AZ

Kiyev Qərb raketləri ilə Rusiyanın ərazisinə ilk zərbəni endirdi

Noyabrın 19-na keçən gecə Ukrayna Silahlı Qüvvələrinin (USQ) Rusiyanın Bryansk vilayətindəki hərbi obyektə hücum etdiyi bildirilir. İddiaya görə, bu hücumda ABŞ istehsalı olan ATACMS raketlərindən istifadə edilib. Ukrayna Prezidenti Volodimir Zelenski, Danimarkanın Baş naziri Mette Frederiksenlə birgə mətbuat konfransı zamanı jurnalistlərin suallarını cavablandırarkən ATACMS-in tətbiqini təsdiqləməkdən çəkinib. Lakin o, Ukraynanın “uzaq mənzilli imkanlara” malik olduğunu vurğulayıb və buna öz istehsalı olan pilotsuz uçuş aparatları və “Neptun” raketlərini misal gətirib.

Bundan əvvəl "RBC-Ukrayna" nəşri, müdafiə mənbəsinə istinadən, USQ-nin Rusiyadakı hədəflərə zərbə endirmək üçün ABŞ-ın uzaqmənzilli raketlərindən istifadə etdiyini yazıb. "Censor.net" nəşrinin baş redaktoru Yuriy Butusov da bu barədə məlumat yayıb. Lakin USQ-nin Baş Qərargahı bu məlumatları təsdiqləməyib və ATACMS-in Rusiyanın ərazisində istifadəsinə dair məlumatların olmadığını bəyan edib.

Rusiyanın Müdafiə Nazirliyi bildirib ki, noyabrın 19-na keçən gecə USQ Bryansk vilayətindəki obyektə altı ATACMS raketi ilə zərbə endirib. Nazirliyin məlumatına görə, beş raket vurulub, biri isə zərər görüb. Onun qalıqları hərbi obyektin texniki sahəsinə düşərək yanğına səbəb olub. Yanğın tez bir zamanda söndürülüb, tələfat və ciddi dağıntılar qeydə alınmayıb.

Noyabrın 17-də The New York Times ABŞ Prezidenti Co Baydenin Ukraynaya ATACMS raketləri ilə Rusiyanın ərazisinə hücum etməyə icazə verdiyini yazıb. Noyabrın 18-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller bu məlumatı nə təsdiq, nə də təkzib edib.

Kreml bildirib ki, əgər ABŞ doğrudan da belə bir qərar qəbul edibsə, bu, münaqişənin “yeni gərginlik mərhələsinə” keçməsi deməkdir. Rusiyanın xarici işlər naziri Sergey Lavrov Bryansk vilayətinə ATACMS raketləri ilə endirilən zərbələri Qərbin eskalasiya niyyətinin siqnalı kimi qiymətləndirib. Lakin o, ABŞ hökumətindən rəsmi açıqlama olmadığı üçün media xəbərlərini təsdiqləyə bilməyəcəyini qeyd edib.

Seçilən
16
22
turan.az

10Mənbələr