AZ

Rəng seçimi, kovrolit sıxlığı və digərləri: COP29-da çoxlarının diqqət etmədiyi vacib nüanslar

"COP29, artıq BMT tərəfindən də təsdiq olunub ki, indiyə kimi keçirilən bütün COP tədbirlərindən müyəssərlik baxımından qat-qat fərqlənib".
 
Bunu Oxu.Az-a müsahibəsində COP29 əməliyyat şirkətinin SƏTƏMM (Sağlamlıq, Əməyin Təhlükəsizliyi və Ətraf Mühitin Mühafizəsi) departamentinin müyəssərlik şöbəsinin müdiri, müyəssərlik üzrə beynəlxalq ekspert Kamal Məmmədov deyib.
 
O bildirib ki, COP29 tədbirinin təşkil olunduğu məkan bütün kateqoriyalı əlilliyi olan insanlar üçün 100 faiz əlçatandır:
 
- Bu o deməkdir ki, girişdən bütün konfrans zallarına qədər heç bir maneə yoxdur. İstər təkərli oturacaq istifadəçiləri olsun, istər görmə və eşitmə məhdudiyyətli, istərsə də digər kateqoriyalı insanlar üçün bərabər bir mühit yaradılıb ki, həmin insanlar bu tədbirin bərabərhüquqlu bir qonağı kimi iştirak etsinlər.
- COP29-un bu istiqamətdə digər COP-lardan hansı fərqləri var?
 
- COP29-da digər COP-larda heç vaxt tətbiq olunmayan işarət dili ilə tərcümə baş tutub. Bu pilot layihə bizim üçün də çox maraqlı idi. Belə ki, plenar zallardan birində ilk üç gün boyunca beynəlxalq tərcümə dilində çevirmə təşkil edilmişdi. Görmə məhdudiyyətli insanlar üçün daktil zolaqlar, daktil xəritələr, Brayl əlifbasında yazılmış bukletlər çap olunmuşdu ki, onların istifadəsi ilə tədbir məkanında lokasiyanı daha da rahatlaşdıraq.
 
Mən özüm də təkərli oturacaq istifadəçisiyəm və deyə bilərəm ki, bütün ərazi 100 faiz beynəlxalq standartlara cavab verəcək şəkildə tərtib olunub. Müxtəlif dərəcədə ramp qurmaq olar, amma bəzi hallarda səhv qurulan ramp insanın rahatlığını təmin etməməklə yanaşı, hətta təhlükəli bir məqama çevirə bilər. Odur ki, biz bunlara nəzarət edirik. Çünki bir çox insan gəzir burada, amma ətrafa fikir vermir.
 
Pərdəarxası çox böyük işlər görülüb. Kovrolitin sıxlığından tutmuş, rənglərin seçiminə qədər bizim tövsiyələrimiz olub ki, həmin rəngləri daltonizmi olan insanlar da görə bilsinlər. Kovrolitlərin sıxlığına da diqqət etmişik ki, təkərli oturacaq istifadəçiləri, yaşlı insanlar, hətta dikdaban ayaqqabıda gəzənlər özlərini rahat hiss edə bilsinlər. Odur ki, nümunəvi bir tədbirdir.
 
COP29 Əməliyyat Şirkətinin bütün sektorları deyilən tövsiyələrin hamısını həyata keçirir. Həqiqətən də, fəxrlə deyə bilərəm ki, COP29 nəinki COP-lar arasında, hətta bütün tədbirlər üçün nümunəvi tədbirdir.
 
Xüsusilə qeyd edim ki, COP29 tədbirində müxtəlif sahələrdə, istər könüllülük fəaliyyəti olsun, istər rəhbər qismində, hətta adi podratçılara qədər əlilliyi olan insanlar iştirak edirlər.
 
- Həmin insanlarla yəqin ki, ünsiyyətdə olmusunuz. Özlərini necə hiss edirlər?
 
- Siz onlarla dialoqa keçə bilərsiniz. Mənim müşahidəmə gəldiksə isə, onlar çox razıdırlar və bizim komanda, könüllülər onlara maksimum dərəcədə diqqət və qayğı göstərirlər.
Seçilən
61
moderator.az

1Mənbələr