AZ

İnfantino ilə Ronaldinyo gələn gün... - KÖŞƏ

FIFA prezidenti Canni İnfantino Bakıya səfərindən razı qalıb. Bu barədə özünün şəxsi “instaqram” hesabında da yazıb, Bakıya dəvət almasından xoşbəxt olduğunu etiraf edib. Onunla təxminən eyni vaxtda dünya futbolunun daha bir tanınmış siması Bakıya səfər etdi.

Braziliyalı Ronaldinyonun paytaxtımıza budəfəki gəlişi də əsl toy-bayrama çevrildi. Atalarımız necə deyib? Dost gəlişi bayram olar...
Ronaldinyonu yeniyetmə futbolçularla görüşə apardılar, ona ayrı-ayrı klubların akademiyalarında top oyununun sirlərini öyrənən uşaqları təqdim etdilər. Uşaqların sevinci böyüklərə də təsir etmişdi. AFFA prezidenti Rövşən Nəcəf də əziz qonağı qəbul etdi, əməlli-başlı rəsmi görüş keçirildi. Adətimiz üzrə qonağa süfrə açdıq. Ronaldinyoya verilən ziyafətdən videogörüntülər də qarşımıza çıxdı. Bu görüntüləri paylaşarkən qeyd olunurdu ki, braziliyalı qonaq Azərbaycan mətbəxindən çox razı qalıb. Özü də ingiliscə bunu deyir: “Fantastik, çox əla”.

Bütün bunlar öz yerində. Məsələ ondadı ki, mətbəximizi, qonaqpərvərliyimizi illərdi gəlib-gedən qonaqlara nümayiş etdiririk, onları burdan razı yola salırıq. Belə şeyləri yaxşı bacarırıq. Təkcə futbolu inkişaf etdirməkdən savayı. Canni İnfantino ilə Ronaldinyo Bakının gözəlliklərində və mətbəximizdəki təamlara valeh olarkən Azərbaycanın aşağı yaşlı futbolçulardan ibarət yığmaları iki oyun keçirdi. Elxan Abdullayevin çalışdırdığı U-19 Avropa çempionatının seçmə mərhələsi çərçivəsində İslandiya ilə qarşılaşdı və görüş rəqibin 2:0 hesablı qələbəsiylə yekunlaşdı. İlham Yadullayevin çalışdırdığı U-17-nin nəticəsi isə daha bərbad alındı. Macarıstanlı həmyaşıdları bizim yeniyetmələrə rəhm etmədilər və qapımıza 4 cavabsız top vurdular.

Birdən kimsə fikirləşər ki, bu komandalarımız ayda-ildə bir dəfə uduzurlar, ona görə əhəmiyyət verməmək olar. Elxan Abdullayevin çalışdırdığı komanda qələbəyə həsrətdi. İyunda keçirilən yoxlama oyunlarında şotlandlara 0:2 uduzmuşuqsa, Uelslə Niderland milliləri hər biri 3 cavabsız topa seviniblər. İyunda türk qardaşlarımız isə beş dəfə qapımıza yol tapıblar və bu qolların heç birinə cavab verə bilməmişik. Elə U-17 millimizin də nəticələri belə bərbaddı. Bizimkilər qələbə qazanmaq bir yana, heç qol vurmağı da bacarmırlar.

Elxan Abdullayevlə İlham Yadullayevin açıqlamarı isə lap Molla Nəsrəddinin “üzrü günahından da betər” lətifəsini xatırladır. Hər ikisi birağızdan deyir ki, biz rəqibdən üstün oynamışıq. Abdullayevdən sitat: “Matçın əvvəlində bir neçə səhvə yol verdik və qol buraxdıq. İkinci hissədə təşəbbüs tam bizim tərəfimizdə idi. Rəqibin gücünə baxmayaraq, qol imkanlarında onları xeyli üstələyirdik. Məğlubiyyətin əsas səbəbini yaranan şansları qola çevirməməyimizdə görürəm. İki qol buraxsaq da, vəziyyəti dəyişə bilərdik. Lakin yetərincə qol imkanlarını dəyərləndirə bilmədik”. Yadullayev isə belə deyir: “Əsas problemlərdən biri ilk dəqiqələrdə ardıcıl iki qol buraxmağımız oldu. İkinci hissədə üstünlük bizim tərəfimizdə idi, qol imkanları da yaradırdıq. Təəssüf ki, rəqib əks-hücumda dördüncü qolu vurdu”.

Adam nə deyəcəyini, gülmək, yoxsa ağlamaq lazım gəldiyini də bilmir. Eybi yox, əsas odur ki, İnfantinio ilə Ronaldinyo Bakıdan razı gediblər. Bizə bu da bəs edər.

AMAL

Seçilən
33
football-plus.az

1Mənbələr