Hüseyn İbrahimov: “Paşinyanın məqsədi odur ki, hakimiyyətdə qalma müddətini uzatsın”
Ermənistanın baş naziri Nikol Paşinyan hökumətdə ciddi kadr dəyişikliklərinə başlayıb. Ermənistan mətbuatı və sosial media mənbələrinin yaydığı məlumata görə, Paşinyan bazar günü bir neçə yüksək vəzifəli şəxsi sərt tənqid edib və bu, onların istefasına gətirib çıxarıb.
Ermənistanın shamshyan.com portalının məlumatına əsasən, baş nazir Nikol Paşinyan bazar günü axşam saatlarında Ərazi idarəetmə naziri Qnel Sanozyanı və Dövlət Gəlirləri Komitəsinin rəhbəri Rustam Badasyanı görüşə çağırıb. Görüş zamanı sərt müzakirələr aparılıb və hər iki rəsmidən istefa ərizəsi yazmaları tələb olunub. Bu hadisənin Paşinyanın hökumətdəki digər güc strukturlarına da təsir etdiyi bildirilir. Məlumata görə, Ermənistanın daxili işlər naziri Vahe Kazaryan da istefa ərizəsini təqdim edib. Kazaryanın ardınca Ermənistanın İstintaq Komitəsinin rəhbəri Arkişti Kyaramyanın da istefa verdiyi haqda məlumatlar dolaşır. Bundan əlavə, parlamentin hakim "Vətəndaş Sazişi" partiyasından olan deputatlar Ovik Ağazaryan və Narek Zeynalyan mandatlarını təhvil verməyə hazırlaşırlar.
“Qərb narahatdır ki, Rusiya Ermənistan cəmiyyətindəki narazılıqlardan ona qarşı istifadə edə bilər”
Sözügedən məsələni “Bakı-Xəbər”ə şərh edən İdarəçilik Akademiyasının müəllimi, sosioloq Hüseyn İbrahimov hesab edir ki, istefaların arxasında bir neçə səbəb ola bilər: “Əvvəla, nəzərə almaq lazımdır ki, Paşinyanın cəmiyyətdə reytinqi çox aşağı düşüb. Bununla bağlı bir müddət əvvəl aparılan sosioloji sorğular bunu açıq şəkildə göstərdi. Paşinyanın da məqsədi odur ki, hakimiyyətdə qalma müddətini uzatsın. O, elə təsəvvür yaratmaq istəyir ki, növbəti hakimiyyət dönəmində yeni kadrlar, yeni bir baxış olacaq. Çünki anlayır ki, belə davam edərsə, onu devirəcəklər. Məsələ ondadır ki, idarəçilikdə korrupsiya artır. Son iclasda Paşinyan güc strukturlarının fəaliyyətindən narazılığını bildirib. Xüsusilə korrupsiya ilə mübarizədə, vergi və gömrük işlərinin təşkilində, eləcə də infrastruktur layihələrinin idarə edilməsindəki çatışmazlıqlara diqqət yetirib. Ola bilər ki, Qərb Paşinyanı bu addımları atmağa məcbur edir. Görünür, onlarda hansısa məlumatlar var. Qərb Ermənistanın daxili siyasətinə nəzarəti gücləndirmək üçün hökumət rəhbərliyində dəyişiklik tələb edə bilər. Qərb narahatdır ki, Rusiya Ermənistan cəmiyyətindəki narazılıqlardan Paşinyana qarşı istifadə edə bilər. Ona görə Paşinyan belə addımlar atmaqla prosesləri qabaqlamaq istəyir. Məsələnin qəribə tərəfi odur ki, Nikol ona sadiq olan ən yaxın tərəfdaşlarını belə, bu dəfə istefaya məcbur etdi”.
Vidadi ORDAHALLI