2025-ci ildə Azərbaycanda dövlət büdcəsindən 46 istiqamətdə 1 milyard 321,2 milyon manat subsidiya ödənişi proqnozlaşdırılır.
İndex.az xəbər verir ki, bu barədə Hesablama Palatasının “2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə verdiyi rəydə bildirilir.
Sənədə əsasən, bu, 2024-cü illə müqayisədə 26,1 % çoxdur.
Gələn il dövlət müəssisələrinə subsidiyalarda azalma, qeyri-dövlət müəssisələrinə və hüquqi şəxslərə subsidiyalarda isə artım nəzərdə tutulur.
2024-cü ildə olduğu kimi, 2025-ci ildə də hüquqi şəxslərə subsidiyalar cəmi subsidiyalarda ən böyük paya (62 %) malik olacaq.
Dövlət müəssisələrinə subsidiyaların azalması əsasən “Bakı Metropoliteni” QSC və “Təmiz Şəhər” ASC-yə, eləcə də Gənclər və İdman Nazirliyinə subsidiyaların azalması ilə bağlıdır. Palatanın apardığı kənar dövlət maliyyə nəzarəti tədbirləri bu istiqamətlərdə subsidiyaların azaldılmasının zəruriliyini göstərib.