Azərbaycan Güləş Federasiyası (AGF) daha bir güləş zalını istifadəyə verib.
Redaktor.az xəbər verir ki, AGF-dən verilən məlumata görə, bu gün Masallı Uşaq-Gənclər İdman və Şahmat Məktəbinin güləş zalının açılış mərasimi keçirilib.
Tədbirdə federasiyanın baş katibi Nəsimi Musayev, onun müavini Orxan Məmmədov, sərbəst güləş üzrə yığmanın böyük məşqçisi Cəbrayıl Həsənov, qadın güləşi üzrə millinin böyük məşqçisi Toğrul Əsgərov, sərbəst güləş üzrə U-20 yığmasının məşqçisi Əşrəf Əliyev, Lənkəran-Astara Regional Təhsil İdarəsinin Masallı sektorunun müdiri Elman Rzayev, Lənkəran-Astara Regional Gənclər və İdman İdarəsinin əməkdaşı Yusif Xamıyev, Masallı rayon icra hakiminin köməkçisi Zamin Kazımov, həmçinin regionda fəaliyyət göstərən güləş mütəxəssisləri iştirak ediblər. Çıxış edənlər güləş zalının Masallıda bu idman növünün inkişafına böyük təkan verəcəyinə inandıqlarını bildiriblər və güləşçilərə uğurlar arzulayıblar.
Qeyd edək ki, məşqçilər Maqsud Ağayev və Cavad Həsənovun rəhbərliyi altında 3 yaş qrupu üzrə güləş bölməsi fəaliyyət göstərir. Bu güləş məktəbinin idman avadanlıqlarıyla təchiz edilmiş fitnes zalı fiziki hazırlıq üzrə məşqlər üçün istifadə ediləcək. İdman mərkəzi AGF tərəfindən zəruri inventarla təmin edilib.