməkdir ki, sənaye inqilabından başlayaraq, dünyada karbon emissiyalarının artmasında məhz inkişaf etmiş ölkələrin xüsusi məsuliyyəti var. Ona görə də dünyanın bugünkü maliyyə hədəflərinin müəyyən edilməsində və onun müqabilində töhfələrin verilməsində inkişaf etmiş ölkələrdən böyük gözləntiləri var”, - deyə Prezidentin köməkçisi xüsusi vurğulayıb.

Seçilən
13
50
avtosfer.az

10Mənbələr