AZ

Kənd təsərrüfatı: Verilən subsidiyalar özünü niyə doğrultmur?

Aqrar sahəyə davamlı olaraq subsidiyalar verildiyi halda, kənd təsərrüfatı üzrə əlavə dəyərin ÜDM-də payında müsbət dinamika müşahidə olunmur.

2017-ci illə müqayisədə 2023-cü ildə bitkiçilik sahəsinə verilmiş subsidiyalar 2,2 dəfə, 1 hektara düşən subsidiya 2,4 dəfə artmış, subsidiya vahidinə düşən bitkiçilik məhsulunun dəyəri isə 12,2 % azalıb.

Bu, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapıb.

Qeyd edilib ki, 2025-ci ildə Aqrar Kredit və İnkişaf Agentliyinə 484,5 mln. manat subsidiya proqnozlaşdırılmışdır ki, bu da 2024-cü ilin proqnozundan 41,6 mln. manat və ya 9,4 % çoxdur.

Dövlət büdcəsindən maliyyələşdirilən subsidiyaların (əkin, məhsul, toxum, heyvan və s.) 2020-ci ildən etibarən Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi vasitəsilə verilməsi şəffaflığın artırılmasında mühüm addım olsa da, subsidiyaların nəticəlilik baxımından müsbət təsirləri arzuolunan səviyyədə deyil.

Belə ki, 2025-ci ildə bu istiqamətdə xərclərdə 2024-cü ilin proqnozu ilə müqayisədə 9,4% artım nəzərdə tutulduğu halda, bitkiçilik və heyvandarlıq sahələrində istehsalın illik artımının cəmi 0,1 faiz bəndi olması gözlənilir.

Maraqlıdır, fermerlərə verilən subsidiyalar nə üçün özünü doğrultmur?

Məsələ ilə bağlı iqtisadçı-ekspert Akif Nəsirli “Cebheinfo.az”-a açıqlamasında deyib ki, fermerlərə verilən subsidiyaların məbləğı olduqca aşağıdır:

“Kənd təsərrüfatına verilən subsidiyaların yalnız 25 faizini fermerlər nağdlaşdıra bilir. Qalan 75 faiz hissəni isə Kənd Təsərrüfatı Nazirliyinin təyin etdiyi şirkətlərlərdən ala bilərlər. O şirkətlər də fermerlərə həm baha, həm də keyfiyyətsiz toxum çeşidləri və gübrə növləri satırlar.

Məsələn, taxıl toxumu satırlar, o qədər keyfiyyətsiz toxum olur ki, fermerlər yalnız 50 faiz məhsul ala bilirlər. Həmçinin, gübrə, dərmanlar (bitki qoruma vasitələri) və s. məhsullar çox keyfiyyətsiz olur. Bu səbəblərə görə fermerlərə verilən subsidiyalar gözlənilən nəticəni vermir”.

Ekspert qeyd edib ki, fermerlərə ayrılan subsidiyaların 100 faizini nağdlaşdırmaq imkanı verilməlidir:

“Təəssüf ki, fermerlərə yalnız subsidiyaların 25 faizini nağdlaşdırma imkanı verilir. Əgər 100 faiz nağdlaşdırma imkanları verilərsə, fermerlər daha keyfiyyətli toxum, gübrə, dərmanlar və digər zəruri məhsulları ala bilər. Lakin nazirlik bu imkanları fermerlərə vermir. Buna görə də gözlənilən nəticəni ala bilmirlər”.

Seçilən
2
1
turkustan.az

2Mənbələr