İqlim dəyişikliklərinin təsirlərinin azaldılması üçün illik investisiyalar 18 dəfə artırılaraq, 260 milyard ABŞ dollarına çatdırılmalıdır ki, 2030-cu ilə qədər aqrar-ərzaq sektorunun emissiyaları yarıya endirilsin.
FED.az xəbər verir ki, bunu Dünya Bankının Kənd Təsərrüfatı və Ərzaq Departamentində iqlimə yönəlmiş kənd təsərrüfatı üzrə qlobal lider Uilyam Satton COP29 çərçivəsində keçirilən "Aqrar-ərzaq sisteminin transformasiyasının maliyyələşdirilməsi" mövzusunda panel müzakirədə bildirib.
"O qədər iqtisadi cəhətdən səmərəli tədbirlər var ki, 2050-ci ilə qədər aqrar-ərzaq sistemində istixana qazı emissiyalarını ildə 16 giqatondan çox azaldaraq, sıfır emissiyaya nail ola bilərik", - deyə o qeyd edib.
Onun sözlərinə görə, aqrar-ərzaq sektorunda iqlim dəyişikliklərinin təsirlərinin azaldılmasına yönəlmiş maliyyələşdirmə çox aşağı səviyyədədir və əhəmiyyətli dərəcədə artırılmalıdır.
"Ümumi iqlim maliyyələşdirilməsinin cəmi 4 faizi və təsirlərin azaldılmasına yönəlmiş maliyyələşdirmənin 2 faizi aqrar-ərzaq sektoruna ayrılır. Bunun nəticəsi olaraq, aqrar-ərzaq sektorunda təsirlərin azaldılmasına dair NDC-lər (Milli Səviyyədə Müəyyən Edilmiş Töhfələr) üzrə öhdəliklərin əksəriyyəti yerinə yetirilmir.
Təsirlərin azaldılması üçün maliyyələşdirmə imkanları əhəmiyyətli dərəcədə artırıla bilər və bu rəqəm ümumi həcmin 90 faizinə qədər çata bilər. Aqrar-ərzaq sektorunun emissiyalarını 2030-cu ilə qədər yarıya endirmək üçün illik investisiyalar 18 dəfə artırılaraq 260 milyard dollara çatdırılmalıdır", - deyə U.Satton əlavə edib.
Qeyd edək ki, noyabrın 11-də BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) açılışı olub.
COP29 çərçivəsində ən yüksək səviyyəli tədbir – Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammiti noyabrın 12-13-də təşkil olunub.
Noyabrın 22-dək Bakı Stadionunda keçiriləcək COP29 Azərbaycanın bu günədək təşkil etdiyi ən nəhəng tədbirdir və regionda ilk dəfə Azərbaycanda baş tutur.
COP29-dan əsas gözlənti iqlim maliyyəsi ilə bağlı ədalətli və ambisiyalı Yeni Kollektiv Kəmiyyət Hədəfinin (NCQG) razılaşdırılmasından ibarətdir.
COP29 Sədrliyi tərəfindən iqlim fəaliyyəti ilə dayanıqlı inkişaf məqsədləri arasında əlaqəni ehtiva edən, yaşıl enerji dəhlizləri, yaşıl enerji saxlancları, iqlim dayanıqlılığı üçün harmoniya, təmiz hidrogen, orqanik tullantılarda metanın azaldılması, yaşıl rəqəmsal fəaliyyət və digər mövzuları əhatə edən 14 təşəbbüs irəli sürülüb.
İqlim maliyyəsinin yaradılması fəaliyyət üçün şərait yaradan əsas prioritet olmaqla yanaşı, hamını bir araya gətirməklə 1,5°C öhdəliyinin yerinə yetirilməsinə töhfə verəcək. (Trend)