AZ

Zarafatı ona baha başa gələ bilər

Rodriqo Bentankur dilinin bəlasına düşə bilər.

“Tottenhem”in futbolçusu bir neçə oyunluq cəza ala bilər. Buna səbəb uruqvaylı yarımmüdafiəçinin koreyalı komanda yoldaşı Son Hın Min haqqında irqçi ifadələr işlətməsidi. Bentankur iyun ayında Uruqvayda televiziya kanallarının birində qonaq olarkən aparıcı ondan “Tottenhem”in formasını istəyib.

Futbolçu isə “mən sizə Sonun əmisioğlunun köynəyini də verə bilərəm. Onsuz da onlar hamısı bir-birinə oxşayırlar” deyib.
Onun bu fikri müzakirələrə səbəb olub. Bentankur buna görə “instaqram” hesabı vasitəsilə komanda yoldaşından “qardaş, baş verənlərə görə səndən üzr istəyirəm. Bu, sadəcə, çox pis zarafat idi. Bilirsən ki, mən səni komanda yoldaşı kimi çox sevirəm və heç vaxt sənə hörmətsizlik etmərəm. Səni və ya başqalarını incitmərəm!” deməklə üzr istəyib. Son da komanda yoldaşı ilə aralarında heç bir problemin olmadığını deyib. Koreyalı “Bentankurla danışdım. Bu, onun səhvi idi. O, dərhal üzrxahlığıq etdi. Bu, aqressiv və ya pis niyyətli fikirlər deyildi, mənim və ya onun üçün heç bir problem yoxdu. Biz birlikdə irəliləyəcəyik” – deyə açıqlama verib.

Lakin tərəflər arasında problem olmasa da, məsələ ilə bağlı araşdırmaya başlayan İngiltərə Futbol Assosiasiyasının (İFA) Rodriqonu bir neçə oyunluğa cəzalandıracağı xəbər verilir. İFA-nın yaydığı bəyanatda Bentankurun uyğun olmayan davranış, irqçi və təhqiredici ifadələr işlətdiyi bildirilib. Qaydalara əsasən, bu cür davranışa görə təxminən 6-12 oyunluq cəza nəzərdə tutulub.

Seçilən
7
football-plus.az

1Mənbələr