"AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim".
İdman.biz xəbər verir ki, bunu “Report”a açıqlamasında “Qarabağ”ın 15 yaşadək oğlanlardan ibarət komandasının baş məşqçisi Rauf Əliyev “Turan Tovuz”la matçda baş verənlər səbəbindən 5 oyunluq cəzalandırılması barədə danışarkən deyib.
Mütəxəssis AFFA-nın aşağı liqalardakı hakimləri nəzarətə götürməsinin vacibliyini vurğulayıb:
“Uşaq liqalarında hakimlik bərbad vəziyyətdədir. Federasiya tərəfindən nəzarət yoxdur. Bəlkə də hakimlərin əksəriyyəti karyerasına bu oyunlarda başlayır, təcrübələri yoxdur. Tovuzda hakimin danışığına görə çox əsəbiləşmişdim. Futbolçularımızın üzərinə qışqırırdı, onlara sərt reaksiya verirdi. Başa salmaq istəyirdim ki, futbolçularımın üzərinə qışqıra bilməzsən. Bundan sonra ara qarışdı, söz davası oldu. AFFA-nın aşağı liqa hakimlərini ciddi nəzarətə götürməsini istərdim. Hakim-inspektor olmadığı üçün oyunlarda çox problemlər yaşanır”.
O, komanda yoldaşını təhqir etdiyi üçün cəzlandırılan futbolçusunun hərəkəti haqqında da fikirlərini söyləyib:
“Futbolçumuz heç kimi təhqir etməmişdi. Sadəcə, komanda yoldaşını bir qədər yüksək səslə çağırdığı üçün hakim onun sözlərini təhqir kimi qəbul edib. Məni qırmızı vərəqə ilə uzaqlaşdırandan sonra komandamıza qarşı tam fərqli münasibət göstərdi. Hətta uşaqlar gəlib bildirdilər ki, hakim onlara “görün məşqçinizə görə sizi nə günə qoyacam” deyib. Ardınca qapıçımıza qırmızı vərəqə verməsi təsadüf deyildi. Birinci dəfədir bu cür halla rastlaşırdım. Belə danışan hakim, ümumiyyətlə, futboldan uzaqlaşdırılmalıdır. Məşqçiləri, futbolçuları cəzalandırırlar. Bəs hakimə cəzanı kim verəcək? Bu, futbolumuzun nə qədər bərbad vəziyyətdə olmasının göstəricisidir. Əslində, hakimə ağır söz deməmişəm. O isə istədiyini edirdi”.
35 yaşlı keçmiş hücumçu qərardan apellyasiya şikayəti verib-verməyəcəkləri barədə sualı qısa cavablandırıb:
“Yəqin ki, buna klub qərar verəcək”.
Qeyd edək ki, R.Əliyev “Turan Tovuz”la matçda hakimləri təhqir etməsi əsası ilə 5 oyunluq cəzalandırılıb. Bununla yanaşı müstəsna hal olaraq 500 manat cərimələnib.
İdman.biz