“Sumqayıt” Futbol Klubu valyuta tənzimi qaydalarını pozma ittihamı ilə məhkəmə qarşısına çıxarılıb.
İdman.biz xəbər verir ki, Mərkəzi Bank tərəfindən klub barəsində İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə) maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
İddiaya əsasən, futbol klubu xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.
Daha sonra protokol baxılması üçün Sumqayıt Şəhər Məhkəməsinə göndərilib. Hazırda protokol məhkəmədə araşdırılır (İqtisadiyyat.az).
Qeyd edək ki, valyuta tənzimi qaydalarını pozmaya görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin 10 faizindən 20 faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
“Sumqayıt” futbol klubunun prezidenti Riad Rəfiyev bu yaxınlarda jurnalistlər Anar Şabanoğlu və İxtiyar Əsgərovu məhkəməyə verib. Klub rəsmisi media nümayəndələrinin onu təhqir etdiyini iddia edib. Rəfiyev şikayətində jurnalistlərin yazılarında onun şərəf və ləyaqətinə xələl gətirən ifadələr yer aldığını bildirib.
İdman.biz