AZ

COP29: Azərbaycan pavilyonunda Yüksək Səviyyəli Nazirlər Görüşü keçirilib

COP29 çərçivəsində “Mavi zona”da fəaliyyət göstərən Azərbaycan pavilyonunda İqlimə Davamlı Kənd Təsərrüfatı Təcrübələrinin Təkmilləşdirilməsi üzrə Yüksək Səviyyəli Nazirlər Görüşü keçirilib. 

“Qida, Kənd Təsərrüfatı və Su Günü”ndə keçirilən panel müzakirənin moderatorluğunu BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) Avropa və Mərkəzi Asiya üzrə Regional Nümayəndəsi Viorel Gutu edib. 

Görüşdə çıxış edən kənd təsərrüfatı naziri Məcnun Məmmədov Azərbayanda iqlimə davamlı kənd təsərrüfatının inkişaf etdirilməsi istiqamətində həyata keçirilən tədbirlərdən bəhs edib. Nazir bildirib ki, müxtəlif iqlim şəraiti, məhdud su ehtiyatları və Qarabağda yeni azad edilmiş torpaqların bərpası ilə bağlı layihələrin icrası ilə yanaşı, aqrar sahədə innovasiyaların tətbiqinə, bu istiqamətdə beynəlxalq əməkdaşlığa xüsusi önəm verilir. 
Azərbaycanın iqlimə davamlılıq üzrə siyasət çərçivəsi torpaq və su ehtiyatlarının davamlı və düzgün idarə olunmasını ehtiva edir. Bildirilib ki, Azərbaycan hökuməti iqlimə davamlı kənd təsərrüfatı təcrübələri vasitəsilə iqlim risklərini azaltmağa və su resurslarının səmərəliliyini artırmağa xüsusi önəm verir. İrriqasiya sistemlərinin müasirləşdirilməsi və quraq bölgələrdə suyun səmərəli idarə edilməsi mühüm əhəmiyyət kəsb edir. Azərbaycanda fermerlərin fəaliyyəti hərtərəfli dəstəklənir. Subsidiya proqramları, aşağı faizli kreditlər və investisiya qrantları fermerlərə iqlimə davamlı təcrübələrə keçmək, yeni texnologiyalar qəbul etmək, məhsuldarlığı artırmaq və ətraf mühitə təsirləri azaltmaq imkanı verir: “Bu səylər fermerlərimizin bu günün çağırışlarına cavab vermək və sabahkı imkanlardan istifadə etmək üçün təchiz olunmasını təmin edir”.

Tədbirdə çıxış edən Uruqvayın kənd təsərrüfatı və heyvandarlıq naziri Fernando Mattos Kosta bildirib ki, iqlim dəyişikliyi fonunda məhdud torpaq və su resursları kənd təsərrüfatı məhsullarının istehsalı prosesinə təzyiq edir. Kiçik fermer təsərrüfatlarının inkişafının vacib olduğunu deyən uruqvaylı nazir bu istiqamətdə kənd təsərrüfatı istehsalçılarına hərtərəfli və lazımı dəstəyin vacib olduğunu vurğulayıb. 

Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşə Nazirinin müavini Əhməd Bağçı ölkəsində iqlim davamlılığını dəstəkləyən siyasət çərçivələri barədə məlumat verib. O, müxtəlif ölkələrdə ərzaq təhlükəsizliyinin təmini üçün kənd təsərrüfatı texnologiyasında yeniliklər, davamlı torpaq və su idarəetmə təcrübələri istiqamətində beynəlxalq əməkdaşlıqın mühüm olduğunu vurğulayıb. 

Qazaxıstanın kənd təsərrüfatı nazirinin müavini Ermek Kenzhehanuly ölkəsində müasir texnologiyalar əsasında dayanıqlı kənd təsərrüfatının qurulmasına xüsusi önəm verildiyini diqqətə çatdırıb. Bildirilib ki, kənd təsərrüfatının müasir və rəqəmsal kənd təsərrüfatına çevrilməsi prosesində olan Qazaxıstan kənd yerlərini inkişaf etdirmək və onları dəyər zəncirinə inteqrasiya etmək üçün rəqəmsal texnologiyalardan yararlanır.

Panel müzakirələr sual-cavab formatında davam etdirilib.

Yaqut Ağaşahqızı, "İki sahil"

Seçilən
13
3
ikisahil.az

3Mənbələr