AZ

“Bayden Ukraynaya o icazəni veribsə, bu, nə qədər məqsədəuyğundur?”- Sabiq baş diplomat...

“Tərəflərin hər birindən o qədər ziddiyyətli məlumatlar gəlir ki, heç birinə inanmaq olmur. Bir tərəf o biri tərəfi artıq dəfələrlə “tam məğlub edib”...”
 
“Hesab edirəm ki, əgər doğrudan da Bayden tərəfindən rəsmən belə bir göstəriş verilibsə, bu, o qədər də məntiqə uyğun gəlmir. Çünki elə məhz Bayden dönəmində Ukrayna cəhhəsində hərbi əməliyyatların dayandırılması barədə fikirlər səslənirdi. Və de-fakto Bayden və onun administrasiya üzvləri Ukraynaya müharibənin daha da geniş və şiddətli miqyas alması imkanını yaratmırdılar. Və indi artıq hakimiyyətdən gethagetdə Rusiyanın dərinliklərini vurmaq göstərişi vermək nə qədər məqsədəuyğundur, bilmirəm. Bunu edən başa düşməlidir ki, cavabı olacaq”. 
 
Bu fikirləri Moderator.az-a açıqlamasında “Birləşmiş Ştatların hazırkı prezidenti Cozef Baydenin Ukraynaya Amerika raketləri ilə Rusiyanın dərinliklərini vurmaq icazəsi verməsi haqda tam rəsmi və dəqiq olmayan informasiyalar yayılmaqdadır. Sizin bu haqda əlavə məlumatınız yoxdur ki? Və ümumiyyətlə,  məsələyə münasibətiniz necədir?” sualını cavablandırarkən Azərbaycanın sabiq baş diplomatı Tofiq Zülfüqarov dilə gətirib. 
 
“Açığı, mən də bu haqda heç bir dəqiq məlumat əldə edə bilməmişəm. Çünki tərəflərin hər birindən o qədər ziddiyyətli məlumatlar gəlir ki, heç birinə inanmaq olmur. Bir tərəf o biri tərəfi artıq dəfələrlə “tam məğlub edib”... 
 
Bilmirəm, bəlkə də son günlər Rusiya Ukrayna şəhərlərinə daha ciddi zərbələr endirir, ona görə Ağ Ev tərəfindən həmin hücumları səngitmək üçün öz uzaqmənzilli raketlərindən istifadəyə qismən və müvəqqəti icazə verib. Bunu da istisna etmirəm... Həm də qarşıda hansısa atəşkəs sazişi ehtimalı göründüyndən hər bir tərəfin daha çox üstünlük əldə etmək istəyi də ola bilər.  Bütün hallarda inanmıram ki, 2025-ci il yanvarın 20-dək Rusiya-Ukrayna cəbhəsində vəziyyətin nizamlanmasında hansısa irəliləyiş əldə olunsun. Çünki Tramp yalnız bütün səlahiyyətlərə malik olandan sonra bu sahədə də hansısa irəliləyişi təmin etməyə çalışacaq”, -deyə keçmiş xarici işlər naziri vurğulayıb.
 
Sultan Laçın
 
Seçilən
17
moderator.az

1Mənbələr