Nəvəsi milyonçu Ağa Musa Nağıyevin xarici banklarda qalan milyonlarından danışdı: "Hələ də əlçatmazdır..."
“Bu il babam – neft milyonçusu-xeyriyyəçi Ağa Musa Nağıyevin anadan olmasının 175 ili tamam olur. Bu münasibətlə layihəm əsasında çəkilmiş “Ağa Musa Nağıyev - 175” sənədli filmin ilk təqdimatı Azərbaycan Milli Elmlər Akademiyasının elm kitabxanasında keçirildi. Hər filmdə olduğu kimi bu filmdə də görkəmli alimlər, mütəxəssislər iştirak ediblər. Film çox gözəl alınıb. Neft buruqlarına qədər gedib kadrlar çəkdirmişdim. Sevinirəm ki, bu gün də Ağa Musa Nağıyevin yaratdığı buruqların hər biri gündəlik 4-5 ton neft çıxarır. Neft tükənmir, qara qızıl həmişə olub, olacaq. Azərbaycan Bakı nefti ilə hər zaman fəxr edir və fəxr etməlidir. Məlumatınız olsun ki, babamın həyata keçirdiklərinə rəğmən 9 kitab yazmışam. Bu yaxınlarda “Tarix yaşadan binalar” adlandırdığım 10-cu kitabım işıq üzü görəcək. Bakının 11 milyonçusu arasında 98 bina tikdirən, 413 milyon yatırımı olan yeganə Ağa Musa Nağıyev olub. Bakının 11 məşhur milyonçuları arasında birincilik qazanıb”.
Bu sözləri Pravda.az-a müsahibəsində Azərbaycanın milyonçu xeyriyyəçisi Ağa Musa Nağıyevin nəvəsi, “Milli dəyərlərin qorunması” İctimai Birliyinin təsisçisi Dilarə Ağamusa Nağıyeva deyib.
O, babasının indiyədək İsveçrə bankında qalan milyonları barədə də danışıb: “Aldığım məlumatlara görə, pullar İngiltərə və İsveçrə banklarındadır. Bu, 90% doğru məlumatdır. Müəyyən sənədlərə görə hələ də bir az əlçatmazdır...”