AZ

“Bill və Monika” dastanı – 26 il öncəki qələtin çörəyini hələ də yeyirlər

 

Amerikalıların unikal bir xasiyyəti var: hər şeydən pul çıxarmağı bacarırlar.

Başqa millətlərin öndə gedənlərinin çoxu vaxtilə başlarına gəlmiş bir ayıb, xoşagəlməz, xəcalət çəkiləsi hadisənin unudulmasını istəyərlər, amma amerikalılar fərqlidir, üstündən bir müddət keçəndən sonra o barədə kitab yazar, film çəkdirər, pul qazanarlar.

Memuar yazmayan məşhur amerikalı varmı? Yoxdur. Olsa da çox az olar. Onlar da ya son dərəcə tənbəl, istedadsız adamlardır, ya da yazdıqları memuarda özlərinə qarşı ağır ittiham ola bilər deyə, yazmırlar. Məsələn, Con Kennedinin cəsədini Dallasdan Vaşinqtona aparan təyyarədə and içib prezident olan vitse-prezident Lindon Conson nə yazaydı, o günlərin hadisələrini necə yazaydı? Biabırçılıq olardı.

Bəlkə Con Kennedi də vəzifəsindən gedəndən, qocalandan sonra memuar yazmaz, “aktrisa Merilin Monro ilə elə gəzdik, belə görüşdük, Jaklini hey aldadırdım” deyə etiraflar etməzdi.

Amma budur, Billi Klinton sinninin 80-də memuar janrında kitab yazıb, etiraflar edib, Monika Levinski ilə münasibətlərinin detallarını açıqlayıb.

Ora Amerikadır-filandır deyib xəyallara qapılmayaq, “Bill və Monika” dastanının detalları milyonlarla oxucu, tamaşaçı üçün çox maraqlıdır. Yəni “Filankəs Filankəslə gəzdi”, “Bəhmənkəsi Filankəs saxlayır” söhbətləri tək bizdə populyar deyil. Bu məsələ oralarda da sevilən mövzudur.

Sadəcə, bizimkilər belə məsələlər barədə susmağı üstün tuturlar (hələlik elədir), amma amerikalılar düşünürlər ki, olan olub, keçən keçib, indən belə o işi dansan nə olacaq, etiraf eləsən - nə.

Billi Klintondan qabaq Monika özü hər şeyi yerli-yataqlı etiraf edərək kasıbçılığın daşını atmışdı. Qadın özünü zərərçəkən kimi göstərə-göstərə, əslində isə bir zamanlar ABŞ boyda dövləti idarə edən ən qüdrətli və ən yaraşıqlı kişiylə intim münasibətdə olmasıyla fəxr edə-edə dünyanın ən məşhur qadınlarından birinə çevrildi və hələ də Ağ Evdə başına gələn “oyun”un çörəyini yeyir.

İndi Bill Klinton da yeni kitabından milyonlar qazanacaq. Bəlkə də artıq qazanıb. Qorxasan, Billi Klintonun ardınca onun həyat yoldaşı Hillari Klinton da kitab yaza, adını da “Xəyanət edən Billi niyə bağışladım? – İlginc səbəb” qoya. Hətta bu mövzuda başqaları da kitab yaza bilər. Məsələn, o zamanlar Klintonun mühafizə xidmətinin rəisi olmuş serin yazacağı “Monikanı Klintonun yanına mən ötürürdüm” adlı kitab çox maraqlı ola bilər. Hələ Monikanın rəfiqələri... Zatən, elə bu işin üstünü o rəfiqələrdən biri açıb, öz pulunu da vaxtında qazanmışdı.

Hətta Respublikaçılar partiyasından olan və Monikanın Klintonun üzünə durması prosesini kurasiya edən şəxslərdən biri də bu mövzuda əla kitab yaza bilər. Bu kitablardakı maraqlı detalları ssenariləşdirərək ikiseriyalı film və ya 60 bölümlük serial çəkmək işi isə Hollivudluqdur. Bəlkə də artıq çəkirlər. Çəkmirlərsə də, Klintonun kitabından sonra mütləq çəkəcəklər.

Ara yerdə yazıq Merilinin canı getdi, qanı batdı. Monika isə milyonçu oldu. Çünki Bill Klintonun baş prokuror postunda işləyən Robert adlı qardaşı yox idi ki, gələ Monikaya “dilini farağat qoy, Merilindən artıq kişinin qızı deyilsən” deyə, o da qorxa, susa və ya qorxmaya, yekə-yekə danışa, axırda da eynilə o sarışın gözəl kimi susduralar. Yeri gəlmişkən, 5-6 il öncə vaxtilə FTB-də işləmiş bir qoca zabit ölüm ayağında Merilin Monronu necə öldürdüyünü təfsilatı ilə etiraf etmişdi. Kitab yazmış olsa, deyərdik, puldan ötrü edir, amma ağsaqqal həmin etirafını edəndən bir neçə gündən sonra öldü.

Sonda mövzuya uyğun olsa da, olmasa da, Bill Klintona dair bir lətifə də yazım ki, söhbətimiz məzəli notlarla bitsin. Deyilənə görə, bu, olmuş əhvalatdır, amma lətifəyə oxşayır. Belədir:

Yaponiyanın baş naziri Yesiro Mori (2000-2001) ABŞ prezidenti Bill Klintonla (1993-2001) görüşməzdən əvvəl tərcüməçisi ona deyib: “Cənab Klintonla əl sıxışanda ondan belə soruşun: "How are you? (“Necəsən?”). Klinton belə cavab verəcək: ""Fine, and how are you?" (“Əlayam, sən necəsən?”). Siz də ona belə cavab verməlisiniz: "Ме tоо" (“Mən də”). Bundan sonra mən tərcüməçi kimi işə başlayacağam”.

Görüş zamanı prezident Klinton və baş nazir Mori üz-üzə gələndə yapon siyasətçi sözləri tələffüz edərkən bir balaca çaşır və "How are you?" demək əvəzinə soruşur: "Who are you? (“Sən kimsən?”). Klinton yüngülvari zarafat etmək qərarına gəlir və cavab verir: “I am Hillary Clinton's husband...” (“Mən Hillari Klintonun əriyəm...”). Mori deyir: “Me too” ("Mən də...").

Ortalığa sükut çökür.

Seçilən
43
50
musavat.com

10Mənbələr