AZ

Türk dünyasının ortaq himnini kim yazacaq? - Azərbaycan bəstəkarları danışdı

Türk Dövlətləri Təşkilatına (TDT) üzv ölkələrin ortaq himni hazırlanır. Bu barədə Türk Dövlətləri Mədəniyyət Universitetləri Birliyinin sədri Erhan Özden məlumat verib.

O qeyd edib ki, üzv ölkələrin ortaq himni layihəsi üzərində işlər artıq başlayıb. Özden ortaq himndə türk millətinin keçmişin söz və melodiya ilə izah ediləcəyini bildirib. 

"Türk Dövlətlərinə mənsub soydaşlarımızın anlayacağı dildə yazılmış, ruhlandıracaq bir himndir. Yəni milli-mənəvi hisslərimizi gücləndirəcək himndir", - sədr "Anadolu" agentliyinə açıqlamasında deyib. Erhan Özden himninin tezliklə hazır olacağını bəyan edib.

Xatırladaq ki, bundan əvvəl TDT ölkələrinin ortaq əlifbası hazırlanıb. Həmçinin, təşkilatın yeni bayrağı təsdiqlənib. 

Mövzu ilə bağlı Türkiyənin ölkəmizdəki keçmiş hərbi attaşesi, general Yücel Karauz Musavat.com-a danışıb. O, qeyd edib ki,  TDT ölkələrinin ortaq himninin hazırlanması əhəmiyyətli təşəbbüsdür: “2020-ci il Türk Dövlətləri Təşkilatı üçün dönüş nöqtəsi olan bir il kimi yadda qaldı. Azərbaycanın Vətən müharibəsindəki zəfəri, Şuşa Bəyannaməsi, ardınca 2021-ci ildə keçirilən İstanbul Zirvəsi və Türk Dünyası üçün böyük əhəmiyyət kəsb edən Türk Dövlətləri Təşkilatının yaradılması mühüm hadisələr sırasındadır. Bu hadisələr yalnız 15 il əvvəl imzalanmış Naxçıvan Sazişindəki perspektivləri deyil, eyni zamanda 1926-cı ildə Bakıda keçirilən Birinci Türkoloji Qurultaydan başlayan və davam edən prosesləri də zirvəyə çatdırdı. Bu kontekstdə qeyd etmək lazımdır ki, ortaq türk əlifbası ilə bağlı mühüm qərarlar qəbul olunub və bu istiqamətdə işlər davam etdirilir. Bu, olduqca əhəmiyyətli bir məsələdir, çünki dil bir cəmiyyəti, insanları bir-birinə bağlayan əsas vasitədir. Beləliklə, 1926-cı ildə keçirilmiş Birinci Türkoloji Qurultayda əsası qoyulan bu təşəbbüslərin 2024-cü ilin sentyabrında Bakıda keçirilən Üçüncü Qurultayla davam etdirilməsi xüsusi əhəmiyyət daşıyır.

Növbəti mərhələ olaraq, Türk Dövlətləri Təşkilatının üzv ölkələr üçün ortaq bir lüğətin hazırlanması məsələsi gündəmdədir. Digər mühüm təşəbbüs isə ortaq bir himnin yazılması və onun musiqi ilə zənginləşdirilməsi məsələsidir. Şübhəsiz ki, ortaq tariximiz mövcuddur və soydaşlarımızın anlayacağı dildə, bizə ilham verən qəhrəmanlığımızı, tariximizi, birliyimizi, həmrəyliyimizi, ənənə və adət-ənənələrimizi əks etdirən ortaq bir himnin üzərində işlər davam etdirilir.

Hesab edirəm ki, bu himnin hazırlanması Qırğızıstanda Türk Dövlətləri Təşkilatının rəmzi olaraq qəbul edilən bayrağın ardından ən mühüm simvollardan biri olacaq.

Fikrimcə, bu himndə bütün üzv ölkələr özlərinin ortaq tarixi və mədəni irsinə dair bir iz tapmalıdır. Orada tarixi, mədəniyyətimizi və qəhrəmanlıqlarla dolu keçmişimizi elə ifadə etməliyik ki, gələcəyimizə işıq tutsun. Növbəti mərhələdə bu rəmzlərin – yəni bayraq və himnin – bir dövlətin və güclü bir təşkilatın ortaq dəyərləri əks etdirən ayrılmaz hissəsi olması çox vacibdir.

Hesab edirəm ki, bu himn dövlət idarələrində nümayiş etdiriləcək və beynəlxalq toplantılarda səsləndiriləcək. Bu himnin uğurlu bir rəmz olacağına inanıram”.

Xalq artisti, bəstəkar Faiq Sücəddinov mövzu ilə bağlı bunları deyib :  “Əlbəttə ki, himn necə tələb olunursa, o cür olmalıdır. Burada himnin sözləri çox önəmlidir. Dünya himnləri arasında Azərbaycanın Dövlət Himni çox zəngindir. Çünki onun musiqisini Üzeyir bəy Hacıbəyov, sözlərini Əhməd Cavad yazıb. Hər dəfə mən xarici ölkələrdə səfərdə olan zaman bizim himnimiz səslənəndə mənə deyirlər ki, Azərbaycanın çox gözəl himni var. O ki qaldı Türk Dövlətləri Təşkilatının ortaq himninə, hesab edirəm ki, onu yazan şəxs hər bir detala çox ciddi yanaşmalı, bu himn çox gözəl və çox zəngin olmalıdır”.

Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev isə bildirib ki, SSRİ-də də çox dövlətlər vardı, amma himnini bir bəstəkar yazmışdı: “Hesab edirəm ki, bu himni bir şairə və bir bəstəkara təklif etmək lazımdır. O ki qaldı bu himni necə təsəvvür etməyimə, təsəvvürü izah etmək mümkün deyil, xüsusilə musiqini. Hər kəsin xəyalında fərqlidir”.

Əməkdar artist Elza Seyidcahan da qeyd edib ki, Türk Dövlətləri Təşkilatının ortaq himninin yaradılmasını böyük sevinclə qarşılayıb: “Mən bu xəbərə çox sevindim. Həmin himni yazan bəstəkara və söz müəllifinə uğurlar arzulayıram. 

Xatırlayırsınızsa, Almaz İldırımın  sözlərinə Araz Elsəs məşhur “Əsir Azərbaycan” mahnısını ifa edib və bu musiqi bütün türk dünyasında çox sevilən, az qala himnə çevrilən bir əsərə çevrilib. Hesab edirəm ki, TDT-nin ortaq himni də bu cür bütün türk dünyası tərəfindən seviləcək. Fikrimcə, bu himn əgər simfonik orkestr üçün yazılıb, ifa olunarsa, möhtəşəm alınar”.

Seçilən
14
3
hit.az

10Mənbələr