Onkoloji xəstələrə maliyyə ayrılması hamımızı narahat edən məsələdir.
Korrespondent.az bildirir ki, bunu maliyyə naziri Samir Şərifov Təbii ehtiyatlar, energetika və ekologiya, Əmək və sosial siyasət, Səhiyyə, Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitələrinin bu gün keçirilən birgə iclasında deyib.
“Səhiyyə komitəsinin sədri Əhliman müəllimin fikirləri tibb sahəsindəki problemlərə fokuslanmışdı. Problemlərin olmasını heç kəs inkar etmir. Bu sahədə təkmilləşdirmələr aparılmalıdır. Bunun üçün dövlət proqramı qəbul edilir. 60 milyon manat ayrılıb. Büdcə ili ərzində də ehtiyat fondundan yardımlar edilir. Səhiyyə Nazirliyi ilə birlikdə bu istiqamətdə daha çox vəsait ayırmaq barədə düşünməliyik. Yaxın vaxtlarda müəyyən təkliflər hazırlanıb hökumətə təklif edəcəyik”,- o bildirib.
Xatırladaq ki, komitələrin birgə iclasında 2025-ci il üçün dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı parlamentin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov onkoloji xəstələrin icbari tibbi sığortaya cəlb olunmamasının qəbuledilməz olduğunu bildirmişdi.
O vurğulamışdı ki, insanlar arasında ürək-damar patologiyasından sonra ən çox ölüm onkoloji xəstəliklərdən qeydə alınır: "Onkoloji xidmətə ayrılan vəsait 50 milyon civarında qalıb. Hər gün bu xəstələrlə qarşılaşan bir insan kimi deyim ki, bu xəstələrin böyük qrupunu adekvat müalicə etməkdən məhrumuq. Onkoloji xəstələrin müalicəsinə çox vəsait tələb olunur. Razıyam. Amma ilk olaraq, bu xəstələrin müalicəsində istifadə olunan dərmanları icbari tibbi sığorta öz öhdəsinə götürməlidir, bu, ilk addım olmalıdır. İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi 5 ildir yaranıb, amma onkoloji xəstələrin icbari tibbi sığortaya cəlbi üçün addımlar atılmayıb, bu məsələ çox uzanır".