Yaponiya hökuməti inkişaf etməkdə olan əməkdaşlığı nəzərə alaraq Rusiya və Şimali Koreyaya qarşı sanksiyaların sərtləşdirilməsi imkanını nəzərdən keçirir.
Sfera.az xəbər verir ki, bu barədə Yaponiyanın “NHK” telekanalı məlumat yayıb.
Məlumata görə, Tokio Moskva ilə Pxenyan arasındakı əməkdaşlığın Avropa və Asiyada təhlükəsizliyə təsir etməsindən narahatdır və Rusiya ilə Şimali Koreya arasında bu cür qarşılıqlı fəaliyyətin beynəlxalq hüququ pozduğuna inanır.
Qeyd edək ki, bu ayın əvvəlində Rusiya və Şimali Koreya hökumətləri Hərtərəfli Strateji Tərəfdaşlıq Müqaviləsini ratifikasiya ediblər. Bu sənədi Rusiya dövlət başçısının iyunda Pxenyana səfəri zamanı Rusiya Prezidenti Vladimir Putin və Şimali Koreya lideri Kim Çen In imzalayıb.Müqavilənin müddəalarından birinə görə, hər iki tərəf təcavüz halında bir-birinə hərbi yardım göstərməyə razıdır.
“Tərəflərdən biri bir və ya bir neçə dövlət tərəfindən silahlı hücuma məruz qaldıqda və beləliklə də özünü müharibə vəziyyətinə saldıqda, digər tərəf BMT Nizamnaməsinin 51-ci Maddəsi və Rusiya Federasiyasının və Koreya Xalq Demokratik Respublikasının qanunlarına uyğun əlində olan bütün imkanlarla dərhal hərbi və digər yardım göstərməlidir”,- müqavilənin dördüncü maddəsində deyilir.
Rusiya xarici işlər nazirliyinin sözçüsü Mariya Zaxarova daha əvvəl bildirib ki, Qərbin onu şeytanlaşdırmaq cəhdlərinə baxmayaraq, Rusiya ilə Koreya Xalq Demokratik Respublikası (KXDR) arasında strateji əməkdaşlıq qeyri-adi deyil.
Firuzə Əliyeva