AZ

Azərbaycan COP tarixində ilk vacib strukturu yaratdı...

Image

Mübariz Göyüşlü: "COP29 tədbirləri çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi yaradılmasının bütün bəşəriyyət üçün böyük əhəmiyyəti var”

Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi yaradılıb. Bunu Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov COP29 çərçivəsində “İqlim və Sülh: heç kimi arxada qoymamaq naminə birgə fəaliyyət” adlı yüksək səviyyəli panel iclasında çıxışında deyib.

O bildirib ki, çağırış çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi yaradılıb. Bu, əməkdaşlıq üçün presedentsiz platforma və COP27-nin "Sülhün qorunması üçün iqlim tədbirləri" kimi əvvəlki tərəflər müzakirələrində hazırlanmış səylərin birləşdirilməsi üçün mexanizmdir.

Nazirin sözlərinə görə, Bakı mərkəzi vədləri konkret fəaliyyətlərə çevirməyə, həssas regionlarda, xüsusilə inkişaf etməkdə olan kiçik ada dövlətlərində və ən az inkişaf etmiş ölkələrdə iqlim dəyişikliyinə uyğunlaşma və dayanıqlılığın dəstəklənməsi üçün maliyyə və texniki resursların səfərbər edilməsinə sadiqdir.

COP çərçivəsində Bakıda İqlim və Sülh Fəaliyyəti Mərkəzi yaradılmasının əhəmiyyəti nədir?

Müasir İnkişaf Birliyinin sədri Mübariz Göyüşlü "Bakı-Xəbər"ə şərhində bildirdi ki, iqlim dəyişikliklərinə qarşı əməli mübarizə aparmaq üçün sülh fəaliyyəti əsas amillərdən biridir.

M.Göyüşlü qeyd etdi ki, Azərbaycanın ev sahibliyi ilə uğurla davam edən COP29 tədbirlərində   iqlim dəyişikliyi sahəsində konkret həlləri nəzərdə tutan təşəbbüslər irəli sürülür. O hesab edir ki, bu mənada İqlim və Sülh Fəaliyyəti üzrə Bakı konsepsiyası beynəlxaq sülhün təmin olunmasına və iqlim dəyişikliyinə qarşı birgə mübarizədə hərəkətverici qüvvədir. 

"Ümumiyyətlə, hesab edirəm ki, dünyada baş verən bu müharibələr, münaqişələr iqlim dəyişikliklərinin genişlənməsinə, bu cür təhlükəli hal almasına təsir edən amillərdəndir. Müharibələr, münaqişələr, baş verən gərginliklər iqlim dəyişikliyinə səbəb olur, qlobal ekoloji duruma ciddi təsir göstərir. Baxın, tək bir Rusiya Ukrayna müharibəsində nə qədər fəlakətli hallar baş verib.

Su anbarları partladılıb, meşələr qırılıb, ekoloji cəhətdən problemlər baş verib. Təbii, 

bu qədər bombaların atılması təbiətə, ətraf mühitə mənfi təsir edir, ekologiyaya böyük ziyan vurur. Eləcə də İsrail-Fələstin müharibəsi. Bu müharibələr flora və faunaya, canlı orqanizmə ciddi ziyan vurub, su hövzələrinə, çaylara, göllərə zəhərli maddələr axıdılır. Bütün bunlar fəlakətdir və bəşəriyyəti, insanlığı məhvə sürükləyən amillərdir. Əlbəttə, bunların qarşısının alınması üçün sülhə, sabitliyə, barışa ciddi zərurət var". 

M.Göyüşlü hesab edir ki,  sülh və iqlim anlayışları  bir-birinə çox yaxındır və bir-birindən aslıdır. 

M.Göyüşlünün sözlərinə görə, dünyaya sülh, barış lazımdır ki, qlobal iqlim dəyişikliyi üzrə mübarizəmiz uğurla nəticələnsin. "İqlim problemlərinin təsirinin azaldılması ən ümdə məsələlərdən biridir. 

Sülhlə iqlim məsələsi bir-birinə bağlıdır. İqlim və sülh fəaliyyətinin bir-birini tamamlaması nəticəsində bəşəriyyət əsl məqsədinə nail ola bilər. 

Artıq neçə gündür ki, Azərbaycanın ev sahibliyi ilə COP29 tədbirləri davam edir və bu tədbirlərdən dünyaya sülh, humanizm, dünya evini qorumaq mesajları verilir. Azərbaycanın paytaxtından dünyaya verilən mesajların əhəmiyyəti bəşəriyyətin gələcəyi üçün çox vacibdir. Bakı açıq şəkildə bəyan edir ki, sülhsüz, birgə fəaliyyətsiz, həmrəy olmadan heç nəyə nail olmaq mümkün deyil. Odur ki, qlobal iqlim dəyişikliyi üzrə mübarizənin əsas yolu sülhdən, barışdan, maliyyə həmrəyliyindən keçir. Bakı həmişə qlobal dünyanın xeyrinə olan təşəbbüslərlə seçilib. 

COP29 tədbirləri çərçivəsində Bakı İqlim və Sülh Fəaliyyət Mərkəzi yaradılmasının bütün bəşəriyyət üçün böyük əhəmiyyəti var. 

Bu mərkəzin yaradılmasının bir əhəmiyyəti də odur ki, burada inkişafda olan kiçik dövlətlərin iqlim dəyişikliyi ilə mübarizəsinə hərtərəfli dəstək göstəriləcək. Əlbəttə, o dövlətlər indiyə qədər kollektiv Qərb tərəfindən istismar olunublar və ağır vəziyyətə salınıblar. Amma onlar tək deyil, bu gün inkişaf etməkdə olan dövlətlərə yönəlik mesajlar verilir, onların qlobal iqlim dəyişikliyi ilə mübarizə aparmasına maliyyə yardımından danışılır. Əlbəttə, bu mərkəzin yaradılması dünyada sülh və barışın, sabitliyin, iqlim dəyişiklikləri ilə mübarizədə uğurun əldə olunması üçün atılan mühüm addımlardan biridir. Həmçinin də iqlim dəyişikliyi probleminin həlli istiqamətində burda vacib işlər görüləcək"-deyə M.Göyüşlü bildirdi.

İradə SARIYEVA





Seçilən
35
baki-xeber.com

1Mənbələr