İsrail-Türkiyə gərginliyi nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar.
Teleqraf.com xəbər verir ki, bunu politoloq Elxan Şahinoğlu deyib.
“Türkiyənin hava sahəsi İsrail təyyarələrinə bağlı olduğuna görə bu ölkənin prezidenti (İshaq Hersoq) Bakıda keçirilən COP29 tədbirində iştirak edə bilmədi. Halbuki İsrail tərəfi Türkiyə hava məkanının onun üçün bağlı olduğunu əvvəlcədən bildiyinə görə, bu ölkənin rəhbərinin daha uzun məsafə olsa da, fərqli ölkələrin hava sahəsindən istifadə edərək Bakıdakı tədbirə qatılması mümkün idi. Bütün hallarda son olay Türkiyə-İsrail münasibətlərindəki gərginliyin Azərbaycana da təsir etdiyini göstərdi”, - ekspert bildirib.
Elxan Şahinoğlu İsrail mediasında Türkiyə ilə bağlı yayılan bir iddiaya da toxunub:
“İsrail-Türkiyə informasiya müharibəsinin son nümunəsi də diqqəti çəkib. Xəbər yayılıb ki, fikir ayrılığına görə HƏMAS-ın siyasi rəhbərliyi Qətərin paytaxtı Dohadakı qərargahını tərk etmək məcburiyyətində qalıb. İsrail mediası dərhal yazıb ki, HƏMAS ofisini Türkiyəyə köçürüb. Bu xəbər ətrafında geniş müzakirələr gedərkən, Türkiyə Xarici İşlər Nazirliyi bunun həqiqətə uyğun olmadığını açıqlayıb.
Beləliklə, iki ölkə arasında qarşıdurma səngimək bilmir. Bu qarşıdurma nə qədər tez bitərsə, Azərbaycan üçün bir o qədər faydalı olar”.