AZ

Qərbi Azərbaycan Xronikası: “Böyük skif mədəniyyətinin ilkin izləri Azərbaycandadır”

Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində sənətşünaslıq üzrə fəlsəfə doktoru Elçin Əlibəylinin təqdimatında “İrsimiz” rubrikasının növbəti buraxılışı hazırlanıb.

“Far.Az” xəbər verir ki, “Azərbaycanda tapılan skif məzarları daha qədim və zəngindir” adlı buraxılışda tarix elmləri doktoru, AMEA-nın Arxeologiya və Antropologiya İnstitutunun direktor müavini Zaur Həsənov Azərbaycan ərazisində olan böyük skif mədəniyyətinin izlərindən söz açır.

Onun sözlərinə görə, Azərbaycanda olan skif kurqanları özünün quruluşuna görə daha qədimdir: “Böyük skif mədəniyyətinin ilkin izləri Azərbaycandadır. Azərbaycanda tapılan skif məzarları daha qədim və zəngindir”.

O deyib ki, əsl skifləri onların dəfn adətləri ilə müəyyən etmək olur: “Skiflərin Azərbaycan ərazisində tapılan məzarları onların dini ayinlərini əks etdirir. Skif dəfn adətləri türk adətləri ilə eynilik təşkil edib. Skiflərlə bağlı iddialar əsaslı deyil, Çar Skiflər Azərbaycan ərazisində olublar”.

Z.Həsənov sonda kimmerlərin əsas işarəsinin xaç olmasından, ən erkən skif abidələrinin şərqdə yerləşməsindən və şamançılıqda xaçın dünyanın mərkəzi anlamını verməsindən söz açıb.

Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulması, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.

Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.

Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.

Veriliş noyabrın 16-da saat 19:30-da "Baku Tv"nin efirində və saat 21:30-da "Youtube" kanalında yayımlanıb.

Seçilən
60
14
far.az

10Mənbələr