"Türkiyə ilə oyuna yaxşı hazırlaşmışıq. Xal və ya xallar alacağımıza ümidliyik".
QOL.az xəbər verir ki, bu sözləri Monteneqro millisinin futbolçusu Marko Yankoviç UEFA Mİllətlər Liqasının 6-cı turunda sabah Türkiyə ilə keçiriləcək oyun üçün təşkil edilən mətbuat konfransında deyib.
"Qarabağ"ın yarımmüdafiəçisi B Liqasındakı rəqiblərinin A Liqasına yüksəlməyə layiq olduğunu bildirib: "Qələbə və bəlkə də heç-heçə Türkiyənin A Liqasında vəsiqə qazanmaq üçün kifayət edəcək. Düşünürəm ki, Türkiyə millisi A Liqasında oynamağa layiqdir. Qrupda ən yaxşı futbolu onlar oynayırlar. Bir millidə "Real", "Yuventus", "İnter", "Benfika", "Qalatasaray", "Fənərbaxça" və "Beşiktaş" kimi klubların futbolçuları çıxış edirsə, o komanda A Liqasına yüksəlməyə layiqdir. Çox yaxşı komandadır. Biz əlimizdən gələni edəcəyik, amma çox çətin bir oyun olacaq. Çünki rəqibin gücü bəllidir".
Qeyd edək ki, sabah keçiriləcək Monteneqro- Türkiyə oyunu Bakı vaxtı ilə 23:45-də başlayacaq. Hazırda Türkiyə millisi 11 xalla qup lideridir. Beş oyunun hamısında uduzan Robert Prosineçkinin rəhbərlik etdiyi Monteneqro isə sonuncudur.