AZ

Tramp sülh müqaviləsinə vasitəçi olacaq?- “O, bir qədər təriflənməyi sevir” - Metyu Brayza

ABŞ-də Donald Trampın yeni administrasiyasında vəzifə tutacaq namizədlər bəlli olur. 

Dünya, o cümlədən Azərbaycan yeni rəhbərliklə necə əməkdaşlıq edəcəyini maraqla gözləyir. Yeni administrasiya ilə bağlı müxtəlif təxminlər ortaya çıxır. Bu dəyişikliklər yalnız ABŞ və Azərbaycan üçün deyil, ümumilikdə Cənubi Qafqaz ölkələri üçün böyük əhəmiyyət kəsb edir. Trampın hakimiyyətə gəlməsi ilə regionda və dünyada yeni dövrün başlanacağı gözlənilir.

Hazırda ABŞ üçün əsas məsələlər Rusiya ilə müharibə, Çin, Yaxın Şərq böhranı və Avropa ilə münasibətlərdir. Bu məsələlər Tramp administrasiyasının ilk dövründə mərkəzi rol oynayacaq. 

Ekspertlər deyirlər ki, o, siyasətində qərarlı, praktiki yanaşmanı üstün tutacaq və bu, Cənubi Qafqazda da hiss olunacaq.

Yaxın gələcəkdə, xüsusilə 2025-ci ilə qədər ABŞ regionda müvafiq dəyişikliklərə və addımlara başlayacaq.

Yeni administrasiyaya namizədlər arasında xüsusilə Ermənistana dəstək verən şəxslərin mövqeyi diqqət çəkir. Məsələn, ABŞ-nin dövlət katibi təyin olunacaq senator Marko Rubio uzun müddətdir ki, Türkiyə və Azərbaycan əleyhinə sərt mövqe nümayiş etdirir. 

Rubio, həmçinin Ermənistana dəstək verən siyasətçidir. Lakin onun bu yanaşması yalnız Ermənistana deyil, həm də Rusiyaya qarşı sərt mövqe ilə müşayiət olunur. Bu vəziyyət ABŞ-nin Cənubi Qafqazda siyasətinə təsir göstərə bilər.

Əgər Azərbaycan və Ermənistan arasındakı münasibətlər indiki "de-fakto sülh" şəraitində davam edərsə,  ilk aylarda ABŞ-nin Cənubi Qafqaz regionuna olan marağı o qədər də yüksək olmayacaq.

Lakin Tramp administrasiyasının yeni yanaşmaları və prioritetləri bu vəziyyəti dəyişdirə bilər. ABŞ-nin yeni mövqeyini müəyyən etmək üçün regionla bağlı müxtəlif kriteriyalar tətbiqi mümkündür.

Yeni administrasiyanın əsas məqsədlərindən biri Rusiyanın Cənubi Qafqazdan sıxışdırılması ola bilər. Bayden administrasiyasının bu mövqeyi Cənubi Qafqazda tətbiq olunsa da, nəticədə Azərbaycan Rusiyanın hərbi mövcudluğunu məhdudlaşdırmaq üçün konkret addımlar atsa da, ABŞ daha çox Ermənistanı dəstəklədi. Bu vəziyyətin Trampın rəhbərliyi dönəmində dəyişməsi mümkündür. Əgər belə olarsa, Ermənistanın Rusiyadan asılılığını azaltmaq üçün yeni şərtlər irəli sürülə bilər.

Bir başqa vacib məsələ İranla münasibətlərdir. Tramp administrasiyasının Rusiyaya  sərt yanaşması ilə bağlı bəzi müzakirələr olsa da, İrana münasibət da da sərtləşə bilər. 

Ermənistanın İranla əlaqələri getdikcə güclənir, lakin ABŞ bu məsələyə çox diqqət yetirmir. Tramp dövründə İranın regiondakı təsirini azaltmaq məqsədilə daha sərt addımlar atılması ehtimalı var.

Təxminlərə görə, ABŞ-nin Cənubi Qafqaz regionuna yanaşması daha çox praqmatik olacaq. ABŞ-nin əsas müttəfiqlərindən biri olan İsrailin mövqeyi bu bölgəyə dair siyasətdə böyük rol oynayacaq. 

Bayden administrasiyasının Avropa ilə sıx koordinasiya etdiyi bir dövrün ardından Tramp administrasiyasının daha məhdud bir müttəfiq dairəsi olacaq. Bura Böyük Britaniya və Macarıstan daxildir. Bu yanaşma ABŞ-nin Cənubi Qafqazla bağlı mövqeyinə də təsir göstərəcək.

İndiki halda Trampın administrasiyasının qeyri-müəyyənliyi Ermənistan üçün yeni imkanlar açır. Erməni Amerika Araşdırmaları Mərkəzinin direktoru, politoloq Suren Sarkisyan ABŞ-də erməni lobbisinin Trampın yeni administrasiyası ilə əlaqə qurmağa başladığını və senator Marko Rubionun ciddi şəkildə Türkiyə və Azərbaycan əleyhinə mövqe nümayiş etdirdiyini deyir. Həmçinin, Trampın yeni təyinatları ilə Ermənistana daha çox dəstək verilməsi və bu dəstəyin yeni administrasiyanın xarici siyasətinə təsiri mümkündür. Bu, ABŞ-də erməni lobbisinin mövqeyini gücləndirə və beynəlxalq səviyyədə Ermənistana dəstək verə bilər.

Amerikalı politoloq, ABŞ-nin Azərbaycandakı keçmiş səfiri Metyu Brayza “Cebheinfo.az”-a açıqlamasında D.Trampın Azərbaycan-Ermənistan məsələsində vasitəçilik siyasəti yürüdəcəyinə inanmadığını deyib.

O qeyd edib ki, Tramp adminstrasiyası Rusiyanın Ukraynadakı işğalını sona çatdırmaq, İsrailin HƏMAS-a qarşı və Qəzzadakı müharibəsini dayandırmaq üçün vasitəçi olmağa çalışacaq:

"Lakin onun administrasiyası və ya özü heç vaxt Ermənistan və Azərbaycan arasında vasitəçiliklə məşğul olmayıb. Onun siyasi kampaniyasında heç vaxt belə məsələ olmayıb. Buna görə də Prezident Trampın administrasiyasının Co Bayden administrasiyasının çox həvəsli olduğu bu vasitəçiliyi davam etdirib-etdirməyəcəyini demək üçün hələ çox tezdir. Amma Trampın gələcəkdə bunu etməsi mümkündür. Çünki o, özünü müqavilə bağlayan tərəf kimi göstərməyi sevir. 

Əgər Azərbaycan-Ermənistan arasında son boşluqlar doldurulub sülh müqaviləsi bağlanarsa, Tramp bir qədər təriflənməkdən məmnun olar. Amma bunları söyləmək hələ çox tezdir”.

M.Brayzanın fikrincə,Tramp  indi öz xarici siyasət komandasını qurur. Dövlət katibi vəzifəsinə namizəd Marko Rubio  Azərbaycana və Türkiyəyə qarşı heç vaxt dostcasına münasibət göstərməyib:

"Lakin  bu məsələlər yeni Tramp administrasiyasının əsas xarici siyasət məsələləri deyil.  Onların Cənubi Qafqaz, xüsusən də Azərbaycan və Ermənistan məsələləri ilə yenidən tanış olmasına vaxt lazım olacaq".

 Səbinə Uğur
“Cebheinfo.az”


Seçilən
10
50
azia.az

10Mənbələr