AZ

Cavanşir Paşazadə: "Təkbaşına aksiya keçirənlər çox xırda məsələlərə toxunurlar, bu, COP29 çərçivəsində düzgün deyil..."

“COP29-un Azərbaycanda keçirilməsi ölkəmizdə sülhə, demokratiyaya, ətraf mühitin qorunmasına verilən önəmi bir daha təsdiq etdi. Kənar təsirlərə baxmayaraq COP29 çox uğurlu keçdi. Bütün Azərbaycan xalqını təbrik edirəm. Azərbaycanı gözü götürməyən, belə mötəbər tədbirləri keçirməyə nail olmayan, hələ COP29 başlamazdan əvvəl ölkəmizə təzyiq göstərmək istəyən, Fransa kimi xırda siyasətlə məşğul olan dövlətlər, təbii ki, daxildə sabitliyi pozmaq üçün cılız planlar həyata keçirməyə çalışırlar. COP29 çərçivəsində təkbaşına kimlərinsə aksiya keçirməsi də bunun bariz nümunəsidir. Buna nə ad vermək olar, bilmirəm. Çox xırda məsələlərə toxunurlar. Dünyanın hər yerində belə şeylər olur. Lakin biz əhəmiyyət verdiyimiz üçün müəyyən qədər bizə təsir edir. Belə mötəbər tədbir keçirəndən sonra olmayan şeylərin gündəmə gətirilməsi insanlara, gündəmə istər-istəməz təsir göstərir”. 

 

Bu sözləri Pravda.az-a Milli Məclisin deputatı Cavanşir Paşazadə deyib. 

 

Deptat vurğulayıb ki, daxildə xırda maneələr yaratmağa çalışanlar həmişə olub, bundan sonra da olacaq: “Çünki Azərbaycan demokratik ölkədir. Xaricilər də şahid oldu ki, ötən gün də, ondan əvvəl də COP29 daxilində xırda məsələlərdən ötrü mitinq keçirdilər. Lakin bütün bunlar Ali Baş Komandan cənab İlham Əliyevin apardığı siyasətin qarşısında çox cılız siyasətdir. Bizi gözü götürməyən ölkələri sülhə, qarşılıqlı anlaşmaya dəvət edirəm. Əminəm ki, gələcəkdə Azərbaycanda daha mötəbər beynəlxalq tədbirlər keçiriləcək. Azərbaycan sabitliyi ilə bütün dünyaya sübut edir ki, ölkəmizdə böyük tədbirləri keçirməyə dəyər”. 

 

C.Paşazadə COP29 çərçivəsində könüllü gənclərin haqlarının qorunmadığını iddia edənlərə isə belə cavab verib: “Bilirsiniz ki, gənclərimiz, universitet tələbələri həmişə belə tədbirlərə özlərini sınamaq, biliklərini və əhatələrini artırmaq üçün könüllü olaraq qatılıblar. Onlar özləri müraciət edirlər. Bununla həm də dövlətə dəstək olurlar. Dünyanın hər yerində belədir. Bizdə də heç vaxt könüllülük üçün müqavilə bağlanmır. Bunlar hansı haqqın tapdanmasından danışırlar, başa düşmürəm. Təbii ki, hər bir təşkilat, komitə belə ciddi tədbirləri keçirmək üçün götürdükləri öhdəliklərə məsuliyyətlə yanaşmalıdır. Hər bir qurum könüllü qismində qoşulmaq istəyən gəncləri siyahıdan keçirir, qeydiyyata alır. Bu cür tədbirlərdə könüllülər üçün hər cür şərait yaradılır. Nəqliyyat vasitələrindən ödənişsiz istifadə edirlər, onlar üçün avtobuslar ayrılır. Məsələyə cavabdeh olan qurumlar könüllü gənclərimizin təhlükəsizliyini, sağlamlığını gözləməyə məcburdur. Belə də olur”. 

 

Aytəkin Qardaşova 

Tarix: 19 Noyabr 2024, 12:09   
Seçilən
6
pravda.az

1Mənbələr