AZ

Gözəl dərinin sirləri: Üzə qulluq haqqında 8 populyar mif

Düzgün dəri qulluğu nəzərə alınmalı olan bir çox incəlikləri əhatə edir. Bu məsələdə bir çox məşhur, lakin yanlış inanclar var.

Bakıvaxtı.az-ın gazeta.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı kosmetoloq və trixoloq Anastasiya Kostenko xəbərdarlıq edib.

O, dəri qulluğu haqqında əsas mifləri təkzib edib.

Birinci mif - yağlı və problemli dəri nəmləndirilməyə ehtiyac duymur

"Dəri baryerini qorumaq üçün hər növ dəri nəmləndirilməyə ehtiyac duyur. Təmizləyici vasitələr çox vaxt su-lipid təbəqəsini (piy ifrazatı, yağlar, təbii nəmləndirici faktorlar) yuyur və bunun nəticəsində dəri kifayət qədər nəmlənmir. Bu fonda daha çox dəri yağı istehsal olunur ki, bu da yağlı parıltını artırır və səpkilərin yaranmasına səbəb olur. Bu tip dəri üçün yüngül qeyri-komedogen matlaşdırıcı vasitələr seçin", - deyə həkim şərh edib.

İkinci mif - SPF tərkibli vasitələr yalnız günəşli günlərdə istifadə edilməlidir

"UVA şüaları (ultrabənövşəyi şüalanmanın uzun dalğaları) buludlardan keçir və dərinizə hiss olunmadan təsir edir. Onlar dərin dermaya nüfuz edir, kollagen və elastin liflərini zədələyir, nəticədə dəri elastikliyini itirir, qırışlar əmələ gəlir. UVA şüaları, həmçinin piqment ləkələrinin yaranmasına səbəb olur. Buna görə də SPF tərkibli vasitələr təkcə günəşli günlərdə istifadə edilməməlidir", - deyə kosmetoloq bildirib.

Üçüncü mif - bütün günü ofisdə olan insana SPF tərkibli vasitələr istifadə etməyə ehtiyac yoxdur

"İş yeriniz pəncərənin yanındadırsa, günəş şüalarının təsirinə məruz qalırsınız. Həmçinin son tədqiqatlar göstərib ki, kompüter, smartfon və televizor ekranından yayılan mavi işıq piqment ləkələrinin yaranmasına səbəb olur. Buna görə də ultrabənövşəyi və mavi işığın zərərli təsirindən qorunmaq istəyirsinizsə, SPF tərkibli krem istifadə etməlisiniz", - deyə mütəxəssis qeyd etdi.

Dördüncü mif - təbii kosmetik vasitələr daha təhlükəsizdir

"Təbii vasitələr tərkibində çoxlu bitki ekstraktları, efir yağları olur ki, bunlar da tez-tez allergik dermatitə səbəb ola bilər. Həm təbii, həm də sintetik inqrediyentlər düzgün istifadə edildikdə təhlükəsiz və effektiv ola bilər", - deyə Kostenko vurğuladı.

Beşinci mif - vaxtaşırı adi qulluq rejimini dəyişmək lazımdır

"Dərinin qulluq vasitələrinə "öyrəşmə" mexanizmi yoxdur. Əgər kosmetik vasitələriniz sizə rahatdırsa və bütün ehtiyaclarınızı ödəyirsə, onları dəyişdirməyə ehtiyac yoxdur", - deyə həkim bildirib.

Altıncı mif - çoxmərhələli qulluq daha effektivdir

"Çox vasitə istifadə etmək vacib deyil. Keyfiyyət kəmiyyətdən yaxşıdır. Dərinizə uyğun vasitələr seçmək vacibdir, bu bütün problemləri effektiv həll edəcək cəmi 2-3 məhsul ola bilər", - deyə kosmetoloq hesab edir.

Yeddinci mif - dərini daha yaxşı təmizləmək üçün skrab istifadə etmək lazımdır

"Skrablar çox vaxt iri və sərt cod hissəciklərdən ibarət olur. Skrab zamanı dəridə mikrocızıqlar əmələ gəlir və dəri baryeri zədələnir. Bu, dəri iltihabına səbəb ola bilər. Turşulu təmizləyici vasitələrdən istifadə etmək daha yaxşıdır", - deyə mütəxəssis bildirib.

Səkkizinci mif - yaşlanma əleyhinə vasitələr sizi qırışlardan xilas edə bilər

"Təəssüf ki, yaşlanma əleyhinə krem mövcud qırışları aradan qaldıra və sizi 5-10 yaş cavanlaşdıra bilməz. Bu vasitələr yaşlanmanı ləngitməyə yönəlib, aktiv əlamətlərlə mübarizəyə yox", - deyə Kostenko qeyd edib.

Seçilən
10
4
bakivaxti.az

10Mənbələr