Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və Kanadanın Kalqari şəhərində fəaliyyət göstərən Alberta Azərbaycan Mədəniyyəti Cəmiyyətinin üzvü Pərvin Abdullayevanın təşkilatçılığı ilə Azərbaycan filmi "Banu" Kalqari Avropa Film Festivalında nümayiş olunub.
Day.Az xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat yayıb.
Bildirilib ki, festivalda "Banu" filminin nümayişi Zəfər və Dövlət Bayrağı günlərinə təsadüf edib.
Rejissoru Təhminə Rafaellanın olduğu, Əməkdar artist Mələk Abbaszadə, Zaur Şəfiyev, Kəbirə Həşimli, Cəfər Həsən və digərlərinin rol aldığı bu ekran əsərində hadisələr 44 günlük Vətən müharibəsi fonunda baş verir.
Pərvin Abdullayeva filmin nümayişində çıxış edərək festivalın təşkilatçılarına, Kalqari Konsulluq Korpusuna və göstərilən dəstəyə görə Diasporla İş üzrə Dövlət Komitəsinə dərin təşəkkürünü bildirib.
Qeyd edək ki, artıq 13 ildir keçirilən bu festivalda müxtəlif ölkələrə məxsus tarixi və mədəni filmlər göstərilir.